Maraqlı

Qayaların arasında raftinq, 700 metrlik asma körpü həyəcanı - çoxlarının xəbərsiz olduğu kanyonlardan FOTOREPORTAJ

24 Avqust 2018 10:40
8 Şərh     Baxış: 13 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstana səfər edənlərin əksəriyyəti ya Tiflisə gedir, ya da Batumiyə. Amma, Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında iki möhtəşəm görünüşlü, insana hüzur verən Martvili və Okatse kanyonları var ki, çoxları bundan xəbərsizdir. Kanyon səyahətinin bahalı olduğu düşünülsə də, əslində 1 nəfərə 150-200 manat bəs edir.

Bakı-Tiflis-Kutaisi yolu, qiymətlər

Kanyonlara getmək üçün Bakı-Tiflis avtobusu ilə Gürcüstana doğru yola çıxdıq. Bakıdan Kutaisiyə birbaşa reys olmadığından əvvəlcə Tiflisə, oradan da qatarla Kutaisiyə yollandıq. Bakıdan Gürcüstana gedən avtobuslar hər gün axşam saat 9, 10 və 12-də Bakı Beynəlxalq avtovağzalından çıxır, sərhəddə sıxlıq olmasa təxminən səhər saat 7-də, 8-in yarısında Tiflisin Ortaçala avtovağzalında olur. Biletin qiyməti dəyişməyib, 12 manatdır.

Kürdəmir, Gəncə, Tovuz və Qazaxda bir neçə dəqiqəlik fasilələrlə dayanan avtobus səhər saat 5-də Sınıqkörpü (Qırmızıkörpü) adlanan sərhəd keçid məntəqəsinə çatdı. Sərhəddə hər zamankı kimi sıxlıq var idi. Azərbaycanın gömrüyündən tez keçə bilsək də, Gürcüstanın gömrüyündə pasport kontrol masasında cəmi 1 işçi olduğuna görə yarım saatdan çox vaxt itirdik.

Kutaisi

1 saat sonra Tiflisin Ortaçala adlanan beynəlxalq avtovağzalına çatdıq. Buradan birbaşa Kutaisi hava limanına gedən sprinterlər var idi ki, 10 lariyə Kutaisi avtovağzalının yaxınlığına qədər aparırdı. Lakin, qatarla səyahət daha maraqlı gəldiyi üçün avtobusla Tiflis mərkəzi dəmiryol vağzalına gəlib, 8 lariyə Kutaisiyə bilet alıb, 9-da yola çıxdıq.

Qatara bileti internet vasitəsi ilə almaq üçün sayt 

(Qeyd: bileti onlayn alarkən qiymət 2 lari baha olur)

5 saat yarımlıq yoldan sonra Kutaisi I dəmiryol stansiyasına çatdıq. Buradan 1 nömrəli avtobus Kutaisi avtovağzalına aparır. Kutaisinin yolları ensiz, səliqəlidir.

Kutaisidə otel qiymətləri yüksək deyil. Amma, pula qənaət üçün reytinqi yüksək olan hostelə üstünlük vermək olar. Çünki, hostellər həm ucuzdur, həm də yeməkxanası var ki, burada özünüzə yemək bişirə, çay dəmləyə, buterbrod, sendviç hazırlaya bilərsiniz.

Səfərə çıxmazdan əvvəl booking.com saytı vasitəsi ilə bron etdiyimiz hostel avtovağzalın yaxınlığında, Çavçavadze küçəsində idi. Küçə Qara Qarayev metro stansiyasının ətrafını xatırladırdı. Həmçinin, vağzalın yanında ticarət mərkəzləri, "exchange"lər, Geocell-in ofisi, kafe və restoranlar, otellər, hostellər, Mc Donalds da var. Geocell-in ofisindən pulsuz turist nörməsi almaq mümkündür. 5 lari ödəməklə 2 gb internet əldə edib, Gürcüstanda olduğunuz vaxt ərzində daima onlayn ola bilərsiniz.

Hostelin yeməkxanasında divarda Gürcüstan bayrağının altında yazılan "Russia occupied my country" (Rusiya ölkəmi işğal edib) yazısı diqqətimizi çəkdi.

