Maraqlı

Xorvatiya şimaldan cənuba: Zadar - FOTO

22 Oktyabr 2018 23:02
0 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Adriatik dənizinin sahilində, Dalmasiya vilayətində yerləşən Zadar kurort şəhəri çimərlik istirahəti üçün geniş imkanları ilə məşhurdur. Bununla belə, turistlər burada bir an belə darıxmır, bu yerlərin tarixi keçmişini tədqiq edirlər. Burada təkcə Köhnə şəhərin mərkəzində olan Roma xarabalıqları nəyə desən dəyər! Müasir əyləncə həvəskarları da diqqətdən kənarda qalmayıb. Burada onları dünyada yeganə olan "dəniz orqan"ı və dənizin sahilində işıq şousu gözləyir. Zadarlılar dünyada günəşin ən gözəl qürubunun da burada olduğunu iddia edirlər!

İndi isə bütün bunlar barədə təfərrüatı ilə.

Roma forumu, Modriç və UNESCO

Səyahətə başladığımız Xorvatiyanın paytaxtı Zaqrebdən Zadara təxminən 3 saata çatmaq (285 kilometr) mümkündür. Şimaldan cənuba, Adriatikaya doğru hərəkət etdikcə iqlimin dəyişməsini, getdikcə istiləşməni açıq-aydın hiss edirsən. Günəşin saçdığı işıq zolaqları fonunda parlayan dəniz mənzərəsindən insanın könlü xoş olur.

İnsanlar qədim zamanlardan bu bərəkətli yerlərdə məskən salıblar. Hesab edilir ki, Zadar şəhərinin yerində ilk dəfə illiriyalılar yaşayıblar. Şəhər romalılar tərəfindən e. ə. I əsrdə istila edilib və imperiyanın süqut etdiyi V əsrədək onların idarəçiliyində olub. Sonra hakimiyyət Bizansa ötürülüb. Məhz həmin dövrdə Dalmasiyaya slavyanlar gəlib. XI əsrdə Xorvatiyanın kralı IV Petar Kreşimirin Bizansla bağladığı müqavilə əsasında Zadar Xorvatiyanın idarəçiliyinə verilir. Daha sonra əsrlər boyu Zadar xorvatların və venesiyalıların rəqabət yerinə çevrilib. Çünki bu şəhər həmin insanlar üçün ticarət yollarında əsas məntəqə idi. Zadar dəfələrlə qarət olunub və dağıdılıb. Bu, Kral I Vladislav tərəfindən bütün Dalmasiyanı Venesiyaya satanadək - 1409-cu ilədək davam edib. XIX əsrdə Zadar avstriyalılara məxsus olub, Birinci Dünya müharibəsindən sonra isə İtaliyanın tərkibinə daxil edilib. İkinci Dünya müharibəsi zamanı şəhər Mussolininin faşist rejiminə qarşı mübarizə aparan müttəfiq qüvvələr tərəfindən bombardman nəticəsində dağıdılıb. Yalnız müharibədən sonra Zadar Xorvatiyanın tərkibində Yuqoslaviyanın bir hissəsi olub.

Çoxsaylı müharibələr və münaqişələr Dalmasiya sakinlərinin xarakterini möhkəmlədib. Təsadüfi deyil ki, xorvatlar arasında qələbə əldə etmək bacarığı olan məşhur idmançılar az deyil. Məsələn, Xorvatiya futbol yığmasının kapitanı və 2018-ci il dünya çempionatının ən yaxşı oyunçusu Luka Modriç Zadarın yetirməsidir.

Zadarın hər bir yerində tarixin izləri var. Küçələri Roma legionerlərinin ayaq səslərini xatırlayan köhnə şəhərdə qədim abidələr çoxdur. Şəhərin divarlarında Adriatikanın bu tərəfində imperator Trayanın zəfər tağı və 14 metrlik sütunu olan ən iri Roma forumunun xarabalıqları qalıb. Meydanda arxeoloji qazıntılar dayandırılıb, qalın, şəffaf şüşənin altında qədim küçənin fraqmentlərini görmək mümkündür. Antik dövrə aid çoxsaylı tapıntılar Zadarın Arxeoloji Muzeyində, həmçinin zəngin kolleksiyası ilə məşhur olan Antik Şüşə Muzeyində nümayiş etdirilir. Şəhərin görünüşünə venesiyalılar da öz töhfələrini veriblər. 1543-cü ildə tikilmiş, üzərində venesiyalı qanadlı şir və Zadarın gerbi həkk olunmuş şəhərin daş darvazaları onların idarəçiliyi dövründən xəbər verir. Mühasirə vəziyyətində su təminatı üçün tikilmiş və 1838-ci ilədək bu məqsədlə istifadə olunan 5 quyu da həmin dövrə aid edilir. Yaxınlıqda 1929-cu ildə salınmış, Xorvatiyada ilk ictimai park sayılan kraliça Yelena Madiyevka parkı yerləşir.

