Maraqlı

Keçilər vasitəsilə toplanan meyvədən hazırlanan qiymətli yağ

13 Oktyabr 2018 23:10
1 Şərh     Baxış: 2 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arqan" sözünə kosmetik vasitələrin üzərindəki yazılarda tez-tez rast gəlmək olar, lakin onun mənasını heç də hamı bilmir. Mərakeşdə yaşayanlara isə bu məna tam aydındır. Belə ki, arqan yalnız Mərakeş ərazisində bitən ağacdır və əsasən şimal-qərbi Afrika və Atlas dağları ərazisində yayılıb. Yerli əhali böyük fəxr və sevgi hissi ilə onu əbədi həyat və cavanlıq ağacı adlandırır. Onlar arqandan tikinti materialı, yanacaq, qida, yağ və dərman kimi istifadə edirlər. Ölkə sakinləri müalicəvi arqan yağı hazırlanması texnologiyasını gizli saxlayaraq nəsildən-nəslə ötürürlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1999-cu ildə UNESCO Mərakeşdə həmin ağaclar bitən ərazini dünya biosfer qoruğu elan edib.

Arqanın ətli meyvələri zeytundan bir qədər iridir, xarici görünüşü sərt gavalını xatırladır. Meyvələrin çox sərt, hətta fındıq qabığından iki-üç dəfə möhkəm çəyirdəyi var. Çəyirdəyin içərisindəki toxumlar formasına görə badamı xatırladır və hər çəyirdəkdə 2-3 toxum olur.

Dünyada ən bahalı, nadir və qiymətli yağlardan hesab edilən arqan yağı dəyərinə görə qara kürüyə bərabərdir.

Çox illər əvvəl mərakeşli xammallar cavanlaşdırıcı, nəmləşdirici və bərpaedici vasitə kimi arqan yağından istifadə etməyə başlayıblar. Həmçinin günəş yanıqları, neyrodermitlər, dəmrov və digər dəri xəstəliklərinin müalicəsində arqan yağından istifadə edilib.

Təsir gücünə görə arqan yağı dermatologiyada ağır dəri xəstəliklərinin müalicəsində, kosmetologiyada isə dərinin erkən qocalmasına qarşı geniş tətbiq edilir. Şəkərli diabet, müxtəlif yoluxucu xəstəliklər, ürək-damar xəstəlikləri, Altsheymer xəstəliyi və immun sistemin zəifləməsi ilə əlaqədar yaranan xəstəliklərin müalicəsində istifadə edilir. Arqan yağından dərini cavanlaşdıran və qırış əleyhinə maskaların hazırlanmasında, həmçinin masaj üçün geniş istifadə edilir. Saçların möhkəmləndirilməsi üçün baş dərisi həmin yağla masaj edilir, masajdan sonra yağ bütün saç boyu çəkilir. Daha sonra başı isti şalla bağlayır, 30-40 dəqiqə saxlayır və saçlar şampunla yuyulur.

Arqa ağacının meyvələrini toplamaq üçün keçilərdən istifadə edilir, çünki onun qabığı onlar üçün çox dadlı bir təamdır. Keçilər hətta ağacın beş metr hündürlüyündə yerləşən budaqlarına da dırmaşırlar. Onlar meyvənin qabığını qoparıb yeyəndən sonra içinin çəyirdəyi qalır. Yeyilən çəyirdəklər isə həzm olunmayaraq xaric olur. Həmin çəyirdəkləri toplayıb daşla sındırır və toxumları ayırırlar. Qidada istifadə olunan arqan yağını almaq üçün toxumlar bir qədər qovrularaq müəyyən ətir əldə edilir. Kosmetik maddələr üçün toxumlar qovrulmur və alınan yağın heç bir qoxusu olmur. Bundan sonra toxumlar mexaniki yolla sıxılır və alınan yağ xüsusi kağızdan süzülür. Yağın dadı bir qədər balqabaq toxumunun dadına bənzəyir.

Bir yetkin ağac 6-8 kiloqram meyvə verir. 100 kiloqram meyvədən 5 kiloqram çəyirdək əldə edilir və ondan cəmi 1-2 litr yağ alınır. Toxumların daşla çəyirdəkdən təmizlənməsi təxminən 12 saat vaxt aparır. Mütəxəssislərin hesablamalarına görə, yerli əhali hər il 350 min ton toxum toplayır və bundan 12 milyon litr yağ əldə edilir. Məhsulun əsas alıcısı isə Fransa sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.