Hosteldə divarda Azərbaycanın bayrağı da asılmışdı. Ölkələrin pul vahidləri yapışdırılmış lövhədə bizim bir manatlıq əskinas da var idi.

Kutasidə Botanika bağı, Baqrati kilsəsi, Gelati monastrı kimi gəzməli-görməli yerlər var. Gelati monastrında Gəncə qapıları saxlanılır. Qapı IV Davidin məzarının yanındadır.

Gürcüstanda gəzən zaman maps.me proqramı çox köməyinizə çatacaq. Çünki proqram internet olmayanda da işləyir və harada olduğunuzu göstərir. Telefonunuzun daimi enerji təminatı üçün özünüzlə yola çıxmazdan əvvəl "powerbank" götürməyi unutmayın.

Hər iki kanyona getmək üçün Kutaisi avtovağzalına gəlmək lazımdır. Avtovağzalın ön tərəfində Tbilisi, Batumi, arxasında isə Martvili mikroavtobusları dayanır. Mikroavtobuslarla 5 lariyə təxminən saatyarıma Martvili kanyonuna getmək olur. Həm Martvili, həm də Okatseyə gedən avtobuslar Khoni şəhər mərkəzindən keçir.

Kutaisidən Martviliyə gedərkən yolda Gürcüstanın parlament binasını da görmək mümkündür. Sakinlərdən binanın niyə burada tikildiyini soruşduqda, "tez-tez mitinq təşkil olunmasın deyə şəhərdən kənardadır", - deyə cavab verdilər.

Martvili kanyonu

Martvili kanyonuna yerli sakinlər Qaçedili kanyonu da deyirlər. 2000-ci illərin əvvəllərində kanyon tamamilə unudulmuş, baxımsız vəziyyətdə olub. 2016-cı ildə Gürcüstan höküməti əraziyə turist cəlb etmək üçün 500 min dollardan artıq xərc çəkdikdən sonra hazırda Gürcüstanda ən çox turist gələn ərazilərdən birinə çevrilib.

Kanyona giriş vaxtını (10:00 - 18:00) əvvəldən bilmədiyimiz üçün saat 9-da Martviliyə çatmışdıq. Vaxtın bitməsi üçün ətraf əraziləri gəzdikdə yaxınlıqdakı körpüdən martvili kanyonuna yuxarıdan baxmaq və yaxınlıqdakı gölün gözəl mənzərəsini seyr etmək şansımız oldu.

Kanyonun yaxınlığında restoran, meyvə-tərəvəz satılan yerlər, ərzaq mağazası var ki, qiymətləri yüksək deyil.

Kanyona giriş məntəqəsində xeyli adam var idi. Kanyona giriş turistlər üçün 15 lari, qayıqla üzmək isə 13 laridir. Əgər raftinq fikriniz yoxdursa, sadəcə 15 lariyə kanyonda gəzmək də olar. Qiymət yüksək olsa da, kanyonun möhtəşəmliyinə görə dəyər.

Qayıqla raftinq zamanı batmaq təhlükəsi sıfıra bərabərdir. Çünki su çox dayazdır və hər ehtimala qarşı xilasedici jilet verilir. Qayığa bələdçidən əlavə 4 nəfər yerləşir. Qayıqla qayalıqların arasından keçərkən gələn su səsi, yaxınlıqdakı şəlalədən qayalıqlara çırpılan su damcılarının sərinliyi insana hüzur verir, sakitləşdirir, bütün yorğunluğunu unutdurur. İnsan 15 dəqiqə davam edən raftinq vaxtının bitməməsini arzulayır. Suyun qəribə rəngi insanı valeh edir.

Каньон Мартвили - тайное сокровище Грузии

Təxminən yarım saat kanyonda gəzdikdən sonra Okatse-yə getmək üçün yola düşdük. Martvilidən Khoni şəhər avtovağzalına gedib avtobusla ya da Okatseyə qalxan yolun kəsişməsində düşüb, oradan taksi, avtobus, avtostopla digər kanyona getmək mümkündür.

