Maraqlı

“O həblər ölümə də səbəb olur” – DİETOLOQDAN XƏBƏRDARLIQ

24 Aprel 2018 23:35
0 Şərh     Baxış: 2 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xüsusi arıqlama gellərinin və qidaların tərkibində sağlamlığa ciddi şəkildə ziyan vuran maddələr var. Onlar sadə dillə desək, qaş düzəltmək yerinə, göz də çıxarırlar. Artıq çəkidən azad olmaq istəyən insanların böyük əksəriyyəti bunlardan istifadə edib əks təsirlərini və fəsadlarını görüblər".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu dietoloq Leyla Zülfüqarlı deyib. Arıqlamaq üçün müxtəlif çaylar, kokteyllər, həblərdən istifadədən danışan mütəxəssis insanların arıqlamaq əvəzinə xəstəliklərə düçar olduğunu bildirir. L. Zülfüqarlı yalnız yeməyi azaltmaqla arıqlamağın mümkün olduğunu vurğulayır: "Elə pasientlərim var ki, arıqlamaq adı ilə başqa vasitələrə müraciət ediblər. Arıqlamaq özfəaliyyət olmalı deyil. Bu, insan fiziologiyasıdır, ciddi müalicə tələb edir. Bir insanı arıqladarkən biz onu, orqanizmini müalicə edirik. Bədəndə o qədər hormonlar var ki. Onların hər biri əslində müalicə olunur. Amma gel, çay, kofe və s. kimi guya arıqladan vasitələr arıqlatmaq əvəzinə insanlarda xəstəliklər əmələ gətirir. Məsələn, onların tərkibində xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan maddələr var. Zaman-zaman arıqladan həblərdən istifadə hətta ölümlə nəticələnib. Biz bu barədə çox danışırıq. Lakin insanlar arıqlamaq istərkən başqa şeylərdən əziyyət çəkirlər".

Dietoloq deyir ki, arıqlama tərkibli gellərin tərkibi açıqlanmır. Lakin arıqladan həblərin tərkibindəki maddələr iştahanı kəsir və insan yemək istəmir. İştahanın kəsilməsi isə artıq ciddi problemin olduğunu etiraf etməkdir: "İnsanın normal fiziologiyasında iştaha, yemək istəyi olmalıdır. Tanrı bizi belə yaradıb. İnsanın iştahası olmalıdır ki, yemək yesin. İşhatadan kəsiləndə insan orqanizmində olan insulin hormonu çoxalır. Bir adam nə zamana qədər yemək yeməyə bilər? Hormonların çökən vaxtı olacaq. İnsanın bədənində yağ parçalanmalıdır ki, arıqlasın. Qida ilə kökəliriksə, demək, qida ilə arıqlamalıyıq. Bədəndəki yağları biz yalnız qidalarla parçalaya bilərik. Düzgün qidaların bir-birilə əlaqəsi nəticəsində artıq çəkidən azad olmaq mümkündür. Bu cür arıqladan qidaları axtarmayın. Arıqlamaq düzgün qidalanmaqla başlayır".

Sirr deyil ki, son zamanlar dietoloqlar arıqlama proqramına müxtəlif kokteyllər də daxil edirlər. Mütəxəssis iddia edir ki, arıqlamaq üçün kokteylləri yalnız qeyri-peşəkarlar məsləhət görür: "Qidalanma nəzəriyyəsini bilməyən insanlar bu istiqamətdə arıqlatmağa üstünlük verirlər. Arıqlada bilməyən dietoloqlar kokteyllərdən yapışırlar. Demək o insanlar dieotloq deyil ki, kokteyllərlə işləyir. Hər kəs özfəaliyyət şəkildə bu kokteyllərdən alıb içir. Reklam edirlər ki, arıqlayacaqsınız, insanlar da alıb içir. Arıqladan kokteyl, dərman, çay, həb və s. belə şeylər yoxdur. Arıqlamaq qidaların bir-biri ilə əlaqəsindən başlayır. Kokteyllər sadəcə biznes maraqlarıdır. İnsanlar bununla pul qazanırlar. Ona görə də siz aldanmayın". 

Kokteyllərin protein tozlarından hazırlandığını xatırladan dietoloq bu kimi vasitələrin süni qidalar qrupuna aid olduğunu deyir. Süni qidalarsa orqanizm üçün zərərlidir: "Orqanizm üçün lazım olan qidalar zülal tərkibli qidalardır. Bu da təbii zülal deyil, sadəcə tozlarıdır, ora müəyyən qatqılar edirlər. Hər bir qidanın qida təhlükəsizliyi var, yəni saxlanma müddəti. 1-2 sutka qida qalırsa, deməli, o, konservantdır. Biz orqanizmimizi konservantla yükləməməliyik. Kokteyllər isə süni qidalardır". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.