Maraqlı

Şübhələrdən xilas ol - O, həqiqətənmi xəyanət edir?

16 Aprel 2018 22:32
0 Şərh     Baxış: 2 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənə elə gəlir ki, bu, hamının başına gələ bilər, təkcə səndən başqa. Düşünürdün ki, o, heç vaxt sənə xəyanət etməyəcək. Amma son vaxtlar içindəki etibar hissi sarsılıb. Tez-tez sevdiyin insana qarşı etibarın itir. Bununla nə edəcəksən - məlum deyil...

Necə etməli ki, şübhələrlə həyatını dağıtmayasan? Hələ sevgilin buna heç layiq deyilsə... Bəs, əgər doğrudan da sənə xəyanət edibsə, necə davranmalı? Bu acını necə yaşamalı, onu necə bağışlamalı və bundan sonrakı həyatını necə davam etdirməli və insanlara olan etibarını necə itirməməli?

Acı həqiqət!

Necə olduğu vacib deyil, amma sən öyrəndin - o, sənə xəyanət edir. Acı çəkirsən, zəif, sızıldayan birinə çevrilirsən. Bütün günü fikirləşmək, yemədən-içmədən oturmaq - bütün bunlar yaşamağına, hətta nəfəs almağına belə mane olur. Həyatda ən yaxın, ən yaxşı varlıq hesab etdiyin insan sənə xəyanət edib. Fikirlərin qarışıb, göz yaşlarınsa, heç sözünə baxmır. Onun başqası ilə olduğu, mehriban danışdığı, saçını sığallayıb, üzünə toxunması gözünün önündən getmir. Axı bu xoş sözlərim mehriban hərəkətlərin hamısı sənə məxsus idi. Bütün bu düşüncələr həyatını şikəst edib, özünü ələ almağa imkan vermir. 
Şad xəbər: Əgər düşünürsən ki, bundan sonra həmişə belə olacaqsan, heç vaxt sevinib, əylənməyəcəksən, insanlarla mülayim danışa bilməyəcəksən, əvvəlki kimi asudə nəfəs almayacaqsan - yanılırsan. Uzun vaxt keçmədən hər şey yoluna düşəcək. Buna inan!
Pis xəbər: İlk vaxtlar çox çətin olacaq, hətta onu başqası ilə gördüyün andan da pis. Hadisədən qalib çıxmaq üçün mübarizə aparmalısan ki, depressiyaya düşməyəsən. Buna görə də sənə vaxt itirmədən yeni həyata başlamaq üçün plan təklif edirik. Əks-halda bu, vəziyyət yaxşı bitməyəcək. 

Psixoloq məsləhəti:

Milli.Az axşam.az-a istinadən bildirir ki, ən məşhur psixoloqlar bu fikirdədir: xəyanətə uğradığın üçün özünə yazığın gəlməsin. Özünü ələ al və hadisələri ayıq başla götür-qoy et: sənin zar-zar ağlamağın həyatını və əsəblərini məhv etməkdən başqa bir işə yaramır. Sən ağladığın ərəfədə keçmiş sevgilin həyatını gülərüzlə davam etdirir, bir damcı da olsun vicdan əzabı çəkmir. Hər şeyi tez unutmaq üçün özünü işlə yüklə: əgər işləyirsənsə, müdirdən sənə çox tapşırıq verməsini tələb et. Yox əgər evdə bekar oturmusansa, idmana, fitnesə, hovuza get. Bunlara imkanın çatmırsa, rəfiqələrinlə gəz. Beyin üçün ən yaxşı istirahət maraqlı bir kitab oxumaqdır. 

Birlikdə fikirləşək: nə baş verib? Nə üçün belə oldu? Bəlkə də bu, gələcəkdə qarşılaşacağın ən ağır hadisənin qarşısını aldı. Unutma ki, Tanrı nə edirsə yaxşıliğa doğru edir. Sonda: onun izahına qulaq asmadan xəyanət etdiyini düşünmə. Bəlkə də bu xəyanət yox, sənin ağlına belə gətirməyəcəyin məsələdir.

Paranoyya və ya intuisiya
Xəyanət qar dənələrinin qəfildən başına yağdığı kimi ani və çox olmur. Hərdən biz əvvəlcədən hiss edirik ki, nəsə yolunda getmir. Hərdən heç nədən şübhələnməsək də fantaziyamız işə düşür. Hətta Britaniya psixoloqları belə hisslərin həqiqi olub-olmadığını aşkarlayan formulu düzəldə bilməyiblər. Görəsən, sənin şübhələrin həqiqətdir, yoxsa sən paranoyyasan? 

