Maraqlı

“O preparatların heç biri satılmır” - HƏKİM REKLAM OLUNAN DƏRMANLARI İFŞA ETDİ

15 May 2018 21:25
0 Şərh     Baxış: 2 902

Qurd xəstəliyi istər böyüklərdə , istərsə də uşaqlarda rast gəlinən problemdir. Televiziyalarda isə qurd tökən bir çox dərmanların reklamını görmək mümkündür.

Bəs qurdlardan düzgün şəkildə necə qurtulmalı?

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə pediatr-parazitoloq Gülnar Qasımova geniş müsahibə verib:

 - Gülnar xanım, qurd xəstəliyinin olub-olmadığını necə anlamaq olar?
 
 - Öncə qeyd edim ki, insan orqanizmində 250 növə yaxın parazit yaşaya bilir. Bu 250 növ parazitdən yalnız 60 növü uşaqlarda müşahidə edilib. Bizim ölkədə bu göstərici 40-45 növdədir. Qurd invaziyalarına yoluxma zamanı hansı şikayətlər meydana gəlir? Həmin insanların dəri və selikli qişalarında avazıma və solğunluq müşahidə edilir. Bəzən üzdə və bədənin müxtəlif nahiyələrində səpkilər, əsasən səhər və bəzən günün müxtəlif saatlarında ağızdan pis qoxunun gəlməsi, göbəkətrafı nahiyədə tutma şəkilli əzab verici ağrılar olur. Eyni zamanda, əzələ ağrılarından, əsasən da aşağı ətraf əzələlərinin ağrımasından şikayət edirlər. İştahsızlıq, ürəkbulanma və bəzən səhər saatlarında qusma, baş ağrısı, çəki və boydan geri qalma, halsızlıq, tərləmə kimi şikayətlər qurd xəstəliklərində müşahidə edilir. Bəzi qurd ivaziyalarında əksinə olaraq daha çox iştahlılıq əsasən də gecə saatlarında baş verir. Normaldan çox iştahlılıq olduğu halda çəkidən geri qalma görünərsə qurddan şübhələnmək olar. Əsasən də uşaqlarda qurd invaziyaları zamanı artıq maye qəbulu istəyi olur. Gecə ağız suyunun qeyri-ixtiyari ifrazı və bəzən diş qıcama kimi əlamətlər qurd xəstəliklərinin əsas əlamətlərindən sayılır. Qurd xəstəlikləri zamanı sinir sistemində müəyyən gərginlik müşahidə edilir ki, bu da yuxuda olan zaman narahatlıq, bəzən də yuxuda ağlama və çox hərəkət etmə kimi əlamətlərlə özünü biruzə verir. Bu zaman bəzən ishal, qəbizlik də müşahidə edilir ki, bu, həzm sisteminin pozulmasından irəli gəlir. Şikayətlərdən biri də sistit və gecə eniurezidir (gecə sidik qaçırma). Bəzi parazitlər anemiyaya səbəb olur (əsasən də dəmir və B12 çatışmazlığı ilə müşahidə edilən qanazlığı).

 - Bu qurdların yaranma səbəbləri nədir?

- Parazitlər ibtidailər və helmintlər olaraq 2 əsas qrupa bölünür. İbtidailər insandan-insana keçmir. Əsasən torpaqdan və çiy su içmə zamanı, ən əsası da yaxşı yuyulmamış  meyvə və tərəvəzlərdən istifadə edildikdə yoluxma baş verir. Əsasən də yay aylarında dəniz və su hovuzlarından istifadə edildiyi zaman yoluxma baş verir. Bəzi parazitlər dəri vasitəsilə yoluxa bilir ki, bu da əsasən oturaq yerlərdə yalın ayaqla gəzdikdə müşahidə edilir. Helmint əsasən insandan insana yoluxur. Uşaqlar əksərən uşaq bağçalarında və məktəblərdə qurd invaziyalarına yoluxurlar.

- Qurd müalicəsində bahalı dərmanların effekti söyləndiyi kimi daha effektlidir?

