Yanvarın ortalarında Litvanın şimalında yerləşən Sventoji şəhərinə yağan qar, onu nağıllardakı məkanlara bənzədib.
Restoranlar, dükanlar və taxtadan hazırlanmış turist evcikləri işıqlarını söndürüb yazın gəlişini gözləyirlər.
Mən axtardığmı şəhərin kənarında, buz bağlamış Sventoji çayına və Baltik dənizinə yaxın bir yerdə tapdım: Litvanın neo-bütpərəst təşkilatı Romuva tərəfindən quraşdırılmış Zemaitiu alka məbədi.
Kiçik təpənin üzərində 12 hündür və nazik taxta fiqurlar yerləşirdi. Fiqurlar bəzəkli olsa da, çox sadə görünürdülər.
Biri isə sadə səkkizbucaqlı idi. Aşağısında isə bu söz həkk olunmuşdu: "Austeja", yəni "arılar".
Zemaitiu alka məbədi arıların bütpərəst tanrısı Austeja-ya həsr olunub
Mən ilk dəfə deyil ki, Litvada arılara həsr edilmiş nə isə görürəm. Əvvəlki səfərlərim zamanı litvalı dostlarım arıların onların mədəniyyətində oynadığı əhəmiyyətli roldan danışmışdılar.
Litvalılar arı topalarını da insanlar üçün işlədilən ailə (seimas) olaraq adlandırılar.
Litva dilində insan və heyvanların ölümü üçün ayrı-ayrı sözlər var. Lakin yalnız arıların ölümü insan ölümü kimi adlandırılır.
Əgər tanış olduğunuz litvalı dostunuzu tərifləmək istəyirsinizsə, ona "biciulis" deyə müraciət edin. Bu sözün kökündəki "bite" sözü arı deməkdir.
Sventoji-dəki məbəd məndə belə bir sual doğurdu: bütün bunlar o mənaya gəlmirmi ki, qədim litvalılar arılara sitayiş ediblər?
Litvanın geniş bütpərəstlik keçmişi var. Litva Avropanın sonuncu bütpərəst ölkəsidir.
13-cü əsrə qədər müasir Estoniya və Latviya zorla xristianlığı qəbul etməli olsa da, litvalılar səlibçilərə müqavimət göstərə biliblər.
Lakin daha sonra Hersoq Jogaila Polşa Kraliçası ilə evlənmək üçün 1386-cı ildə katolikliyi qəbul edir.
Problem isə ondan ibarətdir ki, litvalıların xristianlıqdan əvvəl nəyə inandıqlarına dair çox az mənbə mövcuddur.
Biz sadəcə onu bilirik ki, ildırım tanrısı Perkunas Litva tarixində çox əhəmiyyətli yer tutur, çünki folklor və mahnılarda adı keçir.
Lakin litva dili ölkənin keçmişi ilə bağlı bəzi dəlillər və ipucuları verə bilər.
Hersoq Jogaila-nı 1386-cı ildə katolikliyi qəbul edənədək Litva Avropanın sonuncu bütpərəst dövləti olub
Litvanın ikinci böyük şəhəri olan Kaunasda Vytautas Magnus Universitetində mədəni antropologiya üzrə professor olan Dalia Senvaityte ilə söhbət etdim.
O, mənim arıya tapınmaq nəzəriyyəmə şübhə ilə yanaşaraq bildirdi ki, Austeja adlı ilahə olubsa belə, onun haqqında yalnız bir mənbədə, polşalı tarixçi tərəfindən 16-cı əsrdə yazılmış və litvalıların inanclarından bəhs edən kitabda söz açılır.
O hesab edir ki, ola bilsin arılarla bağlı bu sözlər orta əsrlər dövrü Litvasında arıların əhəmiyyətli rol oynamasından qaynaqlanır.
Arıçılıq "icma qaydaları, eyni zamanda xüsusi formal qaydalarla tənzimlənirdi", o deyir.
Bal və mum bol olduğu və əsas ixrac məhsulu olduğuna görə onun istehsalına xüsusi nəzarət olub.
Lakin arılara aid sözlərin yüz illər boyunca qorunması litva dili ilə bağlı bir çox maraqlı faktı üzə çıxarır: Litvanın İncəsənət və Elm jurnalına əsasən, bu dil hind-avropa dilləri arasında ən mühafizəkarıdır.
Onun qrammatikası, lüğəti dəyişmiş olsa da, bu çox yavaş bir proses olub.
Bu səbəbdən Litva dili tədqiqatçıların marağını cəlb edib. Onlar beş min il bundan əvvəl danışılan ümumi dil - Proto-hind-avropa dilini bərpa etmək istəyirlər.
Həmin dil müasir ingilis, erməni, italyan və benqal dillərinin əcdadı sayılır.
Litva dilindəki "biciulis", yəni dost sözünün kökündəki "bite" arı deməkdir
Bütün bu dillər qohum olsalar da, sonralar bir-birindən fərqlənməyə başlayıblar.
