Maraqlı

İmam Əlinin (ə) kəlamında zikr əhlinin məqamı

15 Noyabr 2018 22:55
0 Şərh     Baxış: 1 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Nur" surəsinin 37-ci ayəsində byurur:

رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ

"O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar."

Əmirəlmöminin Əli (ə) bu ayəni oxuyarkən buyurdu: "Eyib və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz zikrini və Onu yada etməyi qəlblərin cilası və nuru qərar verib ki, onun vasitəsi ilə karlıqdan sonra eşidər, qaranlıqdan (nadanlıqdan) sonra görər, düşmənçilik və ədavətdən sonra itaətkar və ram olarlar. Nemət və bəxşişləri əziz olan Allahın həmişə bəzi zaman mərhələlərində və şəriətlərin nişanələrinin itdiyi zamanlarda, düşüncələrində onlarla gizli danışdığı və ağıllarının dərinliklərində söhbət etdiyi bəndələri vardır. Onlar çırağı (hidayət və nicat çırağını) göz, qulaq və qəlblərindəki oyaqlıq və sayıqlıq nuru ilə işıqlandırıblar. (Xalqa) Allahın günlərini (müsibət və itaətsizlik nəticəsində məhv olmuş keçmişlərin əhvalatlarını) xatırladırlar (bəyan edirlər ki, ibrət götürsünlər) və (onları) Onun əzəmət və böyüklüyü ilə qorxudurlar. Onlar çöldəki bələdçi kimidirlər ki, orta yol ilə gedən (ədalət və sədaqətlə davranan) kəsin yolunu mədh edirlər və (onu azğınlıqdan) nicat tapdığı üçün müjdələyirlər. Sağ və sol tərəfə gedən (ifrata və təfrit edən) kəs üçün isə yolunu pisləyərək onu məhv olmaqdan çəkindirirlər. Onlar bu sifətlərlə həmin qaranlıqların (nadanlıq zülmətlərinin) çıraqları və şübhələrin (azğınlıq şübhələrinin) bələdçiləridirlər. Həqiqətən, Allahı zikr etməyin öz adamları var ki, onlar onu dünyanın əvəzində götürüblər. Ticarət və alış-veriş onları Ondan yayındırmır. Onlar ömür günlərini Allahı zikr etməklə keçirirlər. Allahın haram və qadağan etdiklərindən çəkindirən sözlərlə xəbərsizlərin qulaqlarında fəryad qoparırlar. Başqalarını ədalət və düzlüyə buyurur və özləri onu yerinə yetirirlər. Bəyənilməyənlərdən çəkindirir, özləri də çəkinirlər. (Axirətə elə iman və yəqinləri var) sanki dünyanı sona çatdırıb axirətə daxil olublar, oradadırlar və (bu) dünyadan sonra olanları gözləri ilə görüblər. Elə bil ki, Bərzəx əhlinin orada olduqları müddətdəki gizli hallarından xəbərdardırlar və qiyamət, vədlərini onlara sübut edib. Beləliklə, dünya əhlinin gözləri qarşısından həmin səhnələr üzərindəki pərdələri elə götürüblər ki, sanki onlar (digər) insanların görmədiklərini görür və başqalarının eşitmədiklərini eşidirlər. Əgər onları ağlın ilə bəyənilən məqamları və layiqli məclislərində təsəvvür etsən (onların ibadət və bəndəlik hallarını nəzərində canlandırsan) - ki, əməllərinin hesab dəftərini açıblar və əmr edilib yerinə yetirmədikləri və ya çəkindirilib səhlənkarlıq etdikləri hər bir kiçik və böyük iş üçün nəfslərinin hesabını aparmağa hazırdırlar, öz ağır günahlarını arxalarına yükləyiblər və onu götürməkdə aciz qalıblar, ağlamaqlarını boğazda boğublar, (hesab aparan zaman) ağlayaraq nalə edə-edə özlərindən sorğu-sual edirlər və təqsirlərindən peşman olub onları etiraf edərək özlərinin Rəbbinə ah-nalə edib fəryad qoparırlar - hidayət və nicat nişanələri və gecə çıraqlarını görərsən ki, mələklər onların ətrafına toplaşıblar, onlara rahatlıq və (əzabdan) xatircəmlik nazil olub və göyün (bərəkət) qapıları onların üzünə açılıb. Onlar üçün Allahın xəbərdar olduğu yerdə şərəfli məkanlar hazırlanıb. Beləliklə, Allah onların səylərindən razı və məmnundur və onların (günahlardan peşman olma) üsullarını bəyənib. Allah ilə münacat etməklə (günahlardan) bağışlanma mehini hiss edirlər. Onlar Allahın fəzl və kərəminə möhtaclıq girovu, Onun əzəmət və böyüklüyü müqabilində təvazökarlıq əsirləridirlər. Qəm-qüssənin çoxluğu qəlbləri və ağlamağın çoxluğu gözlərnoi yaralayıb. Onların Allaha meyil və rəğbət yolu olan hər bir qapını döyən əlləri var. İstəklərini o kəsdən diləyirlər ki, genişliklər Onun yanında daralmır və istəyənlər ondan naümid olmurlar. Belə isə sən özün öz hesabını apar. Çünki başqalarının hesabını səndən başqa bir mühasib aparacaq." (Nəhcül-bəlağə, xütbə 213.)