Venesiya Respublikasının müdafiə istehkamı - Osmanlı imperiyası qoşunlarının hücumlarından qorunmaq məqsədi ilə tikilmiş 3 kilometrlik divarlar 2017-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Zadarın maraqlı xüsusiyyəti bir də ondadır ki, şəhərin tarixi görməli məkanlarında çoxlu müasir müəssisələr - banklar, kafe, qalereya və s. yerləşir. Belə ki, ilkin orta əsrlər dövrünə aid, artıq ibadətə bağlı olan kilsədə restoran fəaliyyət göstərir. İcarədən əldə olunan vəsait isə həmin tarixi abidələrin saxlanılmasına sərf edilir.

Günəşi salamlamaq, dənizin səsi və Hiçkok

Zadarın daş döşənmiş qədim küçələri əsrlərdən bəri irəliləyən yüzlərlə insan nəsli tərəfindən sanki mərmər kimi cilalanaraq parlayır. Zəngin keçmişə söykənən Zadar şəhəri, eyni zamanda, özünün bu günü və gələcəyini qurur. Bu gün Zadar tələbə şəhəridir. Burada əsası 1396-cı ildə qoyulmuş Xorvatiyanın qocaman ali təhsil ocaqlarından biri - Zadar Universiteti yerləşir. Şəhərin dolambac küçələrində gənclik eşqi ilə dolu həyat nəbzi vurur.

Zadarın başlıca müasir görməli məkanlarından biri "Günəşi salamlamaq" adlı qeyri-adi tikilidir. Şəhərin Yeni sahilboyu küçəsindəki tikili 22 metr diametrli dairəvi şüşə sahədir və rəqs meydançasını xatırladır. Konstruksiya 300 çoxlaylı şüşə paneldən quraşdırılıb və Günəş sistemi planetlərini simvolizə edən kiçik dairələrlə əhatə olunub. Qaranlıq düşən zaman meydança işıqlanır və sayrışan müxtəlif rəngli parlaq işıqlar istirahətə gələn çoxsaylı insanları cəlb edir.

Lakin Zadarın sahilboyunda ən məşhur tikili daş üzərində oyma ustası və memar Nikolay Başiç tərəfindən 2005-ci ildə yaradılmış unikal "dəniz orqanı"dır. Burada dənizin tam kənarında ağ daşdan tikilmiş pilləkənlərin altındakı 70 metr uzunluğu olan səkidə dəlikli və boşluqda əks-səda yaradan 35 ədəd xüsusi borudan ibarət mürəkkəb sistem quraşdırılıb. Suyun hərəkəti havanı borulara itələyir, nəticədə dalğanın ölçüsündən və sürətindən asılı olaraq, ətrafa müxtəlif yüksəklikdə və uzunluqda səslər yayılır. Əlbəttə, bunu musiqi adlandırmaq çətindir. Bu, daha çox səslərin kakofoniyası olsa da, insanı qıcıqlandırmır və maraq oyadır. Hər gün Zadarın sahilboyunda oturub "dənizin səsi"nə qulaq verən yüzlərlə insanın dincəlməsini müşahidə etmək mümkündür.

İnsanların çox hissəsi sahilboyuna qürub saatlarında toplaşır. Bu zaman günəş dəniz üfüqünü parlaq rənglərə - qızılı rəngdən tutmuş tünd qırmızıyadək boyayır. Təsadüfi deyil ki, məşhur rejissor Alfred Hiçkok 1964-cü ildə bu şəhərə gəldiyi zaman dünyanın ən gözəl qürubunun məhz Zadarda olduğunu söyləyib.