Siz ingilis dilindəki "five" (beş) sözü ilə fransız dilindəki "cinq" (beş) sözünün əlaqəsini görmək üçün gərək dilçi ekspert olasınız, hələ Proto-hind-avropalıların işlətdiyi "penkwe" sözünü demirəm.
Lakin latış dilindəki "pieci" və litva dilindəki "penki" sözlərindən bunu müəyyən etmək çox asandır.
Buna görə də fransalı linqvist Antoine Meillet bildirmişdi ki, "hind-avropalıların necə danışdıqlarını eşitmək üçün litvalı kəndlinin danışığına qulaq asmaq lazımdır".
Litva dili ilə digər qədim dillər arasında da əlaqələr tapmaq mümkündür.
Misal üçün, litva dilindəki "pilis" (qala) sözü Baltikyanı qonşuları ilə müqayisədə tamamilə fərqlidir. Lakin bu söz qədim yunan dilində şəhərə verilmiş "polis" sözünə çox bənzəyir.
Maraqlısı budur ki, litva dili sanskrit dilinə də çox yaxındır. Sanskrit dili ən qədim hind-avropa dili sayılır ki, hələ də hindu dini mərasimlərində istifadə edilir.
Bu son məlumat hind və Baltikyanı mədəniyyətlərin oxşarlıqları ilə bağlı iddialara səbəb olub.
Litvalı dostum Dovilas Buckauskas mənə yerli animistlərin təşkil etdiyi tədbir haqqına danışdı.
Tədbir Baltik ənənələrinə görə müqəddəs heyvan sayılan suilanı fiqurunun xeyir-duası ilə başlayıb və hindu çağırışları ilə sona çatıb.
Bal və mum orta əsrlərdə Litvanın əsas ixrac məhsullarından olub
Mən Senvaityte-dən "gyvate" sözü haqqında soruşdum. Bu, ilan deməkdir, lakin o, həmçinin "gyvybe" - həyat sözü ilə eyni kökə malikdir.
Suilanı uzun zamanlardan bəri Litvada müqəddəs heyvan sayılır. O, bolluq və uğur rəmzi hesab edilir.
Təsadüf? Bəlkə də, lakin Senvaityte hesab edir ki, bu halda belə deyil.
Ənənələrin qorunmasında sözsüz ki, dilin də rolu ola bilər. Hersoq Jogaila 1386-cı ildə Polşa taxt-tacına sahib olduqdan sonra, litva zadəganları təkcə katolizmi deyil həm də polşa dilini qəbul etməyə başladılar.
Lakin ucqarlarda yaşayan litvalıların xristianlığı qəbul etməsi çox yavaş baş verib. Əsasən də ona gör ki, dini çıxışlar həmişə polyak və ya latın dillərində həyata keçirilirdi.
Hətta xristianlıq tam hakim olduqdan sonra belə, litvalılar animist vərdişlərindən əl çəkməkdə həvəsli deyildilər.
Ölkənin rəsmən xristianlığı qəbul etməsindən yüz illər keçsə də, Litvanın əyalətlərinə səyahət etmiş şəxslər insanların suilanı üçün süd qoyduğunu görüblər, bu heyvanın yerli insanlarla dost olacağı və uğur gətirəcəyi ümidi ilə.
Görünür arılar və arı məhsulları da, xalq təbabətində xüsusi əhəmiyyətə malik olub, müalicəvi əhəmiyyətinə görə.
Arı zəhəri ilan sancmalarını müalicə üçün istifadə edilirdi. Epilepsiyanın müalicəsi üçünsə ölü arılarla dolu qaynadılmış su içmək məsləhət görülürdü. Təbii ki, əgər arılar təbii yolla ölübsə.
Lakin litva dili artıq əyalət dili sayılmır. Keçən əsrdə baş vermiş müharibələr, sənayeləşmə və siyasi dəyişikliklər nəticəsində ölkənin bütün əsas şəhərlərində əksəriyyət litva dilində danışır.
2004-cü ildə Avropa Ittifaqına daxil olduqdan sonra, Litva Avropaya və beynəlxalq bazarlarına inteqrasiya etməyə başlayıb.
Bu isə öz növbəsində ingilis dilindən keçmə sözlərin artmasına yol açır - məsələn, "alternatyvus" (alternative - alternativ) və "prioritetas" (priority - prioritet) kimi.
Litva dili artıq əyalət dili hesab edilmir
Litvanın keşməkeşli tarixini nəzərə alsaq, dilin bu günə qədər qorunub saxlanması çox maraqlıdır.
14-cü əsrdə Litva hersoqluğu Qara dənizə qədər uzanıb, lakin ondan sonra baş verən proseslər zamanı ölkə bir neçə dəfə xəritədən tamamilə silinib.
Austeja-nın həqiqətən sitayiş edilib-edilməməsindən asılı olmayaraq, o böyük əhəmiyyət daşıyıb.
Austeja Litvada 10 ən məşhur qız adlarından biridir. Görünür Litvanın qaçılmaz mədəni və linqvistik inkişafına baxmayaraq arı həmişə mühüm yer tutacaq.
Milli.Az