Psixoloq məsləhəti:
Bir müddətlik "Od olmayan yerdən tüstü çıxmaz" məsəlini unut. Ola bilsin ona tanımadığı bir xanım zəng edir. Onun belə gizlin danışmasının tək günahkarı da sənsən: çünki o, sənin bunu normal qəbul edib, ona inanacağına əmin deyil. Hadisələrə bacardığın qədər obyektiv yanaş, əgər anlasan ki, bu məsələ səni çox narahat edir, onda sevgilini ciddi söhbətə dəvət et: danlamadan, şübhələnmədən və nələrsə tələb etmədən... Ona səni nəyin narahat etdiyini anlatmağa çalış. Bu cür sorğu-sualdan sonra o ya hər şeyi etiraf edəcək, ya da səni özünə inandırmağı bacaracaq. Əlbəttə burada başqa variantlar da mümkündür: hər iki halda bu söhbət münasibətlərinizin gələcəyinə təsir edəcək, problemi aradan qaldırmağa kömək edəcək.

O kimdir?
Onun gizli danışıqları, mənalı mesajları səndə şübhələr yaradır. Hətta hərdən sənin gəldiyini görüb, qəfildən telefonu bağlayır. Amma səni onun xəyanəti yox, xanımın kim olduğu maraqlandırır.  Ola bilsin mesaj yazan, zəng edən onun iş və ya qrup yoldaşıdır. Fərziyələr arasından daha çox "rəfiqə" düz çıxır. Burada təəccüblü və qəribə heç nə yoxdur. 

Psixoloq məsləhəti:
Bəzi qızlar oğlanlarla lazımından artıq mehriban və emosional davranırlar. Ola bilsin ki, o, gizli danışdığı insana qarşı başqa hisslər keçirir. Bəlkə də onu dost gözü ilə görür. Hər şübhəni xəyanətlə bağlamaq olmaz. Bu həm münasibətlərdəki bağlılığı, həm etibarı, həm də mehribançılığı sarsıdacaq. 
Başqa bir fərziyyə: Ola bilsin ki, zəng edən onun keçmişindəki bir insandır. O, gözlənilmədən sizin aranıza girib. Amma məqsəd sənin düşündüyün kimi olmaya da bilər. Bu, təəccüblü deyil. ola bilsin ki, sənin sevgilin ona qarşı heç nə hiss etmir. Çünki ona əlavə problem lazım deyil. Buna görə də çalış ki, "vay, o keçmiş sinif yoldaşı ilə görüşdü", "vay, o keçmiş sevgilisi ilə qarşılaşdı", "vay ona başqa xanım zəng edir" kimi gümanlara düşüb, əsəblərini korlama. Yoxsa o, həqiqətən də səndən yorulub, rahatlıq tapmaq üçün başqasına sığınacaq. 
Daha çox səni aparmadığı gecə şənliyindəki qızlardan qorx. 

Xəstəlik əlamətləri
Yəqin ki, sən - "əgər oğlan bir sevgilisinə xəyanət edibsə, demək hamısına edəcək" ifadəsini eşitmisən. Bu məntiqə uyğun olmayan bir fikirdir. Yəni "heç kimə etibar etməmək" xəstəliyinin əlamətləridir. Lakin tam fərqli bir hadisə də var: əgər xəyanət edən insan bundan dərs alıb, onun cəzasını ödəyibsə, o, həyatının sonuna kimi xəyanətə "No!-No!-No!" deyəcək. Belə də ola bilər: bəlkə də həmin insan xəyanətdən sonra heç bir dərs almayıb, onda səni qınamaq lazım deyil. Onda səndə həqiqətən də qorxu sindromu yaranacaq. 

Psixoloq məsləhəti:
Biz yenə də bir neçə riskli araşdırma aparmağı təklif edirik. Amma bu o demək deyil ki, sən dedektiv kimi onu güdməli, qapı arxasında gizlənməlisən. Bunu başqa yolla da etmək mümkündür: məsələn, əlamətlərə fikir verin:
Həyəcan əlaməti: siz daha az görüşməyə başladız. Onu anlaya bilərik: əgər o, yeni işə giribsə, bağda atasına kömək edirsə, anası ciddi xəstədirsə... sənin sevgilin özünü çox normal aparır. Yox, əgər o, ciddi heç bir işlə məşğul deyilsə, onun həyatı köklü şəkildə dəyişməyibsə, hər dəfə səninlə görüşməmək üçün bəhanələr tapırsa, demək, şübhələnməkdə bir az haqlısan. Sən onun qəfildən "Agent 007" olmasından qorx: o, harda və kiminlə olduğunu, nə etdiyini gizlədir, telefonla danışanda sənin yanından uzaqlaşmağa çalışır... Bax bu, dəhşətdir. 
Bu yerdə sən öz hisslərinə qulaq as: əgər onsuz yaşaya bilmirsənsə və bu vəziyyəti qəbul etməyə hazırsansa, şübhələrinə əhəmiyyət vermədən, heç nəyi dərinliyinə kimi araşdırmadan yaşamağa davam et. Yox əgər xəyanəti heç vaxt qəbul etməyəcəyini düşünürsənsə, münasibətə son qoymağı nəzərdən keçirt. Amma əvvəlcə onun cavabını öyrən. Bir şeyi də unutma: hərdən xəyanət üçüncü insan olmadan da baş verə bilər. Ola bilsin ki, o, münasibətinizdən yorulub, onu nəsə qane etmir və o, uzaqlaşmağa başlayıb. 