- Bəzən qurd müalicəsi zamanı ağır bahalı və uzunmüddətli dərman vasitələrinə əl atılır ki, bu, böyük bir yanlışdır.

 - Əksər zaman həkimə müraciət etmədən qurd tökən dərmanlar alınır və içilir. Bu nə dərəcədə doğrudur?

-   Hər bir parazitin öz müalicə sxemi var. Bir dərman vasitəsi bütün parazitlərə təsir etməyə bilir. Ona görə analar bəzən analiz etmədən, həkim məsləhəti olmadan özləri dərman alaraq uşaqlara verirlər. Əksər hallarda effektsiz olur. Çünki qurd xəstəliyindən şübhələndikdə öncə onun hansı parazit olduğunu və həqiqətən də yoluxmanın olub-olmadığını dəqiqləşdirmək lazımdır. Qurd invaziyaları zamanı istifadə edilən hər hansı dərman vasitəsi, hətta təbii bitkilərdən hazırlanmış olduğunu belə düşünsək, unutmamalıyıq ki, əgər o dərman vasitəsi bağırsaqda yaşayan bir canlını məhv etmək qabiliyyətinə malikdirsə, demək yüksək toksiki təsirə malik bir dərman preparatıdır. Bəzən qurd invaziyalarına yoluxan insanlarda qaraciyərdə reaktiv dəyişikliklər olur ki, qurd dərmanları verildiyi zaman çox ağır fəsadlara gətirib çıxarır. Anemiyası olan insanlara da bəzi dərmanların istifadəsi məsləhət görülmür.

Ən əsası da bu dərman preparatlarınındigər dərman preparatları ilə yanaşı verilməsi qəti qadağandır (əsasən də ağrıkəsicilər və nevroloji dərmanlarla yanaşı verilməsi qəti qadağandır). Bu çox ağır bir fəsadlara səbəb ola billər. Ona görə qud dərmanlarının həkim məsləhəti olmadan istifadə edilməsi düzgün deyil.

 - Müalicədən sonra qurdlar birdəfəlik məhv olur?

- Müalicə müddəti başa çatdıqdan 10 gün sonra təkrar müayinə edilməsi məsləhətdir. Çünki edilən müalicədən 10 gün sonra dərmanın tam effektiv təsiri başa çatır. Yəni ki, dərmanı istifadə etdikdə parazitin məhv olması və ya iflic olmasını düşünsək onun nəcis vasitəsilə çıxması müəyyən müddət ərzində müşahidə edilə bilər. Ancaq bu müddət ərzində diri qalma ehtimalı olmur.

 - Ən təhlükəli qurd növü hansıdır? Elə ola bilər ki, qurdlar müalicəsiz öz-özünə təmizlənsin?

- Hər parazitin öz toksiki və reaktiv təsiri var. Ancaq ibtidailərlə (Lyamblya və amob) yoluxma zamanı əlamət vermədiyi müddətdə müalicə edilməsi məsləhət görülmür. Çünki bəzi ibtidailər yoluxma olduğu halda öz özlərinə bağırsaqdan təmizlənə bilərlər. Ancaq helmintlərlə yoluxma zamanı yuxarıda qeyd etdiyim kimi qorxu və vahiməyə düşməyə gərək yoxdur. Çünki qısa müddət ərzində 1, bəzən də 2 dərman vasitəsilə həmin helminti təmizləmək mümkün olur. Ən çox gec təmizlənən və ən çox fəsada malik olan parazitlər lentşəkilli qurdlar və exinokoklardır. Lentşəkilli qurdlara əsasən öküz soliteri və bəzən pişik, donuz soliteriləri aiddir. Çünki bəzən uzunluğu 10 metrə çatır ki, onu müalicə etdiyimiz zamanı bir neçə hissəyə ayrılaraq düşdüyü halda parazitin baş hissəsi düşmədiyi zaman müalicə uzunmüddətli ola bilir. Digər kiçik ölçülü parazitlərdə belə bir narahatlıq müşahidə edilmir.

