Maraqlı

Səkinə xanımdan hər kəsə örnək olacaq bir davranış

18 Noyabr 2018 20:15
1 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xanımın atası İmam Hüseyn (ə), anası Rübab adlı nəcib xanımdır. Bəzi mənbələrdə xanımın adı Aminə kimi də qeyd olunur. Xanım Səkinə Kərbəla facıəsinin canlı şahidlərindən olmuş, Kərbəla əsirləri ilə Şama gətirilərək ağrılı acılı əsirlik taleyi də yaşamışdır.

Mərhum Nəmazinin hədis və rical sahəsində apardığı tədqiqatda Xanım Səkinə (s.ə.) ilə bağlı aşağıdakı təqdimatı gətirmişdir:

"Səkinə (s.ə.) xanım - bəni-Haşimin əqiləsi idi və gözəl sirəyə (həyat yoluna) malik idi. O, fəzl və elm sahibi, zəngin hikmət və kəramət sahibi, kamil ağla, yüksək əxlaq keyfiyyətlərinə, ali və fəxr olunmalı məziyyətlərə malik idi. O, öz əsrinin sərvəri, ən gözəli, ən zərifi və ən əxlaqlısı idi. Səkinə (s.ə.) xanımın Kərbəla vaqiəsində təxminən 15 yaşı varı. Kərbəlada şəhadətə yetişən əmisi oğlu Abdullah bin Həsənlə (ə) ailə qurmuşdu."

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Xanım Səkinə (s.ə.) quranşünas, fiqh üzrə mütəxəssis, hədis ravisi kimi öz elmi töfhəsini verməklə yanaşı, şeriyyat və ədiblikdə də yüksək bacarığa malik idi.

Həmçinin mənbələrdə qeyd olunur ki, İmam Hüseyn (ə) sonuncu dəfə döyüş meydanına girəndə bütün Əhli-Beyti ilə bir-bir vidalaşır. Səkinə xanım da bu vidalaşanlar içində olur. İmam (ə) onu bağrına basıb səbirli olmağı tövsiyyə edir. Hətta tarixçilər İmamın (ə) Xanımı Kərbəlada İmam Həsən (ə)ın oğlanlarından biri ilə evləndirdiyini də yazırlar.

Xanım Səkinə Aşura faciəsindən sonra əsirlərlə birgə Şama gətirilir. Peyğəmbər (s) səhabələrindən olan Səhl ibn Səəd Saidi nəql edir ki:

Mən Şamda idim. Əsirlər karvanı və nizələrə taxılmış başlar Şama daxil oldu. Mən nizəyə taxılmış bir tanış sima gördüm. O sima Allah Rəsuluna (s) çox bənzəyirdi. O başa yaxın olan və dəvəyə səvar olmuş bir qız gördüm. O əsir qıza yaxınlaşıb kim olduğlarını soruşdum. Cavab verdi: " Mən Hüseynin qızı Səkinəyəm"

Dedim: Mənim əlimdən nə gəlir? Mən sənin babanı (s) görmüşəm və sözlərini eşitmişəm.

Dedi: "Ey Səhl kəsik başları daşayan əskərlərə de bizdən aralı getsinlər ki, bu başlara tamaşa edən insanların nəzəri Peyğəmbər (s) ailəsinin xanımlara düşməsin".

Səhl bin Səəd 40 dinar əskərə verib nizədə olan başları xanımlardan uzaqlaşdırır. (Xarəzmi. Məqtəlil-Huseyn. Səh-60-61).

Tarixçilər Xanımın əsirlərlə bərabər Mədinəyə qayıtmasını yazırlar. Lakin bununla belə xanımın vəfat yeri və tarixi barəsində ixtilaf vardır. Ən üstün fikir Xanımın hicri 117-cil rəbiul-əvvəl ayının 5-i vəfat etməsi və Bəqi qəbristanlığında dəfn olunmasıdır. Bəzi mənbələrdə isə Xanımın ailə quraraq Misirə getməsi, məzarının isə Dəməşqdə olması qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.