Maraqlı

Peyğəmbər (s) ağlamağı qadağan etməyib

16 Avqust 2018 23:10
0 Şərh     Baxış: 2 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Muhəmməd Peyğəmbərin (s) Mariyeyi-qibtiyyə adlı kənizdən olan oğlu İbrahim hicri 10-cu (miladi 630-cu) ildə iki yaşına çatmadan dünyasını dəyişdi. Bundan əvvəl də Peyğəmbərin (s) Xədiceyi-Kübradan olan oğulları dünyadan köçmüşdülər. Quranda buyurulduğu kimi, o həzrət oğul atası sayılmamış və nəsli qızı Fatimənin (ə) vasitəsilə davam etmişdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, İbrahimi dəfn edərkən Allahın Rəsulu (s) onu qucaqlayıb öpdü, ərtrini iylədi, göz yaşlarını gizlədə bilməyib ağladı. Yanındakı səhabələrə bu hərəkət qəribə gəldi, çünki onlar Allahın Rəsulunu (s) həmişə güclü iradəli bir şəxsiyyət kimi görməyə adət etmişdilər. Hətta Əbdürrəhman ibn Avf heyrətin büruza verərək soruşdu: "Səndəmi, ey Allahın Rəsulu (ağlayırsan)?" Peyğəmbər (s) onun cavabında buyurdu: "Ey Avfın oğlu, bu (yəni göz yaşı) rəhmətdir". Yəni mən də atayam və öz körpə oğlumun ölümünə mərhəmətlə yanaşıram. Yaxud göz yaşları Allahın bizə bir lütfüdür ki, icimizdəki ağrı-acıdan bunun vasitəsilə xilas olmaq imkanını bizə verib. Həqiqətən, insan ağlamaqla yüngülləşir və təskinlik tapır.

Ardınca həzrət buyurdu: "Həqiqətən, göz ağlayır, qəlb dərd çəkir. Amma biz Rəbbimizin razılığı olmayan bir söz danışmarıq. Ey İbrahim, həqiqətən, biz sənin ayrılığından kədərlənirik".

Bu hadisə ağaşıdakı mühüm mənbələrdə öz əksini tapmışdır:

Səhih əl-Buxari, Kitab əl-Cənaiz, hədis 1303;

Səhih Müslim, Kitab əl-Fəzail, hədis 6025 (2315);

Sünən İbn Macə, Kitab əl-Cənaiz, hədis 1589 və s.

Allahın Rəsulu (s) bəzi səhabələrin ölümünə də kədərlənib ağlayırdı. Bunlardan biri Osman ibn Məzun idi. Məkkə əsilli, Qüreyş soylu Osman ibn Məzun İslamı qəbul edən 14-cü şəxs kimi tarixə düşüb. O, Həbəşistana hicrət etmiş dəstənin başçısı idi, amma az sonra Məkkədə vəziyyətin yaxşılaşması barədə şayiəni eşidib vətənə qayıtmışdı. Osman ibn Məzun çox ibadət edən bir insan kimi tanınırdı. O, Bədr döyüşündən az sonra vəfat etmiş və Bəqi məzarlığına gömülmüşdü.

Həzrət Muhəmməd Peyğəmbər (s) Osman ibn Məzunun dəfni zamanı onun cənazəsini öpüb ağladı. Bunu əhli-sünnə alimləri içində xüsusi yeri olan Hakim Nişaburi "əl-Müstədrək əla-l-Səhiheyn" kitabında (1-ci cild, səh. 508, hədis 1335) Peyğəmbərin (s) həyat yoldaşı Aişə xanıma istinadən rəvayət etmişdir.

Peyğəmbərimiz (s) əhatəsində olan müsəlmanlara, xüsusilə, qadınlara öz ölüləri üçün ağlamaq icazəsi vermişdi (əlbəttə, həddi aşmamaq şərti ilə). Həmzə ibn Əbdülmüttəliblə bağlı bölümdə qeyd edildiyi kimi, həzrət özü Mədinə qadınlarına tapşırmışdı ki, Həmzə üçün ağı deyib ağlasınlar.

Bir gün Allahın Elçisi (s) bir dəfn mərasiminə qatılmışdı, Ömər ibn Xəttab da onunla birlikdə orada idi. Qadınların ağı deyib ağlamaq səsi eşidildi. Ömər ibn Xəttab qışqırıb qadınları qovlamağa çalışdı (hətta onları qırmancla vurmaq istədiyi rəvayət edilir). Bu zaman Peyğəmbər (s) onu çəkindirib buyurdu: "Ey Ömər, onları burax. Göz ağlayar, qəlb müsibət çəkər, Allahın vədi (ölüm) isə yaxındır".

Bu hadisə aşağıdakı mənbələrdə qeyd edilmişdir:

Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 1-ci cild, səh. 531-532, hədis 1407;

Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, 3-cü cild, səh. 17;

Əhməd ibn Hənbəl öz Müsnədində bu hadisəni fərqli variantlarda bir neçə dəfə rəvayət etmişdir (hədis 2127, 3103, 5889 və 9692);

Sünən İbn Macə, Kitab əl-Cənaiz, hədis 1587.

Qeyd edilənlərə nəticə vuraraq deyə bilərik ki, İslamda dini niyyətlə, məsələn, Allah qorxusundan, öz günahlarını yada salaraq ağlamaq bəyənilən əməl sayılır. Bununla yanaşı, öz əzizinin itkisinə kədərlənərək ağlamaq da dinimizdə qadağan deyil. Məsumlarımız, o cümlədən, Həzrət Muhəmməd Peyğəmbər (s) öz yaxınlarının vəfatına ağlamış, ətrafındakıların ağlamasını nəinki qadağan etməmiş, hətta onları buna təşviq etmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.