Maraqlı

Bura sanki başqa dünyadır - "Nağıllar aləmi" - FOTO

25 İyul 2018 17:28
4 Şərh     Baxış: 3 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Avropada, Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən Norveç turistlərin ən çox səyahət etdikləri ölkələrdəndir. Norveçin Bergen,Tromso, Flam, Oslo kimi şəhərləri özünəməxsus təbiəti və mədəniyyəti ilə məşhurdur.

Milli.Az dünyanın ən sakit və sülhsevər ölkələrindən biri hesab edilən Norveçin turizm şəhərləri haqqında məlumat verir.

Gözəl təbiətə məxsus Oslo Norveçin paytaxtıdır. Şəhər 2019-cu il üçün "Avropanın Yaşıl Paytaxtı" seçilib. Bundan başqa "Lonely Planet"in 2018-ci il üçün "ən yaxşı səyahət" siyahısında birinci olub. VIII-XI əsrlərdə Norveçdə "Vikinqlər dövrü" adlanır. Qədim Norveç dastanlarına əsasən isə Oslo şəhəri 1049-cu ildə III Harald tərəfindən qurulub. Əvvəllər Kristiania adında olan şəhər, 1925-ci ildə Oslo adını alıb. Paytaxtda Akershus qalası və digər qədim tarixi abidələr, eləcə də Vikinq Gəmi Muzeyi, Viqeland muzeyi və s. muzeylər hər il minlərlə turistin gəlməsinə səbəb olur. Şəhər həmçinin, dünyada ən çox mükafatlandırılan qəhvə istehsalçıları ilə də məşhurdur.

Bergen Norveçin ikinci ən böyük şəhəridir. Burada mərkəzi küçələr və "şimal məhəllələri" adlanan sahələr meşə və yeddi dağ ilə əhatələnib. Bu mənzərə Bergenin məşhur "nağıl evləri"ni canlandırır. Bergendə təzə dəniz məhsullarına və digər yerli ləzzətlərə rast gəlmək olar. Şəhərdə incəsənət abidələrinin, musiqinin, muzey və qalereyaların səs-küylü harmoniyasını duymaq olur. Bergenin orta əsrlərə aid Hanseatik limanı və 60 tarixi binası YUNESKO-nun Ümumdünya İrsinin 12-ci əsr abidələri siyahısında yer alır.

Tromso ölkənin şimal hissəsində iki adada Troms əyalətində yerləşir və Şimali Norveçin ən böyük şəhəridir. Şəhər şimal qütbündə yerləşdiyi üçün burada günəş may ayından iyul ayına qədər heç batmır. Bizim qütb gündüzü adlandırdığımız bu hadisə gecə yarısı günəş (the midnight sun) kimi ifadə olunur. Həmçinin, "The Northern Lights" (şimal işıqları) adlanan şimal qütb işıqları təbiət hadisəsini də burada seyr etmək olar.

Flam Norveçin dar vadilərlə əhatə olunmuş kiçik bir kəndidir. Buna baxmayaraq, ilin bütün fəsillərində minlərlə turist buraya səyahət edir. Uzunluğu 20 kilometr olan Flam dəmir yolu xəttinin təbiətlə vəhdəti turistlərin ən çox marağına səbəb olan yerlərdəndir. Bu, həmçinin dünyanın ən dik dəmir yolu xətti hesab edilir və 2014-cü ildə "National Geographic Travel" jurnalı tərəfindən dünyanın ən gözəl 10 dəmir yolu siyahısında yer alıb. Bu kiçik kənd həm də dünyanın ikinci ən böyük körfəzinə sahibdir. Körfəz YUNESKO-nun Ümumdünya İrsi siyahısında yer alır.

Əhalinin böyük əksəriyyəti norveçlilər olsa da, burada isveçlilər, danimarkalılar və s. kimi digər xalqın nümayəndələri də yaşayır. Norveçdə ənənəvi xalq rəqsləri, mahnıları və hekayələri olduqca məşhurdur. Ölkə incəsənət sahəsində əhəmiyyətli insanlar yetişdirib. Bunlardan rəssam Edvard Munch, bəstəkar Edvard Grieg, heykəltaraş Qustav Vigeland və yazıçı Henrik İbseni və s. misal göstərmək olar.

Şimalın insan ayağı dəyməmiş yerləri, qayalı sahilləri, mənzərəli körfəzləri, tarixi-memarlıq abidələri ilə zəngin olan Norveçi dünyanın "nağıllar aləmi" adlandırmaq olar.

Afaq Rza

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.