Maraqlı

Ətçəkən maşında qalmış əlin bərpası demək olar ki, mümkünsüzdür

13 Oktyabr 2018 20:15
0 Şərh     Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cərrahiyyənin xüsusi sahəsi olan və çətinliyinə görə fərqlənən əl cərrahiyyəsini mikroskop altında işləməyi bacaran, eləcə də bu istiqamətdə təhsil almış mütəxəssis icra edə bilər. Burada görüləcək iş yalnız cərrahi müdaxilədən ibarət deyil. Əməliyyatdan sonra xəstə uzun zaman reabilitasiya prosesindən keçir. Bütün görülən tədbirlərə baxmayaraq, 100 faizlik nəticə əldə etmək olmur. Xəstələrdə kosmetik və funksional defektlər qala bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının travmatoloq ortopedi Nicat Səttarov məlumat verib.

-Ən çox hansı səbəblərdən müraciətlər olur?

-Bu müraciətlərin əksəriyyəti travmalarla bağlıdır. Buna məişət yaralanmaları, iş qəzaları, yol-nəqliyyat hadisələri nəticəsində alınan travmalar, ağır əşyaların əl üzərinə düşməsi və s. aiddir. Bundan əlavə, 2-3 il dializə gedən xəstələrdə karpal kanalların yığılması nəticəsində karpal tunel yaranır. Bu hala təxminən hər 10 xəstədən 9-da rast gəlinir. Belə olduqda dializdən 3-5 il sonra əl əməliyyatı keçirilir.

Ümumiyyətlə, əldə yaranan problemin səbəbləri müxtəlifdir. Nümunə olaraq tipdren kontrakturasını göstərə bilərik. Bu əlin formal xassəsinin xəstəliyidir ki, bu zaman barmaqlar bükük qalır. Bununla yanaşı, bilək problemləri ilə də əlaqədar müraciətlərə rast gəlinir. Biləkdə 8 kiçik sümük var. Uzun illər əl işləməyə məruz qaldıqda bu sümüklər arasında olan bağlar qopur. Bu zaman biləkdə stabillik pozulur və ağrılara səbəb olur. Hər iki halda cərrahi müdaxilə vacibdir.

-Travmalara daha çox hansı yaş qrupunda rast gəlinir? Sizə qadınlar yoxsa, kişilər daha çox müraciət edir?

-Travmalara yetişkin yaş qrupunda daha çox rast gəlinir. Müraciət edənlərin arasında kişilər üstünlük təşkil edir. Misal üçün, elektrik mişarı ilə işləyəndə ehtiyatsızlıqdan ağır yaralanmalar, hətta əlin qopması halları da olur. Bu zaman klin-kat deyilən kəsilmə varsa, ilk 6-8 saat ərzində əli bərpa etmək olur. Bəzən elə yaralanmalar olur ki, onları replantasiya etmək mümkün deyil. Qopmuş əli bərpa etmək üçün ilkin cərrahi müdaxilə olduqca vacibdir. Düzgün əməliyyat və reabilitasiya tətbiq edilərsə, funksional olaraq müsbət nəticələr əldə etmək mümkündür. Əgər xəstə əməliyyatdan sonra fizioterapiyaya getmirsə, son nəticə uğurlu olmaya bilər.

-Qadınlar hansı səbəblərdən əl cərrahına müraciət edirlər?

-Qadınlar arasında əldə ən çox rast gəlinən problem karpal tuneldir. Karpal tunel problemi əl biləyindən keçən median sinirinin sıxılmasıdır. Qadınlarda 40 yaşdan sonra fizioloji proseslə əlaqədar estrogen səviyyəsi aşağı düşür, karpal kanal daralır və bunun nəticəsində median siniri sıxılır. Problemin əsas əlamətləri gecələr ilk üç barmağın uyuşması ilə başlayır, sonra keyiyir və zamanla güc zəifliyi olur. Cərrahi müdaxilədən sonra problem aradan qalxır.

Bazu kubtal tunel sindromu da qadınların şikayət etdiyi narahatlıqlardan biridir. Bu dirsək sinirinin sıxılmasıdır. Onun klinik əlamətləri 4-5-ci barmaqda uyuşma, güc zəifliyi, əldə koordinasiyanın itməsidir. Bu zaman qaşığı tutma, düymələmə, ayaqqabı bağı bağlama kimi incə hərəkət etməkdə çətinliklər yaranır. Əməliyyatdan sonra nəticə uğurlu olur.

