Maraqlı

Azərbaycan rəqsləri Toronto küçələrində - VİDEO

21 Avqust 2018 22:05
4 Şərh     Baxış: 2 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Toronto şəhərində keçirilmiş küçə festivalı üçün toplaşanların Azərbaycan rəqslərini ifa etməsi videosu sosial mediada maraqla qarşılanıb.

Facebook vasitəsilə rəqsləri canlı yayımlayan Toronto şəhərində yaşayan Şəhla Əliquliyeva sualları cavablandırıb.

Kanada

Bu festival nə ilə bağlıdır?

Hər il bu vaxt Kanadada Canadian National Exhibition adlı geniş tədbir keçirilir. Daha doğrusu bu böyük hadisə çox sayda tədbir və festivalı əhatə edir.

Torontoda keçirilən məşhur, hamının hər il gözlədiyi festivallardan Taste of Manila, Taste of Danforth (Danforth yunan məhəlləsindəki əsas küçədir və burada yunan mətbəxi nəzərdə tutulur) festivallarını göstərmək olar.

Bundan başqa çox sayda doq-şou (itlərin şousu), gənc istedad müsabiqələri, rəqs və akrobatika yarışları olur.

Tədbirlərdən azı iki ay əvvəl Toronto Təhsil İdarəsi orta məktəblər vasitəsilə ailələrə uşaqlar üçün pulsuz biletlər paylayır. Bununla şəhər hökuməti ümid edir ki, uşaqları tədbirlərə aparan valideynlər özlərinə də bilet almalı olacaqlar, bu isə müəyyən məbləğdə gəlir deməkdir.

Ümumiyyətlə il ərzində şəhərdə keçirilən festivallar (bunlardan bəlkə də ən çox və dünya səviyyəsində tanınanı Toronto Film Festivalıdır - bura tanınmış Holliwood ulduzları da gəlir. Məsələn, keçən il Catherine Zeta Jones da gəlmişdi) Toronto şəhərinə müəyyən qazanc gətirir və əsasən bu məqsədi güdür.

Tədbirdə Azərbaycan rəqsləri də ifa olunub və bunu canlı yayımla Facebook-da siz yaymısınız. Rəqs edənlər kimlər idi?

Azerbaijani Dance on the Streets (Küçələrdə Azərbaycan rəqsləri) adlı tədbir bildiyimə görə, artıq bir neçə ildir ki keçirilir. Mən ötən ildən bəri Torontoda yaşayıram, ona görə daha öncəki illəri görməmişəm.

Dünənki 4 saatlıq rəqs tədbiri səhər saat 10-dan günorta 2-yə qədər şəhərin Bloor və Spadina küçələrinin kəsişməsində, Toronto Universitetindən cəmi 1-2 blok aralıda keçirilirdi. Tədbiri Toronto şəhər bələdiyyəsi dəstəkləyirdi və hətta yaxınlıqda onun çadırı da var idi.

Dünənki tədbirdə bir peşəkar rəqs müəllimi (müşahidəmə görə) sadəcə yoldan keçib maraq göstərən təsadüfi insanlara yerindəcə Azərbaycan rəqslərinin əsas hərəkətlərini öyrədirdi. Bir çox insan elə oradaca çox gözəl rəqs etməyə başlamışdı.

Rəqs edənlər arasında həm Şimali, həm də Cənubi Azərbaycan (Azərbaycan Respublikası və İran Azərbaycanı red.) əsilli insanlar olsa da, bu rəqsləri ilk dəfə kəşf edən çox sayda adam da var idi.

Siz rəqs etdinizmi?

Təəssüf ki, mən rəqs edə bilmədim, çünki 7 yaşlı autizmli oğlumun təhlükəsizliyinə cavabdeh idim. Ondan uzaqlaşmaq düzgün olmazdı. Uşaq qorxardı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan rəqsləri Toronto küçələrində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.