Ürək formalı ada və Dalmasiya nemətləri

Zadar təbiət gözəllikləri ilə də cəlbedicidir. Şəhərin lap yaxınlığında 6 təbii milli park, əzəmətli Velebit dağı, Zrmanya çayının kanyonu və çoxsaylı mənzərəli adalar yerləşir. Zadar arxipelaqı 150, Kornatı arxipelaqı ilə birgə 300-ə yaxın adadan ibarətdir. Bunlardan 44-ü məskunlaşıb və Zadarın şəhərətrafı hesab edilir. Kiçik gəmilər kirələyib macəra axtarmaqdan ötrü Zadara gələn qonaqlar üçün adalara səfər populyar əyləncədir. Maraqlıdır ki, onlardan biri olan Qaleşnyak adası formasına görə ürəyi xatırladır. Bu səbəbə görə onu "Sevgi adası" adlandırırlar. Burada 1,5 kilometr uzunluğunda çimərlik və iki zirvə yerləşir. Bunlardan ən hündürü dəniz səviyyəsindən 36 m hündürlükdədir.

Bol təbiət nemətləri Zadarın bazarlarına çıxarılır. Burada ən çox bəyənilən ərzaqlar qoyun və keçi südündən hazırlanmış pendir, zeytun yağı, əncir, nar və mövsümi meyvələr, balıq və dəniz məhsullarıdır. Ət növlərindən daha çox qoyun əti işlənilir. Zadarlılar bayramlarda bütöv bir qoyunu şişdə bişirirlər. Şəhərdəki restoranlarda Dalmasiyanın və Aralıq dənizi bölgəsinin ənənəvi yeməklərini dadmaq mümkündür. Bu ləziz təamların hazırlanmasında yalnız təzə dəniz məhsulları, tərəvəz, ot və ədviyyatlardan istifadə olunur.

Biz isə yolumuzu davam etdirməliyik. Qarşıda bizi maraqlı təbiət zənginlikləri - Zadardan 98 kilometr uzaqlıqda yerləşən, eyniadlı çayın axınının böyük hissəsini əhatə edən Krka Milli Parkı gözləyir. Buranın əsas görməli yerləri misilsiz gözəlliyə malik yeddi şəlalədir. Onların arasında ən enlisi Roşkiy, ən hündürü və məşhuru isə Skradinski buk şəlaləsidir.

Burada, həmçinin bir neçə qədim və əhəmiyyətli mədəniyyət obyektləri var. Onların arasında kiçik etnoqrafiya muzeylərinə çevrilmiş və keçmişdə unun hansı üsulla üyüdülməsini nümayiş etdirən dəyirmanları da görmək mümkündür.

Milli Parkı gəzdikdən sonra biz mənzərəli Şibenik şəhərinə yollanacağıq. Bu şəhər çoxsaylı tarixi məkanları, o cümlədən UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş qədim yerləri ilə məşhurdur. Bunlar və bir çox digər məkanlar barədə gələn reportajımızda məlumat veriləcək.

"101 dalmasiyalı"

Dalmasiya səyahətimizin ilk məntəqəsi Zadar şəhəri oldu. "Dalmasiya" sözünü eşidər-eşitməz o dəqiqə "dalmatin" yada düşür. "Dalmatin" və ya "dalmasiyalı" it cinsi həqiqətən Xorvatiyada - Dalmasiya vilayətində yetişdirilib. Bu cins cizgi filmi və daha sonra "101 dalmasiyalı" bədii filmi çəkildikdən sonra daha da məşhurlaşdı. Hamı bu ağ-qara ləkəli məzəli itləri, onların arxasınca düşən nadir xəz məmulatı həvəskarı olan qəzəbli qadını xatırlayır. Maraqlıdır ki, xorvatlar itləri çox sevir və onları şəhər mənzillərində saxlayırlar. Olduğumuz bütün şəhərlərdə itini gəzintiyə çıxaran insanlara rast gəldik. Lakin biz bir dəfə də olsun onların "dalmatin" gəzdirdiyini görmədik. Ola bilər ki, bu cins şəhər şəraitində saxlanmağa o qədər də uyğun gəlmir. Çünki "dalmatin"lər çox fəaldırlar, xüsusi qulluq və təmiz havada uzun müddət gəzinti tələb edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.