Maraqlı

Sufi atributları hansılardır?

14 Mart 2018 23:15
0 Şərh     Baxış: 1 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarix boyunca sufilik ariflərin və sufilərin yalnız dünyagörüşü və düşüncəsində deyil, həm də həyat tərzi və adət-ənənələrində, hətta geyimlərində özünü göstərmişdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, sufiliyin əsas elementlərindən sayılan bəzi adət və dəblər zamanın süzgəcindən keçərək, həm fəlsəfi, həm də ictimai məna kəsb etmişdir. Belə adətləri sufilərin özləri "istihsan" və "müstəhsənat" (gözəlliklər) adlandırmışlar.

Klassik sufi mənbələrindən olan "Misbah əl-hidayə" kitabında bunların barəsində belə yazılmışdır: "İstihsan - müəyyən işlərin bəyənilməsi və müəyyən dəblərin seçilməsidir. Sufilər bunları, ardıcıllarının vəziyyətinin yaxşı olması məqsədilə öz ictihadları əsasında icad etmişlər. Bu adətlər nə aşkar bir dəlilə, nə də sünnədən hər hansı sübuta əsaslanır. Xirqə geyinmək, xanəgah tikmək, sima' üçün toplaşmaq, çilləyə oturmaq və s. adətlər bura daxildir..."

1. Xirqə geyinmək və xirqə geyindirmək

Xirqə - xırda parça tikələrindən və zolaqlarından tikilmiş, astarı adətən qoyun dərisindən, bəzən də xəzdən olan geyimdir. Xirqə, haqq yolçusunun ləyaqəti yoxlanılıb təsdiq ediləndən sonra təriqət mürşidi və piri (buna "piri-xirqə" deyilir) tərəfindən ona bağışlanır. Sufi ədəbiyyatında oxşar mənaları ifadə edən "mürəqqe", "peşmin" (yun), "dəlq" və s. kəlmələr işlənmişdir.

Sufilər xirqə geyindirmək ənənəsinin Həzrət Məhəmməd Peyğəmbər (s) dövründən məlum olduğunu iddia etmişlər. Onların fikrincə, Həzrət Məhəmməd Peyğəmbər (s) bir neçə köynəyin parçalarından qara rəngli kiçik bir geyim hazırlamış və Ümmi-Xalid adlı bir qadına geyindirmişdir: bununla da xirqə geyindirmək dəbinin əsasını qoymuşdur (Peyğəmbərin Ümmi-Xalid bint Xalid bin Səid bin As adlı qadına geyim bağışlaması barədə rical kitablarında da məlumat vardır; bax: İbn Əsir. Üsüd əl-ğabə, cild 5, səh. 579).

Təsəvvüfə aid kitablarda xirqə geyinməyin sufi üçün hansı faydalara malik olması belə təsvir edilmişdir: "Xirqə geyinməyin bir faydası adət və vərdişi dəyişmək, ürək bağlılıqlarından və nəfsani ləzzətlərdən xilas olmaqdır. Digər faydası pis insanlarla və şeytansifətlərlə ünsiyyətin tərk olunmasıdır. Başqa faydası müridin zahiri (yəni, geyimi) üzərində olduğu kimi, batini üzərində də şeyxin ixtiyar sahibi olmasıdır. Nəhayət, xirqənin bir faydası da budur ki, haqq-təala tərəfindən qəbul olunduqları barədə haqq yolçularına müjdə verir" ("Misbah əl-hidayə" kitabından).

Sufi mənbələrində üç cür xirqədən söhbət açılır: iradət xirqəsi, təbərrük xirqəsi və vəlayət xirqəsi.

İradət xirqəsini müəyyən bir səviyyəyə çatmış müridin əyninə mürşid geyindirir və bununla da Allah-Taalanın lütfünə nail olduğunu ona müjdə verir. Başqa sözlə desək, mürid seyrü-süluk yolunda nailiyyətlərinə uyğun olaraq, iradət xirqəsini özü qazanır.

Təbərrük xirqəsini mürid öx şeyxindən (mürşidindən) xahiş edir. Yəni şeyxə qarşı duyduğu məhəbbət üzündən, ondan bir xatirə və yadigar olaraq, xirqəsini istəyir. Əgər mürid bu cür hədiyyəyə layiqdirsə, mürşid təbərrük xirqəsini ona bağışlayır.

Vilayət xirqəsini isə mürşid, özündən sonra naib və canişin kimi görmək istədiyi və müridlər arasında ən üstün bildiyi şəxsə rəhbərlik rəmzi kimi verir.

İlk dövrlərdə sufilər yalnız ağ rəngdə xirqə geyinirdilər. Sonralar ağ parçanın tez kirləndiyini və yuyulmağa möhtac olduğunu nəzərə alaraq rəngli xirqələr geyinməyə başladılar. Sufilərin fikrincə, ağ geyimin savabı çox olsa da, onu yumaq insanı ibadətdən ayırır və təriqət işləri üçün insanın az vaxtı qalır. Buna görə də zaman keçdikcə, sufilər kirlənməyə qarşı daha davamlı olan parçalara (xüsusilə, mavi və göy rəngli) üz tutdular.

Ümumiyyətlə, sufilik adabında təmizliyə və paklığa riayət etmək əsas şərtlərdən sayılır. Sufi hər nə geyinirsə-geyinsin, mütləq təmizliyi qorumalıdır. İlkin təsəvvüf mənbələrindən sayılan Sirac Tusinin "Əl-Lümə" əsərində yazılıb: "Əsl dərviş hər nə geyinsə, onun gözəl və təmiz olmasına diqqət yetirər, haqqını verər". Yenə həmin kitabda sufiyə gərəkən sifətlər sırasında belə yazılıb: "Əsl sufi təmizliyə və təharətə həddən artıq diqqətlə yanaşar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.