Maraqlı

"Kino hissiz, ürəksiz olub"

23 İyul 2018 01:30
0 Şərh     Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyor Andrey Myaqkov deyir ki, xoşbəxt nikahın heç bir sirri yoxdur, sadəcə, sevmək lazımdır 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Andrey Myaqkovun milyonlarla pərəstişkarı var. "Taleyin ironiyası"nda Jenya Lukaşin, "İşdə məhəbbət macərası"nda Novoselsev, "Amansız romans"da Karandışev... Hər dəfə də aktyor özünün səmimiliyi, istedadı və müdafiəsizliyi ilə pərəstişkarlarının qəlbini fəth edib. Yaraşıqlı olmasa da, qadınlar ona pərəstiş edirlər. O, oynadığı rollarla cəlbedici, ancaq uğursuz insanların obrazlarını yaradıb. Amma Andrey Myaqkovun gerçəkdə necə insan olmasını, demək olar ki, çoxları bilmir. O, özü haqqında kitablar yazmır, özünə teatr tamaşaları həsr etmir, banketlərdə görünmür, demək olar ki, müsahibə də vermir. 

Andrey Myaqkov kinoda 50-ə yaxın rol oynayıb. Onların arasında çox ciddi işlər var: "Karamazov qardaşları", "Qaraj"... Ancaq tamaşaçılar üçün Myaqkov ilk növbədə Eldar Ryazanovun sevimli komediyası - "Taleyin ironiyası və ya həmişə təmizlikdə" filmindəki Jenya Lukaşindir. Tamaşaçılar bu filmə heyran olmuşdular. "Əgər Andrey Myaqkov təkcə "Taleyin ironiyasında"kı həkim Jenyanı oynasaydı belə, o, sovet kinematoqrafiyası pərəstişkarlarının yaddaşında ömürlük qalacaqdı" - deyə tənqidçilər yazırdı. Filmin ümumittifaq premyerasından sonra aktyorun poçt qutusu demək olar ki, hər gün məktublarla aşıb-daşırdı. Pərəstişkarlarından biri 20 il dalbadal ona yazmışdı. O, romantik qəhrəman deyildi, ancaq rayon poliklinikasının sadə cərrahı Jenya Lukaşin milyonlarla qızların və qadınların ürəyini zəbt etmişdi. İndiki dildə deyildiyi kimi: aktyor 70-ci illərin seks simvoluna çevrilmişdi. 

Adətən, populyarlıq aktyorlara illərlə gəlir. Andrey Myaqkov isə istisna idi. Onun çəkildiyi filmlər hər il 31 dekabrda ekranlara çıxır. Hərçənd Myaqkov bunu ajiotaja çevirməyin tərəfdarı deyil: "Mənə elə gəlir ki, "Taleyin ironiyası"nı həddən artıq şişirtdilər. Mən artıq bu filmi sevmirəm və 20-ci dəfə bu filmə baxanları başa düşmürəm". 

A.Myaqkov öz rollarından fərqli həyat yaşayırdı. Məsələn, öz qəhrəmanından fərqli olaraq, o heç vaxt içki içmir, hamama ümumiyyətlə, dözümü yoxdur. 

"İşdə məhəbbət macərası"nın hər bir səhnəsini də tamaşaçılar əzbər bilir. Bu filmin sitatları çoxdan xalqın dilinin əzbərinə çevrilib. Filmin sonunda o, "Volqa"da Alisya Frendlixlə xoşbəxt ailə həyatına yol alır. Ancaq aktyorun bu qədər populyarlığına baxmayaraq, onun heç vaxt "Volqa"sı olmayıb. Sovet dövründə belə maşınları yalnız böyük rəislər sürə bilirdi. 

A.Myaqkov 60 ildən çoxdur ki, aktrisa Anastasiya Voznisenski ilə xoşbəxt yaşayır. Aktyor öz nikahında qəhrəmanlarını qətiyyən xatırlamır. O, ailənin mütləq rəhbəridir, bütün qərarları da o qəbul edir. 

Gənc aktyorlar, əlbəttə, Myaqkov kimi uğur qazanmağı arzulayırlar. Ancaq o heç vaxt öz üstünlüklərindən istifadə etmir, özünü ulduz saymır. Teatrın rəhbərindən xadiməsinədək hamıya hörmətlə yanaşır. O, seriallarda və reklamlarda çəkilib daha yaxşı pullar qazana, məsələn, özünə son marka avtomobil ala bilərdi. Ancaq bu, ilk növbədə onun prinsiplərinin əksinə olardı. Onun əsas xüsusiyyətlərindən biri - nə xeyirli və ya nüfuzludursa, onunla yox, xoşuna nə gəlirsə, onunla məşğul olmaqdır. Beləcə, o, bir neçə il bundan əvvəl rəssamlıqla məşğul olmağa başladı. Düzdür, sərgi onu təmin etmir, çünki öz işlərini satmağı xoşlamır. Çəkir, sonra isə "kimi sevirəm, ona bağışlayıram" prinsipi üzrə işlərini hədiyyə edir. O daha çox həyat yoldaşının şəkillərini çəkməyi xoşlayır. Aktyorun digər bir istedadı isə dedektiv müəllifi olmasıdır. Artıq onun trilogiyası çapdan çıxıb. Hətta onun birinci kitabını oxuyan ssenarist Aleksandr Borodyanski bu barədə film çəkməyi qərara alıb. 

