Maraqlı

Seyyidlik yalnız bir məzhəblə məhdudlaşmır

10 Mart 2018 19:15
0 Şərh     Baxış: 665

Məzhəb başçiları və seyidlər

İndi isə 4 əhli-sünnə məzhəbinin əsasını qoymuş şəxslərin: Əbu Hənifə, İmam Şafii, Malik ibn Ənəs və Əhməd ibn Hənbəlin bu mövzuda baxışları lə tanış olaq.

***

Bəzi məlumatlara görə, İmam Şafii Harun ər-Rəşidin hakimiyyət illərində Yəməndəki Nəcran məntəqəsinə qazı təyin edilmiş, amma buranın zalım valisi ilə münasibətlərinin gərginləşməsi üzündən vəzifəsindən azad edilmişdi. Bəzi tarixçilər bunun səbəbini Şafiinin seyyidlərə hədsiz hörmət göstərməsi ilə bağlayırlar ki, bu da o zamankı Abbasi xilafətinin siyasətinə uyğun gəlmirdi. Alim xilafətə qarşı Əhli-beyt tərəfdarları ilə əlbir olmaqda təqsirləndirilərək Bağdada, xəlifənin hüzuruna çağırılmış, amma burada məşhur fəqih Mühəmməd Şeybaninin (Əbu Hənifənin şagirdinin) vəsatəti ilə xəlifənin cəzasından qurtulmuşdu.

Şafii şeirlərinin birində yazırdı:

Peyğəmbərin nəsli mənim üçün vasitədir (sığınacaqdır),

Onlar Peyğəmbərə yetişməyim üçün vəsilədir.

Ümid edirəm ki, onların xatirinə sabah (yəni qiyamətdə)

Əməl dəftərim sağ əlimə veriləcək (yəni behişt əhlindən olacağam).

Mənbə:

İbn Həcər Heysəmi. Əl-Səvaiq əl-mühriqə, səh. 159.

Deyirlər ki, bir gün Şafii dərs vaxtı on dəfə yerindən qalxıb oturdu. Səbəbini soruşanda dedi: "Küçədə bir seyyid uşaq oynayır. O, hər dəfə mədrəsənin qapısına yaxınlaşanda qapıdan onu görürəm və hörmət məqsədi ilə ayağa qalxıram. Bir Peyğəmbər balası ayaq üstə dururkən mən otura bilmərəm" (Əttar Nişaburi. Təzkirət əl-övliya, 1-ci cild, səh. 211).

***

Milli.Az islam.az-a istinadən bildirir ki, məşhur əhli-sünnə alimi İbn Həcər Heysəminin "əl-Səvaiq əl-mühriqə" kitabında (səh. 159, XI bab, I fəsil, V məqsədin sonu) oxuyuruq:

"Xətib Bağdadi yazır ki, Əhməd ibn Hənbəlin yanına Qüreyş soyundan qoca ya cavan bir adam, yaxud da bu nəslin böyüklərindən biri gəlsəydi, İmam Əhməd onu hörmətlə özündən qabağa buraxar və arxasınca gələrdi.

Əbu Hənifə Əhli-beytə çox ehtiram göstərərdi. Onların gizli (yəni hökumətdən gizlənən yaxud öz əsil-nəsəbini gizlədən) və aşkarda olanlarına maddi köməklik etməklə Allaha yaxınlaşmağa çalışardı. Hətta deyirlər ki, Əhli-beytdən olan və əsil-nəsəbini gizlədən bir adama 12 min dirhəm göndərmişdi. Bu cür rəftarı öz ətrafındakılara da tövsiyə edirdi".

Əbu Hənifə nəcib seyyidlərdən olan Mühəmməd Nəfsüz-zəkiyyə və qardaşı İbrahimin Abbasilər əleyhinə qaldırdıqları qiyamı dəstəkləyir, onlara maddi yardım göstərirdi (Əbülfərəc İsfahani. Məqatil əl-Talibiyyin, səh. 310 və 325). Hətta həmin qiyamın haqq olması barədə Əbu Hənifənin fətva verdiyini də yazırlar.

***

Maliki məzhəbinin qurucusu Malik ibn Ənəs də seyyidlərə dərin hörmət bəsləyirdi. Hicri 147-ci (miladi 764-cü) ildə, Abbasi xəlifəsi Mənsurun zamanında Malik ibn Ənəsdən xəlifənin əmisi oğlu, Mədinə valisi Cəfər ibn Süleymana şikayət etdilər, alimə o qədər şallaq vurdular ki, huşunu itirdi. Deyirlər ki, Malik bu zaman da Cəfərdən narazılıq etməmiş və söyləmişdi: "Qorxdum ki, zərbə altında ölərəm. Peyğəmbərlə (s), onun qohumunun cəhənnəmə düşməsinə səbəb olduğum halda görüşməkdən utandım". Xəlifə Mənsur hadisədən xəbər tutanda Maliki çağırmış və haqsız cəzaya görə Cəfərdən qisas almağı təklif etmişdi. Amma alim eyni səbəbdən bu təkliflə razılaşmamışdı (Şəblənci. Nur əl-əbsar, səh. 235). (Cəfər ibn Süleyman Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi Abbasın nəvəsinin nəvəsi idi).

Malik ibn Ənəs seyyidlərə çox ehtiram bəsləyir, bu müqəddəs ada yalandan iddia edənləri şallaqla cəzalandırır, xalq içində rüsvay edir və tövbə edənə kimi həbsdə saxlayırdı (yux. mənbə, səh. 236). Bu fakt onu göstərir ki, hicri ikinci əsrdə İslam xilafətində seyyidlər kifayət qədər böyük nüfuz sahibi idilər və bu nüfuzdan sui-isifadə halları da baş verirdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.