Maraqlı

İmam Həsənin Müaviyyəni bircə kəlmə ilə ifşa etməsi

8 Noyabr 2018 21:55
0 Şərh     Baxış: 731

Əxlaq, insanı həm dünyada və həm də axirətdə başı uca edən sifətlərdəndir. İnsanın kamala çatması və tərəqqi etməsi üçün məkarim əxlaqa ehtiyacı vardır. Məkarim əxlaq bulağından sirab olmuş Məsum İmamlarımızdan biri də İmam Həsən Müctəbadır (ə).

İmamHəsənin (ə) fəzilətli sifətlərindən nümunələr ilə tanış olaq:

1. İbadət. İmam Sadiq (ə) buyurur: "İmam Müctəba (ə) öz zamanının ən abid insanı idi. Çox sayda həcci piyada halda və bəzən də yalın ayaqla yerinə yetirmişdir. Onu həmişə zikr deyən halda görürdülər".

2. Allah qorxusu. İmam Sadiq (ə) buyurur: "Nə zaman (İmam Həsən (ə)) ölümü yada salsa idi, ağlayardı. Nə zaman qəbri yada salsa, ağlayardı. Nə zaman Qiyaməti yada salsa, nalə çəkərdi. Nə zaman (Sirat) körpüsündən keçməyi yada salardı, ağlayardı. Nə zaman əməllərinin Allaha təqdim olmasını yada salardı, nalə çəkər və huşdan gedərdi. Nə zaman namaza dayanardı, bədəni Allah qarşısında titrəyərdi. Nə zaman behişt və cəhənnəmi yada salardı, zəhərli ilanın çaldığı şəxs kimi narahat olar və Allahdan behişti istəyərdi. Cəhənnəm atəşindən Ona pənah aparardı".

3. Quranla munis idi. İmam Həsən (ə) elə bir ailədə dünyaya gəlmişdi ki, Quran vəhy olunan yer idi və atası İmam Əli (ə) - Quran ayələrini bir yerə toplayan ilk şəxs idi. Bütün ailə üzvləri Qurana ən yaxşı şəkildə əməl edirdilər. Qurani-Kərim bütün Məsumlar (ə) kimi, İmam Həsən Müctəbanın (ə) da munisi idi.

4. Mehribanlıq. Nəql olunur ki, İmam Həsən (ə) yemək yeyən zaman bir it gəlir və Həzrətin (ə) qarşısında dayanır. İmam (ə) yediyi hər tikədən birini onun qabağına atırdı. Bir nəfər soruşur: "Ey Allah Rəsulunun oğlu! İcazə verin, bu heyvanı uzaqlaşdırım".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Xeyr, onu boş buraxın. Mən Allahdan həya edirəm ki, Onun canlısı mənim üzümə baxır və mən də yemək yeyən halda olum və ona yemək verməyim".

5. Güzəşt. İmam Həsənin (ə) yəhudi bir qonşusu var idi və bir gün divarından deşik açılır və çirkabın bir hissəsi İmamın (ə) evinə axmağa başlayır. İmamın (ə) evinin divarını napak edir. İmam (ə) bu haqda sükut edir və qonşusuna heç nə demir. Bir gün həmin yəhudinin xanımı İmamın (ə) evinə gəlib bir şey istəyir və bu zaman həmin deşiyi görür və çox xəcalət çəkir. Tez evə gedib, ərinə xəbər verir. Onlar hər ikisi İmamın (ə) yanına gəlib üzr istəyirlər. İmam (ə) da daha çox xəcalət çəkməsinlər deyə, buyurur: "Cəddim Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Qonşunuza mehribanlıq edin!"".

Həmin şəxs evinə qayıdır və uşaqlarını da yığıb İmamın (ə) yanına gəlir və İslam dinini qəbul edir.

6. Təvazökarlıq. İmam (ə) da cəddi kimi təkəbbürdən uzaq halda torpağın üzərində əyləşərdi , yoxsullar ilə birlikdə yemək yeyərdi. Bir gün İmam (ə) yoxsulların yanından keçir ki, süfrə açıb yemək yeyirdilər. Onlar İmamı (ə) süfrəyə dəvət edirlər və İmam (ə) da miniyindən yerə düşür və bu ayəni tilavət etdikdən sonra onların süfrəsinə əyləşib, onlarla yemək yeyir: "Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir". ("Nəhl" 23).

7. Helm və səbir. Bir gün İmam Həsən (ə) Müaviyyənin (lən) məclisinə daxil olur və məclis dolu olduğu üçün özünə əyləşməyə yer tapmır. Nəhayət gəlib Müaviyyənin minbərinin aşağısında əyləşir. Müaviyyə isə İmam Əlini (ə) təhqir edən sözlər deyirdi və Aişə tərəfindən özünün xəlifəliyə qəbul olunmamasına tənə vururdu. Sonra əlini İmama (ə) uzadaraq deyir: "Bu kişinin atası xəlifəlik məsələlərində mənimlə müharibə edərdi. Allah da canını aldı".

Həzrət Həsən (ə) buyurur: "Ey Müaviyyə! Aişənin sözlərinə təəccüb edirsən?".

Müaviyyə deyir: "Bəli, Allaha and olsun!".

İmam (ə) buyurur: "İstəyirsənmi ki, ondan da təəccüblüsünü sənə deyim?".

Müaviyyə deyir: "De".

İmam (ə) buyurur: "Aişənin səni qəbul etməməsindən təəccüblüsü budur ki, mən sənin minbərinin aşağısında və ayaqlarının yanında əyləşmişəm". (Beytutə)

Yəni, İmam Həsən (ə) çatdırır ki, o, Həzrət Peyğəmbərin (s) birbaşa canişini olduğu halda, xilafəti qəsb edən Müaviyyə (lən) həyasızcasına onun yerində oturub və hələ bir nəyəsə təəccüblənməyə cürət də edir. Üstəlik, İlahi canişinə layiq olduğu minimal ehtiramı və diqqəti də təzahür etdirmir. Bir halda ki, Müaviyyə (lən) hamıdan yaxşı bilirdi ki, oturduğu kürsü qeyd-şərtsiz İmam Həsənə (ə) aiddir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.