Maraqlı

Yardımlıda antik dövrə aid yaşayış yeri aşkarlandı

17 Sentyabr 2018 19:34
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan-Biləsuvar arxeoloji ekspedisiyası arxeoloji kəşfiyyat işləri zamanı Yardımlı rayonunda antik, ilk orta əsr və orta əsrlər dövrünə aid davamlı yaşayış yeri aşkarlayıb.

Milli.Az bildirir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, Salyan rayonunun Qırxçıraq yaşayış yerində, Ələt-Astara magistral yolunun sol tərəfində (vaxtilə Rəşid Göyüşov tərəfindən arxeoloji qazıntılar aparılan sahənin davamında) və Babazanli küp qəbirlərinin yerləşdiyi ərazilərdə aparılan tədqiqatlar zamanı təndir, ocaq yerləri, yaşayış binalarının qalıqları, IX-XV əsrlərə aid olan müxtəlif təyinatlı saxsı qabların hissələri, həmçinin, metal, şüşə və s. qalıqları, dibək daşı və iki ədəd üzəri ərəb yazısı ilə işlənmiş daş plitələr əldə edilib.

Biləsuvar rayonunda arxeoloji kəşfiyyat işləri rayonun Bəydilli kəndi ərazisindəki qəbiristanlıqda yerləşən Yedditəpə abidəsindən birində aparılıb:

"Abidənin orta hissəsi çökmüş formadadır. Bu hal digər salamat qalmış təpəliklərdə də hiss olunur. Kəşfiyyat işləri zamanı ilk orta əsrlər dövrünə aid olan çox zəif mədəni təbəqə aşkarlanıb. Belə qənaətə gəlinib ki, həmin təpəliklərdən Sasani işğalları dövründə gözətçi (müşahidə) məntəqələri kimi istifadə edilib. Azərbaycan-İran sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Turağay təpəsindəki kəşfiyyat işləri isə abidənin ilk orta əsrlər dövründə iri bir kəndtipli yaşayış məskəni olduğunu söyləməyə əsas verir".

İnstitutdan qeyd edilib ki, ekspedisiya işlədiyi dövrdə Yardımlı rayonundakı təsadüfi tapıntılarla əlaqədar həmin bölgədə olub, Peştəsər dağ silsiləsində yerləşən, Güm-güm adlandırılan, müxtəlif ölçülü altı ədəd mağaranı qeydə alıb. Ən böyük mağara Baş Köül (boşluq) adlandırılır. Bundan əlavə, mağaraların yerləşdiyi yerin ətəyindəki ərazidə dənli bitkilərin əzilməsi üçün iri dibək daşı, həmçinin, xırman yeri, Kəhriz bulağı adlanan ərazidə bir ədəd iri katakomb qəbir, Peştəsər dağ silsiləsində orta əsrlərə aid gözətçi yerləri, yaxınlıqda yerləşən Köhnə Arvana yaşayış yerində dairəvi daş qutu qəbirlər, orta əsrlərə aid daha bir qəbiristanlıq tapılıb:

"Bu abidələr "Ayı nəsti" adlanan qayanın ətəyində yerləşir. Yaxınlıqda Plovtəpə abidəsi adlı ilk orta əsr yaşayış yeri var. Onu yerli əhali "Şütürüm (cəld, şıltaq) küllüyü" adlandırır. Rayonun Qarauldaş kəndi ərazisində N saylı hərbi hissənin yaxınlığında, Cin dərəsi adlandırılan ərazidə antik, ilk orta əsr və orta əsrlər dövrünə aid davamlı yaşayış yeri, elə həmin ərazidə iki ədəd büt daş, həmçinin, daş qutu qəbirlər, orta əsrlər dövrünə aid torpaq qəbirlər və s. aşkarlanıb. Tədqiqat işləri zamanı saxsı qabların bütövləri və hissələri, sapand daşları, bülöv daşı, metal əşyalar və s. tapılıb".

Bölgədə arxeoloji tədqiqatların növbəti mövsümdə davam etdirilməsi planlaşdırılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.