Şübhəsiz, insanın qəlbi maddi işlərlə ülfətdə olduğu və dünya ləzzətlərinə bağlılığı üçün qaralır, necə ki, dəmir pas atır, qəlb də yad işlərlə məşğul olduğu üçün pas atır. İmam Əli (ə) buyurur ki, insan qəlbinə saflıq və parıltılıq verən, onun pasını təmizləyən və ona nuranilik bəxş edən Allah zikridir. İnsan qəlbi bir həqiqət və gövhərdir ki, təbii olaraq müqqədəs  Allahın zatına və mələklər aləminə meyillidir və bu qəlb öz zatı və təbiətinin əksinə olaraq, Allahdan qeyrisinə bağlılığı olsa qaralacaq, qəlb gözü görməyəcək və xalis ilahi həqiqətləri eşitmək qüdrətini itirəcəkdir. Belə olan vəziyyətdə, Allah yadı ilə ikinci dəfə onun eşitmə qabiliyyətini bərpa etmək mümkündür, eləcə də, Allah nurunu görməyə ləyaqəti olan qəlb gözü nur aləmindən alçalandan sonra cahillik və günah qaranlığına və zülmətinə düşüb öz nurunu və görmək işığını itirir. Bu halda müalicə yolu budur ki, Allah yadı ilə bir daha görmək qabiliyyətini ona qaytaraq.

İnsan qəlbinin qulağı və gözü olması həqiqəti Quran ayələrində və digər rəvayətlərdə bəyan olunmuşdur. Bilmək lazımdır ki, qəlb gözü və qulağı adi göz və qulaqdan fərqlidir. Belə göz və qulaq insanın ruhuna aiddir. Çünki insanın qəlb və ruhunda mələklər aləminə aid gövhər vardır. Qəlbin gözü və qulağının təbiətində mələklər aləmindən bir əsər vardır. Bu baxımdan qəlbin kor və kar olmasının təsiri adi korluğun və karlığın təsirindən fərqlidir. Qurani-Kərim qəlbin kor olması ilə gözün korluğunun fərqi barədə buyurur:

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

"Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət, qəlb gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar)." ("Həcc" surəsi, ayə 46.)

Milli.Az maide.az-a istinadən bildirir ki, bəli, adi gözün və qulağın görmə və eşitmə qabiliyyəti bəzən azaldığı, hətta tamamilə itdiyi kimi, insanın qəlb gözü və qulağı da bu çatışmazlıqlara düçar olur. Adi gözün və qulağın narahatçılığı həkim müalicəsi ilə mümkündür, amma ruhi xəstəliyi olanlar pak fitrəti olan şəxslərin asanlıqla qəbul etdikləri həqiqətləri qəbul edə bilmirlər. Belə insanların əlac yolu Allahı yad etməkdədir. Elmi mübahisələr və əqli sübutlarla belə şəxslərin gözünü açıb həqiqətləri onlara göstərmək və qəlb qulaqlarını bəzi həqiqətləri eşitməyə alışdırmaq mümkün deyil. Belə vəziyyətdə olan şəxslərin Allahı yad etmələri və onunla ülfətdə olmaları üçün şərait yaratmağa çalışmaq lazımdır. Əgər belə olarsa, o Allahla rabitədə olmağın nəticəsində yaranan nuraniyyətin işığı ilə həqiqətləri aydın şəkildə dərk edib qəbul edəcəkdir. Bəli:

وَمَن لَّمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِن نُّورٍ

"Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz." ("Nur" surəsi, ayə 40; "Onun zikri", Ayətullah Misbah Yəzdi, səh.64-69.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.