 - Azərbaycanda ən çox hansı qurd yayılıb?

- Bizim ölkədə ən çox yoluxma askarida helmintidir ki, bu parazit 25-45 sm ölçüyə malik olan  bir helmintdir. Əsasən nazik bağırsaqda yaşayır. Ancaq qurdun süfrələri qusma, öskürmə zamanı ağciyərə və digər orqanlara düşə bilir.

 - Askaridanın müalicəsi necə aparılır?

- Askaridanın müalicəsi zamanı 3 gün müddətində dərman verilir və mütləq şəkildə 2 həftə sonra təkrar verilməsi məsləhət görülür. Çünki verilən dərman preparatı helmintin özünü iflic edir. Süfrələrinə təsir etmədiyi üçün 2 həftə sonra həmin süfrələrdən yeni helmintlər əmələ gəlir. Bu zaman təkrar verdiyimiz dərmanla yeni əmələ gəlmiş helmintləri məhv etmiş oluruq.

 - Qurdun olub-olmadığını bilmək üçün hansı analiz verilməlidir? Düzgün analiz qan, yoxsa nəcis vasitəsilə təyin olunur?

- Hər şeydən öncə onu qeyd etmək istərdim ki, qurd invaziyalarına yoluxmadan şübhələndiyimiz zamanı edilən ilk və tək müayinə metodu nəcisdə qurd yumurtalarının təyini analizidir. Qanda parazitlərin yoxlanması tamamilə yanlışdır. Çünki qan analizi bizə nəticə olaraq çox aşağı faizlə düzgün cavab verir ki, əsas da yuxarıda qeyd etdiyim kimi, 250 növ parazitdən yalnız 4 növü yoxlamaq olur. Bu da bizə az və dəqiq olmayan nəticə verir. Ancaq nəcisi düzgün qaydada vermək şərti ilə (ilk olaraq nəcis gün ərzindəki birinci nəcis olmalıdır. İkinci isə nəcis 1-2 saat ərzində müayinə edilən laboratoriyaya gətirilməlidir. Üçüncü isə diqqət edilməli olan prosedur odur ki, əsasən birinci dəfədə analizdə pozitiv göstərici olmadığı zamanı analiz həftədə bir dəfə verilməklə 3 dəfə təkrarlanmalır. Bəzi klinikalarda nəcisdə qurd yumurtalarının təyininin bir çox üsulu vardır ki, bu da bizə bir dəfə verməklə düzgün nəticə əldə edə bilməyə kömək edir.

 - Televiziyalarda qurd tökən dərmanların reklamı gedir. Belə dərmanları almaq düzgündür?

- Reklam olunan dərman vasitələri əksər vaxtlarda satılmayan və reklama ehtiyac olunan dərmanlar olur ki, onların istifadə edilməsi tövsiyə edilmir. Bunu şəxsi təcrübəmdə müşahidə etmişəm. Analar o dərmanı verdiyinə baxmayaraq uşaqda heç bir dəyişiklik olmadığını və analiz zamanı bir neçə parazitin olduğunu görürük. Ona görə düzgün diaqnoz və düzgün müalicə və ən əsası da bahalı olmayan xüsusi prosedurlara ehtiyac olmadan uşaqlarımızın gələcəyinə, əsas da sağlamlığına zərər vermədən müalicə edilməsi məsləhət görülür.

 - Nəzarətsiz istifadə edilən qurd dərmanlarının hansı fəsadları ola bilər? Müalicə ilə qurdlardan birdəfəlik xilas olmaq mümkündür?

- Qurd invaziyaları uşaqlarda o qədər ağır fəsadlara yol açmaz. Ancaq nəzarətsiz, həkimsiz verilən qurd dərmanları uşaqlarda ciddi və geri dönüşü olmayan fəsadlar törədə bilər. Qurd xəstəlikləri müalicə olunan və müalicə ilə tamamilə təmizlənən xəstəlikdir.  Ancaq heç bir müalicə metodu ömürlük  qurdlardan qorumaq kimi gücə sahib deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.