Maraqlı

"Rusiya müdaxiləsindən sonra müdafiəni gücləndirdik" - Zukerberq yenə üzr istədi

24 May 2018 08:45
0 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberq Brüsseldə, Avropa Parlamentinin Vətəndaş azadlıqları, ədliyyə və daxili işlər Komitəsində keçirilən dinləmələrdə çıxış edib.

İKT.lent.az-ın xəbərinə görə, dinləmələr 87 milyon istifadəçinin məlumatlarının sızması ilə bağlı qalmaqalla əlaqədar təşkil olunub.

M. Zukerberq etiraf edib ki, sosial şəbəkə yalan (fake) xəbərlərin yayılmasını, seçkilərə xarici müdaxilələri və istifadəçi məlumatlarından sui-istifadə hallarını əngəlləyə bilməyib: "Biz öz məsuliyyətimizi yetərli səviyyədə dərk etməmişik. Bu, səhv idi və mən üzr istəyirəm". 

"Rusiyanın ABŞ seçkilərinə müdaxiləsindən sonra müdafiəni gücləndirmişik"

M. Zukerberq bildirib ki, "Facebook" ABŞ-dakı 2016-cı il prezident seçkilərindən lazımi nəticələr çıxararaq öz işini təkmilləşdirib: "Biz ABŞ-dakı prezident seçkilərinə Rusiya müdaxiləsini müəyyənləşdirməkdə çox gec davrandıq".

O qeyd edib ki, hazırda sosial şəbəkə bütün dünya üzrə seçkilər zamanı dezinformasiyaların identifikasiyası və silinməsi üçün daha yaxşı hazırlanıb. Belə ki, ötən müddətdə bir sıra vacib seçkilər, o cümlədən Fransadakı prezident, Almaniyadakı parlament seçkiləri, eləcə də ABŞ-ın Alabama ştatındakı Senat seçkiləri zamanı "Facebook"un işi təkmilləşdirilib: "2017-ci ildə Fransadakı seçkilər zamanı biz 30 min saxta səhifə aşkarladıq". 

"Təhlükəsizlik tədbirləri gəlirlərimizi azaldacaq"

M. Zukerberq istifadəçi məlumatlarının sızması ilə bağlı son qalmaqaldan sonra sosial şəbəkənin işində bir sıra dəyişikliklər etdiklərini söyləyib: "Bütün lazımi dəyişiklikləri tətbiq etmək üçün müəyyən vaxt lazım olacaq. Mən insanların təhlükəsizliyini təmin etmək üçün ciddi investisiyalar etməkdə qərarlıyam. Biz bu sahə üçün 20 minə yaxın əməkdaş cəlb edəcəyik". 

İş adamı yeni təhlükəsizlik tədbirlərinin şirkətin gəlirlərinə mənfi təsir etdiyini söyləsə də, onların vacibliyini vurğulayıb. O deyib ki, indi sosial şəbəkə təhlükəsizlik barədə problemləri istifadəçilərin xəbər verməsini gözləmir, şirkət mütəxəssisləri özləri istifadəçi məlumatları ilə işləyən proqramları yoxlayır. Artıq minlərlə bu cür proqram yoxlanılıb və digərləri də yoxlanılacaq.

Sosial şəbəkədə avtosenzura

M. Zukerberq "Facebook" alqoritmlərinin artıq İŞİD, "Əl-Qaida" və s. terror təşkilatları tərəfindən yayılan kontentin 99%-ni avtomatik aşkarladığını nəzərə çatdırıb. Onun sözlərinə görə, avtomatik alqoritmlər hazırda zorakılığa, qətl törədilməsinə, intiharlara çağırışlara reaksiya verir. Sosial şəbəkə rəhbəri yalan xəbərlər yayılmasında istifadə olunan saxta profillər və "bot"ların aşkarlanması istiqamətində işi gücləndirəcəklərini də vurğulayıb. 

M. Zukerberq Avropa İttifaqının Şəxsi məlumatların qorunması haqqında Reqlamentinə (GDPR) əməl edəcəklərini də açıqlayıb. Reqlament mayın 25-dən qüvvəyə minir.

Qeyd edək ki, M. Zukerberqin çıxışı fonunda "Facebook" səhmlərinin dəyərinin az miqdarda azalması müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.