Maraqlı

Anadangəlmə dişlər anomaliya və ya qorxulu xəstəlik deyil

13 Oktyabr 2018 19:45
0 Şərh     Baxış: 717

Körpələrin bir və ya bir neçə dişlə doğulması nadir hallardan biridir. Adətən uşaqlarda ilk dişlər 6-7 aylığında çıxır. Bəzən 4-5 aylığında diş çıxması halları da olur. Əgər uşaqlar dişlə doğulursa və ya 30 gün müddətində dişləri çıxırsa, bu dişlər natal və neonatal dişlər adlanır. Belə hallara qız uşaqlarında daha çox rast gəlinir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tibb elmləri üzrə fəlsəfə doktoru, ağız və çənə cərrahı, estetik stomatoloq Hüseyn Hüseynzadə bu nadir tibbi halla bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, uşaqların dişlə doğulmasının səbəbi hələ ki elmə tam dəqiqliyi ilə məlum deyil: "Dişlərin mayası hamiləliyin ilk aylarında formalaşır. Buna görə də ananın orqanizmində olan vitaminlər və mikroelementlərin miqdarı, ananın həyat tərzi və qidalanması bu növ halların yaranması ilə bilavasitə bağlıdır".

Dişlərin formalaşmasına bir neçə amil təsir edir.

- Hamilə qadının orqanizminə daxil olan kalsium və D vitaminin miqdarı;

- Hamiləliyin 1-ci trimestrində qəbul olunan bəzi dərman preparatları;

- Ananın orqanizmində endokrin sistemin vəziyyəti;

- Genetik amillər;

- Ekoloji təsirlər.

Dişlə doğulmağın xəstəlik olmadığını deyən mütəxəssis onu qanda kalsium artıqlığı və genetik amillərlə bağlı olduğunu deyir. Eyni zamanda, anadangəlmə dişlərin bəzi fəsadları da ola bilər:

- Ana uşağa süd verən zaman süd vəzisinin zədələnməsi və nəticədə infeksiya düşməsi, bəzən isə iltihablaşması;

- Körpə uşaqlar tez-tez dillərini tərpətdikləri üçün dilaltı pərdənin zədələnməsi.

H.Hüseynzadənin sözlərinə görə, bu kimi hallarda o dişləri çəkmək lazımdır. "Lakin süd dişləri erkən çəkilərsə, gələcəkdə digər süd dişləri çıxan zaman dişləmdə əyriliklər və dişləm qüsuru yarana bilər. Ona görə də bu dişlər çəkildikdən sonra mütəmadi stomatoloqun müayinəsi altında olmaq lazımdır. Anadangəlmə dişlər anomaliya və ya qorxulu xəstəlik deyil. Bu, gələcəkdə daimi dişlərdə də heç bir qüsur və ciddi problem yaratmır", - deyə mütəxəssis qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.