Okatse kanyonu

Girişi 15 lari olan kanyon Gordi kəndində yerləşir. Hər il bura 150 mindən çox turist gəlir. Girişdən təxminən 2 kilometr məsafədə asma körpü var. Buraya həm piyada, həm də off-road taksiləri ilə getmək olur. Off-road taksiləri 20 lariyə asma körpüyə qədər aparıb-gətirir. Piyada cığırı ilə asma körpüyə gedib-gəlmək təxminən 3 saatdan çox vaxt alır.

Buna görə də, gedəndə off-road maşınlarla gedib, qayıdanda piyada gəlmək yaxşıdır. Kanyondan avtobus saat 5-də Khoni şəhər mərkəzinə gedir. Əgər pula qənaət etmək istəyirsinizsə dayanacaqda avtobus gözləməmək üçün o vaxta qədər Okatse kanyonunda vaxt keçirmək ən yaxşısıdır.

Asma körpüyə piyada getmək maraqlı və sərfəli olsa da, off-road avtomobillərini seçməklə həm vaxta qənaət etmiş, həm də adrenalin yaşamış olarsınız. Yollar çox həyəcanlı və dikdir, hətta avtomobillə hərəkət zamanı buna görə 10 larinin də az olduğunu düşünə bilərsiniz. Bu yollarla sadəcə Niva və "Toyota"nın cip modelləri hərəkət edə bilir.

Asma körpü kanyonun üzərindən keçir. Uzunluğu 700 metr olan körpü 144 metr hündürlükdədir və ensizdir. Kənardan adrenalin dolu görünsə də, yüksəklik qorxusu olmayanlar üçün çox da həyəcanlı deyil. Körpü qayalıqlara möhkəm bərkidildiyinə görə böyüklər üçün tam təhlükəsizdir, gəzərkən ayağının altındakı taxtalar əsmir. 

Körpüdə gəzmək üçün ideal hava şəraiti buludlu, günəşsiz 27 dərəcədir. Hava çox isti olduğu zaman körpüyə gün düşdüyünə görə hərəkət etmək çətinləşir. Buna görə də, əvvəldən "Google weather" vasitəsi ilə səfərinizi havanın yağışsız, 27-31 dərəcə olduğu vaxta planlamaq məsləhətlidir.

Körpüdən qayıdan cığırda kiçik restoran var ki, burada 2 lariyə bir çaynik çay alıb, həm dincəlmək, həm də mənzərədən zövq almaq olar.

Gəzintinin klüminasiya nöqtəsi körpünün kanyon üzərindəki təxminən 15 metrlik xaç formasında olan çıxıntısındakı hissədir. Burada o qədər turist olur ki, fürsət tapıb şəkil çəkdirmək olmur. Okatse kanyonunda ideal görüntülər əldə etmək üçün ən yaxşı vasitə drondur.

Bundan başqa yaxınlıqda Kinçka şəlaləsi, Prometheus mağarası və dinozavrların ayaq izlərinin olduğu iddia edilən park var. Vaxtımız az olduğuna görə oralara gedə bilmədik.

Kanyondan 3-də çıxdığımıza görə avtobusun gec gələcəyini düşünüb, taksiylə Kutasiyə yollandıq. 15 lariyə təxminən 1 saata Kutaisi avtovağzalına çatdıq. Oteldə dincəldikdən sonra 10 lariyə avtovağzaldan çıxan mikroavtobusla Batumiyə yola düşdük.

(Okatse kanyonunda gəzinti və selfi video)

Batumi (Sevgi şəhəri)

Batumiyə gedən yollar da Batumi qədər gözəldir. Ətraf tamamilə yaşıllıqdır. Hava çox vaxt sərin olur. Batumiyə gedən yol Kobuletidən keçir ki, bura möhtəşəm mənzərəsi ilə valeh edir. Kobuletidən 15-20 dəqiqə sonra Batumi avtovağzalına çatdıq. Tiflisdən və Kutaisidən gələn mikroavtobuslar şəhərin mərkəzində, kanata giriş məntəqəsinin qarşısında saxlayır və elə ordan da geri qayıdır. 

