Maraqlı

Vyana şəhərinin əsas attraksionlarından birinin ləğv edilməsi təklif olunur - FOTO

17 Oktyabr 2018 02:30
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın paytaxtı Vyana şəhərinin turistik attraksionları içərisində at arabaları (fiakr) özünəməxsus yer tutur və şəhərin qonaqları fiakrla şəhər gəzintisinə böyük maraq göstərirlər. Şönbrunn sarayı, Dövlət Operası, Müqəddəs Ştefan katedralı kimi fiakrlar da şəhər mənzərəsinin ayrılmaz tərkib hissəsini təşkil edirlər və qonaqları bu şəhərə cəlb edən "turist maqniti" statusu daşıyırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhərin İçəri Şəhər rayonunun rəhbərliyi yaxın gələcəkdə fiakrların şəhər ərazisindən yığışdırılması üçün yeni təşəbbüslə çıxış edib. Şəhər bələdiyyəsinə göndərilən müraciətdə şəhərin mərkəzi hissəsində fiakrların hərəkətinin qadağan olunması təklifi irəli sürülüb. Qeyd edilib ki, hər il at nalları və araba təkərləri şəhər yollarına azı 750 min avro zərər vurur, fiakrlar şəhər mərkəzində nəqliyyatın hərəkətini çətinləşdirir və həmçinin fiakr dayanacaqları ətrafındakı dükan və restoranların gəlirlərinə mənfi təsir göstərir.

Rayon icra başçısı Markus Fiql imzaladığı petisiyada hazırda 116 fiakrın şəhər mərkəzində parketmə hüququna malik olduğu qeyd edilib. Bildirilib ki, bu yüksək rəqəm azaldılmalı və gələcəkdə yeni fiakrlara lisenziya verməməklə uzunmüddətli vədədə fiakrların şəhərin mərkəzindən tamamilə çıxarılması təmin edilməlidir. Müraciətdə, həmçinin at nallarının plastik nallarla əvəz edilməsi, fiakrların yalnız şəhərətrafı parklarda hərəkətinə icazə verilməsi də təklif olunub.

Qeyd edək ki, Vyana şəhərinin turistik mənzərəsinə klassik ab-hava bəxş edən fiakrlar tez-tez müzakirə mövzusuna çevrilir. Heyvanların müdafiə təşkilatları müasir dövrdə atların şəhər mərkəzində hərəkətini heyvanlara işgəncə kimi tənqid edir, İçəri Şəhər rayonunun rəhbərliyi isə yuxarıda sadalanan səbəblərdən arabaların hərəkətini başqa ərazilərə köçürməyi təklif edir. Lakin fiakrlardan yaxşı gəlir əldə edən şəhər rəhbərliyi isə həm əldə etdiyi vəsaitə, həm də turistlərin marağına görə fiakrların şəhər mərkəzindən çıxarılmasına imkan vermir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.