Maraqlı

Tailandın inciləri - Samui və Banqkok adaları - FOTO

12 Oktyabr 2018 22:07
0 Şərh     Baxış: 421

Tailandın turizm istiqaməti kimi populyarlığının əsas amillərindən biri onun qeyri-adi təbiətidir. Burada dağlar da var, həmişəyaşıl meşələr də var və əlbəttə, dəniz də var. Turistlərin daha çox getdikləri yerlər arasında Siam körfəzində yerləşən 42 adadan ibarət Anqtxonq dəniz parkı xüsusi yer tutur. Bu, həm çimərlik istirahəti, həm də kayakinq üçün əla yerdir. Lakin siz Samui adasından uzaqlaşmağa ərinirsinizsə, onda fillərin saxlandığı fermaya gedib, orada yerli faunanın ən nəhəng nümayəndələrini görə bilərsiniz.

Gəlin, bütün bunlar barədə bir-bir danışaq!

Fili necə çimdirməli

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fillərin Tailandda xüsusi yeri var. İndiyə qədər onlardan müxtəlif tikinti işlərində, meşə sənayesində ağır yüklərin daşınmasında, habelə turizm sahəsində getdikcə daha çox istifadə edilir. Bununla belə, fillərin hüquqları Konstitusiya ilə qorunur: onlar 14 yaşından 60 yaşınadək işləyə bilər, bundan sonra pensiyaya çıxır, sahiblərinə isə qocalmış heyvanı saxlamaq üçün pul ödənilir. Martın 13-ü isə krallıqda Fil günü kimi qeyd edilir.

Samui adasında fillər xüsusi fermalarda saxlanılır. Bizə onlardan biri olan "Elephant Care Samui"yə getmək nəsib oldu. Ekskursiya zamanı turistlər burada fillər barədə daha çox məlumat öyrənə bilər, onları yedizdirə bilər, onlarla vanna qəbul edə bilər.

Fil fermasına gedərkən elə geyim seçin ki, onun çirklənməsinə və yaş olmasına heyfsilənməyəsiniz. Bundan başqa, buraya gələnlərə geyinmək üçün futbolka bağışlayırlar. Hər şey təlimatçının fillərin qidalanması barədə söhbətindən və fillərin xoşladığı ərzaqları nümayiş etdirməsindən başlanır. Həmin ərzaqlar sırasında nişastalı düyü, banan, balqabaq və s. var. Sonra iştirakçılara düyünü lazımi qatılığa qədər bişirmək, ona banan qatmaq, habelə balqabaq qaynatmaq təklif edilir. Yemək hazır olandan sonra filbanlar filləri gətirir. Qeyd etmək lazımdır ki, Tailandda Hindistan və ya Asiya filləri olur, onlar Afrika fillərindən iki dəfə balacadır və tez əhliləşir. Bizim yanımıza gətirilən fillər banan və balqabağı yaxşıca yedilər və hamı növbə ilə onlarla fotoşəkil çəkdirdi. Fillər aparıldı, su prosedurunda iştirak etmək istəyən ekskursantlara çimərlik geyimində olmaq məsləhət görüldü. Arzu edənlər fermanın ərazisindəki iki kiçik gölə baş vurdular. Sonra oraya filləri gətirdilər və onlar dərhal suya uzandılar. Onları bitkidən hazırlanmış hamam lifi ilə sürtmək olardı. Aşkar görünürdü ki, bu diqqət, elə bütövlükdə su proseduru fillərin ürəyincədir. Heyvan təlimçisinin göstərişi ilə fillər hamısı eyni vaxtda digər böyrü üstə döndülər. Su prosedurundan sonra fillər sahilə çıxdı və xortumlarının köməyi ilə bədənlərinə qum səpməyə başladılar; onlar öz dərilərini parazitlərdən bu cür qoruyurlar.

Elə fermadaca filbanların bambukdan tikilmiş və damı palma yarpaqları ilə örtülmüş komaları yerləşir. Onlar həmin komalarda öz sadə təsərrüfatlarını qurublar. Qadınlar əsasən kokos palma yarpaqlarından zənbil və şlyapa toxuyur və turistlərə satırlar.

Bütün ekskursiya təxminən saatyarım çəkir və insanda müsbət emosiyalar oyadır.

