Maraqlı

Matəm ənənəsi əhli-sünnə mənbələrində

23 Oktyabr 2018 21:10
0 Şərh     Baxış: 2 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tabeindən olan məşhur alim, Məkkənin yeddi böyük fəqihindən biri Səid ibn Müseyyib rəvayət edir ki, Peyğəmbər (s) dünyasını dəyişəndə Məkkəni ah-nalə səsləri bürümüşdü.

(İbn Əsakirin "Tarix Diməşq" kitabının müxtəsəri, 13-cü cild, səh. 129;

Mühəmməd ibn İshaq Fakihi Məkki. Əxbar Məkkə, 3-cü cild, səh. 80, hədis 1832).

Hətta Ümmülmöminin Aişə də Peyğəmbərin (s) vəfatına ağladığını, üzünə və sinəsinə döydüyünü etiraf edirdi. Aişə xatundan rəvayət edilir ki, demişdir: "Mən digər qadınlarla birlikdə sinəmə və başıma vururdum". Bu sözlər Peyğəmbərin (s) həyatı barədə ən mötəbər sayılan mənbələrdən birində - İbn Hişam tərəfindən qələmə alınmış "əl-Siyrət əl-nəbəviyyə" kitabında verilmişdir (4-cü cild, səh. 306).

Milli.Az islam.az-a istinadən bildirir ki, əhli-sünnənin məzhəb başçısı və görkəmli hədis alimi Əhməd ibn Hənbəl də "Müsnəd" əsərində bu rəvayəti qeyd etmişdir (6-cı cild, səh. 274).

Məşhur tarixçi Təbəri də Aişə xatunun bu sözlərini eynilə rəvayət etmişdir (3-cü cild, səh. 199).

Şəmsəddin Zəhəbi "Tarix əl-İslam" kitabının "Siyrət əl-nəbəviyyə" cildində Aişə xatunun sözlərini bu şəkildə nəql edir: "Sonra qadınlarla birlikdə durub ağladım və sinəmə vurdum" (2-ci cild, səh. 652).

***

Digər məşhur səhabələr də yaxın dostlarının və görkəmli şəxslərin vəfatı qarşısında üzülərək ağlamışlar. Kitablarda ikinci xəlifə Ömər ibn Xəttabın, Abdullah ibn Məsudun, Abdullah ibn Rəvahənin öz dostlarının ölümünə ağladıqları qeyd edilib.

Əbu Osman rəvayət edir ki, Ömərin yanına gedib, Nöman ibn Müqrinin ölüm xəbərini ona çatdırdım. Ömər əlini başına qoyub ağladı (İbn Əbi Şeybə. Əl-Müsənnəf, 18-ci cild, səh. 350, hədis 34.608).

Xalid ibn Vəlid vəfat etdikdə Bəni-Müğeyrə qəbiləsinin qadınları onun evinə yığışıb ağlayırdılar. Ömərə bu barədə xəbər çatdırdılar və tələb etdilər ki, qadınların ağlamasına mane olsun. Ömər isə onlara belə cavab verdi: "Özlərinə vurub ucadan ah-fəryad etməyənə kimi gözlərindən bir-iki damcı yaş axıtmalarının eybi yoxdur" (Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 3-cü cild, səh. 364, hədis 5356).

Görkəmli səhabə, bacarıqlı təfsir alimi Abdullah ibn Məsud da öz kədərini göz yaşları ilə ifadə etməkdən çəkinmirdi. O, Ömər ibn Xəttabın məzarının yanında duraraq ağlamışdı (İbn Əbdi-l-birr. Əqd əl-fərid, 3-cü cild, səh. 195).

Ühüd savaşında şəhid olmuş Həmzə ibn Əbdülmüttəlib və başqaları üçün bəzi müsəlmanlar mərsiyə söyləyib ağlamışdılar. İbn Hişam "əl-Siyrət əl-nəbəviyyə" kitabında Ühüd savaşı münasibətilə hər iki tərəfin şairləri tərəfindən yazılmış şeir nümunələrini təqdim edir. Həmin fəsildə Həssan ibn Sabit, Kəb ibn Malik, Abdullah ibn Rəvahə kimi şeir təbi olan müsəlmanların Həmzə üçün mərsiyə deyib ağlamaları qeyd edilib.

***

Tarix və hədis alimi Zəhəbi özünün "Siyər əlam əl-nübəla" əsərində hicri 478-ci ildə vəfat etmiş şafii alimi İmam əl-hərəmeyn Cüveyni barədə bunları yazır: "Onu atasının yanında dəfn etdilər və minbərini sındırdılar. (Bu, alimlərlə bağlı bir adət idi ki, alim vəfat etdikdən sonra onun minbərini sındırır, möhrünü parçalayırdılar. Bununla demək istəyirdilər ki, bu minbərə çıxan və bu möhürdən istifadə edən ikinci alim gəlməyəcək). Bazarlar bağlandı, onun üçün qəsidələr deyib matəm saxladılar. Onun dörd yüzə yaxın tələbəsi vardı. Bu tələbələr öz qələmlərini sındırıb bir il matəm saxladılar, başlarından əmmaməni götürüb başıaçıq gəzdilər. Tələbələr şəhərdə növhə oxuyub gəzir, ah-nalə etməkdə heç bir hədd gözləmirdilər" (Şəmsəddin Zəhəbi. Siyər əlam əl-nübəla, 18-ci cild, səh. 476).

Müəllif eyni əsərdə İbn Covzi adlı başqa bir əhli-sünnə aliminin vəfatını təsvir edərək yazır ki, bu münasibətlə bazarlar bağlanmış, camaat toplanmışdı. Ramazan ayı olmasına baxmayaraq, bəziləri dərddən özlərini suya atırdılar. Bütün Ramazan ayı boyunca adamlar onun qəbrinin başında Quran xətm edir, şam və çıraq yandırırdılar" (21-ci cild, səh. 379).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.