Nəyi xəyanət hesab etməli
Xəyanətlər arasında böyük fərq var. Bəzən xəyanət mənəvi də ola bilər. Ona görə də xəyanətin ilk qoxusunu almağa başlayanda hay-küy qopartma. O, kiməsə gül dəstəsi aldı: ola bilsin ki, bu, onun ya iş, ya da qrup yoldaşıdır. O, internetdə oturur və burada başqaları ilə yazışır: bəlkə də o, yazdığı insanlara əhəmiyyət vermir, sadəcə vaxt keçirir. 

Psixoloq məsləhəti:
Əgər o hər yerdə "sevgilim yoxdur" deyirsə, başqasına romantik sms-lər yazırsa, kafeyə və ya kinoya başqa biri ilə gedir, bunu səndən gizlədirsə, onu "etibarlı oğlan" adlandırmaq olmaz. Gəl, doğru fikirləşək: normal münasibətlərdə gizli heç nə ola bilməz. Buna görə də onun səndən nəsə gizlətdiyini gördüyün an ondan ayrıl.

İşarə yerindədir
O, səninlə çox mehribandır. Hər gün görüşür, imkan tapmayanda isə mesajlaşırsız. Gecələr səninlə sağollaşmadan yatmır. Ondan şübhələnmək üçün heç bir işarə yoxdur. Amma heç gözləmədiyin anda onun telefonunda SMS oxudun. Bu azmış kimi, ikinizin də tanışı olan biri onu başqa xanımla gördüyünü deyir. 

Psixoloq məsləhəti:
Burada da əvvəlki üsullardan istifadə etməlisən: onunla açıq-aşkar danış. Əgər bu da işə yaramırsa, onda sənin işin çətindir. Axtarışı gücləndirib, şübhələrinin doğru olub-olmadığını öyrənməyə çalış... Ola bilsin ki, qarşına çıxan bu işarələr sənin xeyrinədir.

Öz gözlərinlə
Şərhsiz, izahsız ən yaxşısı, hər şeyi öz gözlərinlə görməkdir. Onlar əl-ələ tutaraq, parkda gəzişirlər. Kafedə oturub, bir-birilərinin gözlərinə baxaraq, mehriban söhbət edirlər... İlk etdiyin şey dərindən nəfəs almaqdır. İkincisi isə ağlından keçirtdiklərini düşünməməyə çalışmaq: özünü öldürmək və ya sənə xəyanət edən bu cütlüyü hamının içində biabır etmək. Dərindən nəfəs alıb, beynindəki düşüncələri qaydaya qoymağa çalışırsan. 

Psixoloq məsləhəti:
Əgər sən "Morua" romanının qəhrəmanı olsaydın, onlara görünmədən, məsələdən xəbərdar olduğunu demədən, hadisə yerindən uzaqlaşardın. Evə gedib, masa arxasında oturub, ağ vərəq götürüb, ona nə qədər dəyər verdiyini, onu çox sevdiyini və sənə belə gözəl hisslər yaşatdığı üçün minnətdar olduğunu, başqası ilə xoşbəxtliyinə mane olmaq istəmədiyini yazardın. Bu isə əsl axmaqlıqdır. Sənin tapşırığın: möhkəm olmaq, mənliyini qorumaqdır. Özünü alçatmadan onlara yaxınlaşıb, məsələni diplomatik həll et. Onların görə biləcəyi yerdən sakitcə keç. İnan, bu ağıllı hərəkət sonradan tökəcəyin göz yaşlarının qarşısını alacaq.

Sonrakı həyat
Anlamaq, bağışlamaq və unutmaq
 "Xəyanət münasibətləri möhkəmləndirir" deyiminə qətiyyən inanma. Bu ifadə öz hərəkətlərinə haqq qazandırmaq istəyənə aiddir. Çünki xəyanətin münasibətlərini möhkəmləndirdiyini deyən bir cütlüyü təsəvvür etmək belə mümkün deyil. Buna görə də sənə xəyanət edən biri ilə qalmağı ağlına belə gətirmə. Sevgilinin özünə haqq qazandırmasına və sözlərinə fikir vermə. Rəfiqənin çiynində hıçqıra-hıçqıra ağlamaqdan qorxma. Bir gün bu hərəkətlərindən, özünü bu səviyyəyə gətirib çıxarmağından utanacaqsan.
Xəyanəti bağışlamaq üçün istisna hallar da var: o, həqiqətən də peşmandır və ayaqlarına düşüb bağışlanması üçün yalvarır. 
Bir şeyi unutma ki, yaxşı qızlar kimi, yaxşı oğlanlar da az deyil. Onlar da sənin kimi təmiz, həqiqi, etibarlı bir münasibət axtarırlar. Onlardan biri mütləq səni tapacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.