Laquna, kayakinq və dəniz qaraçıları

"Avatar" fantastik filmindən Pandora planetində havada süzən, meşə ilə örtülmüş qayalıqlardan ibarət mənzərəni xatırlayırsınızmı? Tailandın Anqtxonq Milli Dəniz Parkında qarşımızda təxminən bu cür mənzərə canlandı.

Cənubi Çin dənizinin Siam körfəzində 42 adadan ibarət bu arxipelaq Samuidən təqribən 30 kilometr məsafədə yerləşir və oraya sürət qayığında təxminən bir saata çatmaq olar. Bir ekskursiya müddətində dörd adaya baş çəkmək olar, onların əksəriyyəti insanlar tərəfindən məskunlaşmayıb, bəzilərində isə nəzarətçi yaşayır.

Qədəm qoyduğumuz birinci adanın adı Maye Kodur. Bu, dənizlə əhatə olunmuş əsl vəhşi təbiətdir. Ada əhəng daşındandır və dəniz suları ilə o qədər yuyulub ki, sanki havada süzür. Adanın bütün səthi meşələr və qayalıqlarda bitən sukkulent kolları ilə örtülüb.

Adanın ən hündür yerində müşahidə meydançası qurulub. Oraya polad pilləkənlə qalxmaq olar. Yuxarıdan ətrafa və füsunkar laqunaya valehedici mənzərə açılır. Məlumat lövhəsində bildirilir ki, adada dəniz qartalı, hind kərgədan quşu, ağ belli qaratoyuq və digər quş növləri var. Lakin onları görmək üçün adada qrup ekskursiyasına ayrılmış vaxta yarım saat əlavə etmək lazımdır. Hər şeyi çatdırmaq üçün gəmiyə qayıtmaq və növbəti təyinat məntəqəsi Maye Koya getmək lazımdır.

Burada bizi adanın sahil xətti boyunca kayak gəzintisi gözləyirdi. Kayaklar ikinəfərlikdir, adamların biri qabaqda, biri arxada oturur. Kayakın üzməsi üçün avar çəkməyi öyrənmək lazımdır. Bir neçə dəqiqəlik məşq buna kifayət edir. Qayıq dalğaları asanlıqla yarır və vaxtın necə keçdiyini hiss etmirsən.

Üçüncü ada - Ко Paluay Milli Parkda insanların məskunlaşdığı bir neçə adadan biridir. Orada dəniz qaraçıları yaşayır. Onlar balıqçılıq və bağçılıqla məşğul olur, döyüşkən xoruz bəsləyirlər. Yerli restoranda biz dadlı krab və balıq yedik.

Nəhayət, sonuncu ada bizə Siam körfəzinin sularına baş vurmaq imkanı yaratdı. Burada çimmək olduqca xoş idi. Əgər sizə çimərlikdə suya girəndə soyuqdan titrəmək, sahilə çıxanda qızışmaq üçün tez dəsmala bürünmək kimi diskomfort hissləri tanışdırsa, onda siz Tailand çimərliyini qiymətləndirəcəksiniz. Dənizin çox gözəl təravətləndirici suyu və təmiz havası var.

Çavenq, tay boksu və Banqkokun sirləri

Samui adasına qayıtdıqdan sonra biz axşam onun mərkəzi və ən gediş-gəlişli küçəsi Çavenqdə gəzməyi qərara aldıq. Çimərlik boyunca uzanan bu küçədə ən populyar restoran və otellər yerləşib. Küçədə, həmçinin suvenir mağazaları, kafe və masaj salonları çoxdur. Buradan tez-tez səsucaldanı olan avtobuslar keçir ki, onunla tamaşaçıları adanın ən böyük "Petch Bancha" stadionunda keçirilən tay boksunun növbəti oyununa baxmağa dəvət edirlər. Biz tay boksçularının mübarizəsini görmək həvəsindən özümüzü saxlaya bilmədik. Tamaşaçı tutumu 650 nəfərlik olan zal ağzınacan dolu idi. Tamaşaçıların əksəriyyəti turistlər idi, lakin onların arasında öz favoritlərinə baxmağa gələn yerli əhali də var idi. Boksçular rinqdə bir-birini tez-tez əvəzləyir və qaliblər elan edilirdi. Zaldan eşidilən alqış sədalarından aydın olurdu ki, onların sırasında tay boksunun ulduzları da var. Arzu edənlər qaliblərlə fotoşəkil çəkdirə bilərdilər.