Nadir hallarda jurnalistlərin suallarına cavab verən Andrey Vasilyeviç 80 illiyi ilə bağlı "Komsomolka"nın suallarından qaça bilməyib. 

- Andrey Vasilyeviç, siz qəlbinizin səsi, yoxsa şəraitin diqtəsi ilə aktyor oldunuz?

- Bilirsinizmi, gənclikdə müəyyən avantüralar olur. Bizim nəslimizdə heç vaxt artist olmayıb, amma mən teatrı sevirdim. Mən axı, leninqradlıyam, yaxud indi deyildiyi kimi, sankt-peterburqlu. Mən teatra olan sevgimə görə, Georgi Aleksandroviç Tolstonoqova minnətdaram. O, həmin illərdə Leninqrada gələrək teatra rəhbərlik etməyə başladı. Mən Kimya-Texnologiya İnstitutunda oxuyurdum və oranı bitirərək diplom aldım. Birdən özümü teatr aləmində görmək istədim və yenidən tələbə skamyasında əyləşdim. Moskvaya getdim və MXAT-ın məktəb-studiyasına daxil oldum. 

- Sizə ilk populyarlığı hansı rolunuz gətirdi?

- Teatrda bir rolun artistə populyarlıq gətirdiyi məqamlar olmur. Artist teatrda kifayət qədər uzun vaxt can qoyur. Bu, uzun-uzadı yaradıcı prosesdir və bu, qaçılmazdır. Düşünmürəm, dünya teatrı tarixində belə təsadüf olsun ki, aktyor teatr həyatına daxil olsun və dərhal məşhurlaşsın. Teatrda bir dəfə parlaq oynaya bilərsən, növbəti dəfə isə hər şeyi korlayarsan. Yalnız öz ixtisasının aparıcısı olmağa başlayandan sonra səhnə səni qəbul edir və sən öz qüvvəni daha düzgün göstərə bilirsən. Kinematoqrafiyada isə dərhal məşhur ola bilərsən. 

- Sizin həyatınızda da belə oldu?

- İlk kino rolum Elema Klemovanın "Diş həkiminin sərgüzəştləri" filmindəki rolum oldu. Mən ondan sonra məşhur ola bilərdim, ya yox - indi demək çətindir. Çünki film ekranlara çıxmadı, 30 ilə yaxın rəflərdə yatıb qaldı. 

- Nə üçün o film belə uğursuz oldu?

- 1965-ci ildə film bizim senzuradan keçmədi və bu, kifayət idi. Filmin ssenarisini məşhur dramaturq Aleksandr Volodin yazmışdı. Böyük hesabla bu film şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibətləri haqqında pritça idi. Ətrafda necə olmalıdır, kimsə cəmiyyətdən ayrılırsa, təhlükəsiz qalırmı və s. kimi suallara cavab axtarılırdı. Mənim qəhrəmanım diş həkimi idi və dişləri ağrısız çıxarıb ata bilirdi. Digər həkimlər isə onun kimi peşəkar deyildilər. Bu fəlsəfi filmdə bizim senzura insan münasibətlərinə sovet hakimiyyətinə qarşı təhlükə kimi yanaşdı və filmin nümayişinə maneə yarandı. 

- Hansı rolunuzu kinoda debüt hesab edirsiniz?

- "Karamazov qardaşları"nda Alyoşa rolu mənim kinoda ilk işimdir. Bu filmi Dostoyevskinin məşhur əsərinin çox da yaxşı olmayan interpretasiyası hesab etməyimə baxmayaraq, mənə ilk uğuru gətirən də məhz bu film olub. 

- Tarixdən məlumdur ki, qədim rusların soyadları çox vaxt xarakterlərini, bəzən əcdadlarının peşələrini, bəzən də yaşayış yerlərini ifadə edib. Sizin soyadınızda xarakterinizin müəyyən cizgilərini tapmaq olarmı?

- Myaqkov - kifayət qədər qədim zadəgan soyadıdır. Bizdə nəsildən-nəslə soyadın vurğusu dəyişir. Atamın soyadında vurğu axırıncı hecaya, babamda ilk hecaya düşür. Mənim soyadımı isə ilk hecada tələffüz etmək lazımdır. Xarakterin cizgilərinə gəlincə... demək çətindir. Mən daha çox sərt adamam, nəinki yumşaq... 

- Əgər siz Tolstonoqovun istedadının təsiri altına düşməsəydiniz, kimyaçı işləyəcəkdiniz?

