Maraqlı

Özəyi yeyilir, toxumundan dərman hazırlanır

13 Aprel 2018 07:41
0 Şərh     Baxış: 3 147

Qanqal yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən çox geniş yayılmış bitkidir. Onun yazın əvvəlində yetişən şirəli özəyini böyükdən kiçiyə hamı xoşlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tibdə ləkəli alaqanqal adlandırılan bitkidən həm də müalicə vasitəsi kimi bir sıra xəstəliklər zamanı istifadə olunur. Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılan elmi əsərlərdə çəkilir və ondan qara ciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı tətbiq edirdilər.

XX əsrdə Almaniyanın Münxen Əczaçılıq İnstitutunda qanqalın qara ciyərə pozitiv təsiri təsdiq olundu. Qanqal dünya əczaçılıq sənayesində qara ciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edildi. Həmin dərmanlar qara ciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ və müalicəvi toz hazırlayırlar. Bitkinin ən xeyirli hissəsi onun toxumlarıdır.

Qanqalın toxumları yığılır, qəhvəüyüdən maşında, yaxud həvəngdəstədə döyülərək toz halına salınır. Gündə 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu 1 ay aparılandan sonra 1 ay fasilə verilir və yenidən 1 ay təkrar edilir.

Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir, süzülür, nahardan və axşam yatmazdan əvvəl yarım stəkan qəbul edilir. Dəmləmə aterosklerozla mübarizəyə kömək edir, mədə-bağırsaq, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə, həmçinin qara ciyəri yaxşı təmizləyir, öddə olan durğunluğu aradan qaldırır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.