Biz həddən artıq səs-küylü zalda çox qala bilmədik və stadiondan çıxaraq Banqkoka uçuşdan əvvəl dincəlmək üçün otelə yola düşdük.

Əgər siz Tailandda adaya gedirsinizsə, onda Banqkokda tranzit etməklə uçacaqsınız. Bizim fikrimizcə, bu şəhərin ab-havasına nüfuz etmək üçün orada heç olmasa bir gün qalmaq lazımdır. Əlbəttə ki, adanın rəvan həyatından sonra Banqkok həddən artıq insanların vurnuxduğu şəhər təsiri bağışlayır. İyirmi milyon əhalisi olan bu şəhər gecə-gündüz uğuldayır. Yüzlərlə maşın şəhərin dar küçələrindən arasıkəsilmədən keçir ki, bu da uzun-uzadı tıxaclar yaradır. Yalnız motosiklet və velosiped sürənlərin kefi kökdür, çünki onlar avtomobillərin arasından asanlıqla keçirlər. Görüş təyin edəndə və ya aeroporta taksi çağıranda yerli qrafikin xüsusiyyətlərini mütləq nəzərə alın: xoşagəlməz tıxacda qalmaqdandırsa, yarım saat tez çıxmaq daha yaxşıdır.

Tailandın ən böyük çayı Çaupxrayanın suları Banqkoku iki hissəyə ayırır. Çayda kater və bərələrdə gəzmək populyar turist əyləncəsidir. Bu gəzinti zamanı şəhərin memarlıq müxtəlifliyini, o cümlədən kasıb məhəllələri və qədimi tikililərlə yanaşı, möhtəşəm göydələnləri müşahidə etmək olar. Onların arasında XVIII əsrdən bəri Tailand kralının iqamətgahı kimi tanınan təmtəraqlı saray seçilir. Bu gün həmin məkandan əsasən rəsmi mərasimlərin, kral toylarının, qəbulların keçirilməsində və digər tədbirlərdə istifadə edilir. Saray ziyarətçilərin üzünə açıqdır və arzu edən kəs oraya ekskursiya edə bilər.

Banqkokun müasir ticarət mərkəzləri sərfəli şopinq üçün çox gözəl imkan yaradır. Meyvələr istisna olmaqla, bütün malların qiyməti, demək olar, cibə uyğundur. Onların qiyməti şəhər supermarketlərində bizə dəyərindən xeyli baha göründü və biz sadə əhalinin getdiyi adi bazara getdik. Mərkəzdə yerləşən "Khlong Toei" Banqkokda ən böyük bazardır. Burada nələr yoxdur! Çox ucuz qiymətə meyvələr, dəniz məhsulları, suvenirlər, təsərrüfat malları və s. Siz buradan nəsə almadan çıxmayacaqsınız!

Sözardı əvəzinə: Durian ehtirası

Manqo, papaya, rambutan - bütün bunlar ağzının dadını bilənlərin Tailandda sevimli meyvələridir. Lakin yerli əhalinin nəzərində "meyvələrin şahı" duriandır. Onu meyvə satılan istənilən yerdə görmək olar. Yolunuza durian götürməyi ağlınıza gətirməyin. Otel və aeroportların hamısında durian daşınmasının qadağan edildiyini bildirən lövhələr asılıb. Çünki bu meyvənin spesifik iyi getdikcə güclənir. Dadına gəldikdə isə heç kim ona laqeyd qalmaz. Bəziləri onu bişmiş kremlə müqayisə edir, bəziləri ondan kəskin iy gəldiyini söyləyir. Bu meyvə bizə... soğan ətirli şirin kremi xatırlatdı. Lakin Tailandda durianın dadına baxmaq ən azından ona görə lazımdır ki, sizin onun barədə öz rəyiniz olsun.

Əgər duriandan xoşunuz gələrsə və onu nəyin bahasına olursa-olsun özünüzlə evə gətirmək istəyirsinizsə, onda siz supermarketlərin hamısında satılan qurudulmuş durian və ya durian çipsiləri ala bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.