Kanata giriş məntəqəsindən başlayan Batumi bulvarı kilometrlərlə uzanır. Batumiyə, əsasən, "Love city" (eşq şəhəri) deyirlər. Şəhərin sahilində, meydanlarında, geniş küçələrində əlində ürək tutan heykəllər də bunu deməyə əsas verir. Batumidə küçələr geniş, səliqəli və təmizdir. Burada metro yoxdur. Sakinlər nəqliyyat vasitəsi kimi avtobuslardan istifadə edirlər. Gediş haqqı isə 40 tetri, təxminən 28 qəpikdir. Şəhərdə iri kazinolar diqqət çəkir. Batumidə hətta Bakı (Baku) küçəsi də var.
Şəhərdə demək olar ki, turistlər üçün bütün şərait yaradılıb. Bulvarda 15, 20 metrdən bir 2, 4 təkərli velosiped, elektrikli skuterlər kirayə verilən yerlər var. Qiymtlər minik vasitəsinə görə dəyişir. Velosipedlərin bir saatı 5 lari, elektrikli skuterlərin qiyməti isə 1 saatı 50 laridir. Motosikletlər təxminən 30-40 km/saat sürətlə velosiped üçün nəzərdə tutulan ətrafında palmalar əkilmiş çəhrayı zolaqla hərəkət edir. 50 lari verməklə yarım saat ərzində bütün bulvarı başdan axıra gəzmək mümkündür.

Bulvarda çoxlu kafe və restoranlar, üzərində Əli və Ninonun heykəlinin əks olunduğu maqnitlərin satıldığı kiçik obyektlər, Osmanlı dövründə tikilən Mayak, Əlifba qülləsi, Əli və Nino heykəli, Çaça qalası və kazinolar var. Burada Bakı bulvarındakı kimi bahalı mərmərlər yoxdur. İnsanlar otların üzərində oturub dincələ bilirlər. 

Bulvarda anidən bikinidə gəzən qızlar və ya maykasız gəzən oğlanları görsəniz təəccüblənməyin. Çünki Bulvarda dənizin sahili pulsuz çimərlikdir və yüzlərlə insan dəniz kənarında dincəlir. Lakin Bakıdan fərqli olaraq sahil qumluq deyil, çınqıllıqdır.

Hava şəraiti əsasən sərin olduğuna görə dənizin suyu çox da isti olmur. Lakin, buna baxmayaraq çimərlikdə o qədər adam var idi ki, uzanmağa yer tapmaq çətin oldu. Dəniz isə 1 metrdən sonra xeyli dərinləşir, buna görə də suda çox uzağa getmək olmur. Çimərlikdə hər 10 metrdən bir geyinib-soyunmaq və duş almaq üçün yerlər var.

Batumi bulvarında yerləşən, turistlərin ən çox diqqətini çəkən abidələrdən biri də Qurban Səidin 1937-ci ildə yazdığı məşhur "Əli və Nino" əsərinə həsr olunan "man and woman" dəmir heykəlidir. Heykəli ilk dəfə görəndə həyəcanlanmamaq əldə deyil. Çünki sənin vətəninə aid əsərin abidəsinin başqa ölkədə qoyulması və turistlərin onu heyranlıqla seyr etməsi qürurvericidir. Heykəl gürcü hekyəltaraşı Tamara Kvesitzade tərəfindən hazırlanıb. Uzunluğu 8 metr olan heykəl daima hərəkətdədir. Əli ilə gürcü Nino heykəldə bir-birinə hər on dəqiqədən bir qovuşur.

Batumidən Bakıya birbaşa avtobuslar gəlir. Yer tapmaq çətin olur. Yaxşısı Batumi-Tiflis qatarı ilə Tiflisə gəlib, oradan Azərbaycana keçməkdir. Tiflis mərkəzi dəmiryol vağzalından Qırmızı-körpü sərhəd məntəqəsinə taksilər 40 lariyə aparır. Sərhəddi keçdikdən sonra isə 1 saatdan bir komfortlu avtobus, yarım saatdan bir mikroavtobus və taksilər Bakıya gətirir.

Gürcüstana səyahət zamanı kanyonlara və digər turistlik zonalara girişin gürcülər üçün ucuz, turistlər üçün baha olması ən çox diqqətimi çəkən məqamlardan oldu. Görünür gürcülər öz xalqına turistlərdən daha çox önəm verir və turizmdən yüksək gəlir götürmək istəyir.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.