Tətik barmaq problemində isə əlin baş barmağı və digər barmaqlarda sıxılma hiss olunur. Səhərlər barmaqlar bükülü qalır, zamanla ağrılı da olsa, açılır. Bu da kiçik əməliyyatlarla düzələ bilən problemdir.

-Uşaqlarda rast gəlinən əsas əl travmaları və qüsurları hansılardır? Bəzən balacaların əllərinin ətçəkən maşında qalması hallarına da rast gəlinir. Bu cür travmaların son nəticəsi necə olur?

-Uşaqlarda ən çox şüşə kəsmələri ilə müraciətlər daxil olur. Bu cür kəsilmələr zamanı vətər və periferik sinir kəsilir. Şüşə yaralanmalarının 40 faizdən çoxunu periferik sinir kəsintiləri təşkil edir. Bu səbəbdən icra olunan əməliyyatların nəticələri uğurludur.

Uşaqların əl barmaqlarının ətçəkən maşında qalması isə hazırda ən böyük problemlərdən biridir. Ətçəkən maşında qalmış əl dünyada cərrahi müdaxilə nəticəsi uğursuz olan ağır travmalardan sayılır. Bu əlin sonrakı kosmetik və funksional taleyi heç də ürəkaçan deyil. Ətçəkən maşın əlin əzələ, sümük, vətər, damar və sinirini əzir. Belə əlin isə bərpası demək olar ki, mümkünsüzdür. Buna görə də valideynlərə uşaqları elektrik ətçəkən maşınlarından uzaq tutmağı tövsiyə edirik.

Bundan başqa, uşaqlarda anadangəlmə əl problemlərinə də rast gəlinir. Belə problemlər sırasında yer alan sindatriya zamanı körpənin bir və ya bir neçə barmağı bitişik olur. Sindatriyanın dəri və sümük formaları mövcuddur. Sümük forması olduqca mürəkkəbdir, kosmetik problemlərə səbəb olur. Bundan əlavə, barmaq sayının çox olması hallarına da - polidaktiliya da rast gəlinir.

Belə problemlərdən biri də radial klubhənddir. Yəni bu zaman ön qolun iki sümükdən biri və ya hər ikisi olmur. Bu, özünü digər anomaliyalarla da göstərə bilir.

Ümumiyyətlə, əlində qüsurla doğulan uşaq bir neçə mütəxəssis tərəfindən müayinə edilməlidir.

Körpələr, həmçinin doğuş vaxtı da travmalar ala bilərlər. Bu travmanın forma və dərəcələri var. Dördüncü dərəcə daha ağır hesab olunur. Bu zaman total qopmalar baş verə bilir. Gələcəkdə ciddi problemlərlə qarşılaşmamaq üçün ilk bir il içərisində mütləq cərrahi əməliyyat icra edilməlidir. Travmanın yüngül formaları 3-6 ayda düzələ bilər. Üç ay ərzində dirsəkdə hərəkət yoxdursa, göz qapağı düşürsə, gələcək proqnoz yaxşı deyil. İlk 3-6 ay ərzində dirsək hərəkətə gəlirsə, bu, ciddi narahatlıq hesab olunmur. Travmalı uşaqlar dörd yaşınadək vətər, dörd yaşdan yuxarı isə sümük əməliyyatları keçirilər. Cərrahi müdaxilələrin funksional və kosmetik nəticələri uğurlu olur.

Əlində qüsur olan uşaqlar üzərində ana bətnində əl əməliyyatları keçirilmir. Doğulandan sonra isə kosmetik, rekonstruktiv cərrahi müdaxilələr edilir.

-Bu əməliyyatların digərlərindən fərqi nədir?

-Əl cərrahiyyəsində olan əməliyyatlar ya ümumi narkoz altında ya da ən çox periferik blok altında həyata keçirilir. Yəni o proses zamanı xəstənin çiyin oynağından qola gələn sinirlər blok olunur, keyləşdirilir. Tam oyaq halda əldə əməliyyat icra olunur. Hissiyyat əməliyyatdan 4-6 saat sonra gəlir. Çalışırıq əksər hallarda ümumi narkoz verməyək. Lakin uşaqlarda əməliyyatlar zamanı narkozdan istifadə edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.