- Mən kimyaçı-texnoloq ixtisası üzrə təhsilimi bitirib göndərişlə Leninqrad Layihə İnstitutuna göndərildim. Yaxşı institut idi. Ancaq mən kimyanı sevmirdim. 5 il tələbəlik illərində də bu elmə sevgi yarada bilmədim. 

- Bəs siz niyə məhz bu sahəni seçmişdiniz?

- Çünki kimya-texnologiya institutunda möhtəşəm tamaşaçı salonu və nəhəng səhnə var idi. 

- Valideynləriniz bu seçiminizə necə yanaşdılar?

- Valideynlərim kimyaçı deyildilər. Atam nəzəri mexanika üzrə elmlər doktoru, anam fizik idi. Onlar mənə dedilər ki, ilk növbədə ixtisasa yiyələn, sonra əgər teatrsız yaşaya bilməsən, öz istəyinlə hərəkət edərsən. Ancaq mən o institutda yaxşı tələbə teatral kollektivin olduğunu gördüm. Bu isə gələcək planlarımı dəyişdi. 

- Boş vaxtlarınızı nəyə sərf edirsiniz?

- Əgər boş vaxtım qalırsa, mən qəlbim üçün nəsə yazmağı xoşlayıram. Hə, ilk növbədə özüm üçün. Bunu yazıçı işi hesab edə bilmərəm.

- Özünüzü nəsrdə, yoxsa poeziyada tapırsınız?

- Nəsirdə. Poeziya - artıq yaşıma görə deyil. Bundan əlavə, rəsm çəkməyi xoşlayıram. 

- Son illər demək olar ki, kinoda çəkilmirsiniz. Səbəb nədir?

- Biz utanmadan amerikalılara dəstək göstəririk. Zorakı, döyüş filmləri, dava-dalaş... Kino hissiz, ürəksiz olub. Bu, rus incəsənəti deyil. Biz ondan tamamilə uzaqlaşmışıq. Sovet kinosunun öz sifəti var idi, indi onu qoparıblar. Əvəzində isə Amerika fizionomiyasını çəkiblər. 

- Bəs sizə ümumittifaq şöhrəti gətirən "Taleyin ironiyası" haqqında nə deyə bilərsiniz?

- Film ekranlara çıxandan sonra mənə süpürgə bağışlayırdılar, barmaqları ilə toxunurdular. İndi bütün bunlar itib, yaş öz işini görüb. Ümumiyyətlə, mən inanmıram ki, film bundan sonra kiməsə xoş gələcək. Çəkiliş meydançasında Eldar Ryazanov isti mühit yaratmışdı. Bunu heç bir rejissor onun kimi bacarmazdı. Mən meydançaya hər gəlişimdə zövq alırdım. Ryazanov aktyorlara pərəstiş edirdi və onların qabiliyyətini üzə çıxarmağı bacarırdı. Çəkiliş vaxtı çoxlu zarafatlar, yumorlar olurdu. Həmin çəkilişdəki gödəkcə və şərfi o vaxtdan saxlamışam, papağı isə itirdim. Ryazanov çox xeyirxah və səmimi adam idi. Ancaq çəkiliş zamanı nəsə onun istədiyi kimi olmasaydı, dərhal sərtləşirdi. Belə məqamlarda ən yaxşı halda onu görməmək lazım idi.  
  
- Siz Anastasiya Voznesenski ilə 60 ildir ki, birgə yaşayırsınız. Çoxları bu evliliyə qibtə ilə yanaşır. Ümumiyyətlə, bu cür dözümlü və sadiq münasibətlər aktyor mühitində çox nadirdir.

- Mən Anastasiya ilə tələbə partası arxasında oturarkən tanış olmuşam. İkinci kursda isə biz evləndik. Artıq qızıl yubileyimizi də qeyd etmişik. Əsl sevginin rəqibi ola bilməz. Bir neçə il əvvəl mənim həyatım ölümlə-qalım arasında idi. Onda Anastasiya bütün instansiyalara ayaq açıb mənimçün kömək axtardı. O, ürəyimdəki əməliyyatın uğurla həyata keçməsinə nail oldu, həyatımı xilas etdi. Xoşbəxt nikahın heç bir sirri yoxdur. Sevmək lazımdır. İnsan bir-biri üçün hər şeyi səmimi qəlbdən etməlidir. İztirabları birgə yaşamaq, sevinci birgə hiss etmək lazımdır. "Mən bu insansız yaşaya bilmərəm" - deyə düşünməyi bacarmalısan. Bu qədər - daha heç nə lazım deyil. O zaman nikah ömürlük olacaq. Biz Anastasiya ilə həmişə bir yerdəyik. Övladımız yoxdur, ancaq etiraf edirik ki, işimiz bizim üçün hər şeyi əvəz edib. Biz bir pedaqoq kimi MXAT-ın məktəb-studiyasında 3 nəsil aktyor yetişdirmişik. Məgər bu kifayət deyil? Biz o gəncləri Vətənimiz üçün yetişdirmişik, tərbiyə etmişik. Bu, bizim üçün böyük xoşbəxtlikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.