Maraqlı

İslam sivilizasiyasının elmin inkişafına verdiyi töhfələr

4 Mart 2018 21:20
6 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir elmin və yeni texnologiyaların qeyri-adi sürətlə inkişaf etməsinin səbəbini başa düşmək istəyən, elm həvəskarı olan araşdırıcı, heç şübhəsiz, bu inkişafın İslam sivilizasiyasının təsiri ilə əlaqədar olması ilə razılaşar. Məhz, İslam sivilizasiyası bir sıra elm sahələrinin beşiyi olmuş və dünyaya bir çox tanınmış alim gətirmişdi.

Milli.Az zikr.az-a istinadən bildirir ki, amerikalı tarixçi alim, orta əsrlər tarixi üzrə tanınmış ekspert Ç. H. Haskinz (1870-1937) yazırdı: "Mövcud dəlillər onu göstərir ki, İntibah dövründə İspaniya ərəbləri Qərbi Avropada mədəniyyət sahəsində olan ixtiraların əsas mənbəyi sayılırdı". O dövrdə müsəlmanlar müasir elmin inkişafının əsasını təşkil edən fundamental elmi təhqiqatların təməlini qoydular. Əgər siz "Aeronaftika terminlərinin texniki lüğəti"nə nəzər salsanız, orada təsvir olunan 60% ulduzların adlarının ərəb mənşəli olduğunu görərsiniz.

Uzun illər boyu erkən müsəlman alimlərinin əsərləri elmi biliklərin əsas mənbəyi olaraq qalmışdı. Bütün qərb aləmi, xüsusilə də, İntibah dövründə Avropa həmin əsərlərdən məlumat əxz edirdi. Onların əksəriyyəti avropa universitetlərinin əsas dərslik proqramlarına salınmışdı.

İngilis dövlət xadimi və diplomatı Markiz Dafferin (1826-1902) yazırdı: "Orta əsrlərin qaranlığından çıxaraq dirçəlməsinə görə Avropa müsəlmanların elminə, müsəlmanların incəsənətinə və müsəlmanların ədəbiyyatına çox borcludur..."

C. H. Denison yazırdı: "Altıncı və yeddinci yüzillikdə sivil dünya xaos ərəfəsində idi. Sivilizasiyaya həyat verən, insanlara bərabərlik hissini bəxş edən və hökmran sülalələrinə onları tabe edən qədim mədəniyyət məhvə düçar olmuş və onun yerini əvəz edəcək, ona bərabər dəyərdə olacaq bir mədəniyyət tapılmamışdı. Sanki, dörd yüzillik bir dövr ərzində yaranan mədəniyyət süqut etmək üzrə idi və bəşəriyyət bütün qəbilələrin və xalqların bir-biriləri ilə müharibə apardığı və qayda-qanun anlayışının mövcud olmadığı vəhşi varvarların dövrünə qayıtmağa hazır bir vəziyyətə gəlib çatmışdı. Köhnə prinsiplər əsasında qurulan qəbilələrarası münasibətlər öz qüvvəsini itirirdi. Xristianlar tərəfindən gətirilən yeni prinsiplər ümüdləri doğrultmur, insanları birləşdirmək və qayda-qanun yaratmaq əvəzinə parçalanma və xaos yaradırdı. O zamanlarda dünya insanlıq faciəsinə qərq olmuşdu. Nəhəng ağaca bənzəyən, yarpaqlarının ornamenti ilə bütün dünyanı bürüyən, budaqları ilə ecazkar meyvələri bəzəyən incəsənət, elm və ədəbiyyat nailiyyətlərini özündə ehtiva edən sivilizasiya içərisindən çürük vəziyyətə düşmüşdü. Məgər o dövrdə bəşəriyyəti birləşdirəcək və sivilizasiyanı xilas edəcək hansısa bir mədəniyyət mövcud idimi?.. Məhz həmin şəraitdə o dövrdəki dünyanı birləşdirməyə müvəffəq olacaq bir insan - Muhəmməd dünyaya gəlir..."

Müsəlmanlar texnika, elm, həmçinin, intellektual sahədə yüksək nailiyyətlər əldə etdilər. O dövrün məşhur müsəlman alimlərinin adları bunlardır:

•Əbu Abdullah (və ya Əbu Cəfər) Muhəmməd ibn Musa əl-Xorezmi (780-850). O, riyaziyyatçı alim, cəbrin və riyaziyyatda bəzi sahələrin əsasını qoyan, arifmetika üzrə ilk dərsliyin müəllifidir. O, cəbr və təqvim haqqında elmi əsər, həmçinin, xətti və kvadrat tənliklərin həllinə həsr edilən "Kitab əl-Cəbr vəl-Muqabələ" - "Yenidənqurma və qarşıdurma" adlı məşhur kitabını yazmışdı. Cəbr sözü də məhz, bu kitabın adından götürülmüşdür. Cəbr haqqında elmi əsərə, həmçinin, həndəsə haqqında, triqonometrik cədvəllər və şəhərlərin coğrafi uzunluq və enlikləri haqqında fəsillər də daxil edilmişdi. Bəzi təhqiqatçıların rəyinə görə əl-Xorezmi bütün zamanların ən böyük riyaziyyatçısı hesab olunur.

• Reyhan Muhəmməd ibn Əhməd əl-Biruni (973-1048). O, orta asiyanın çoxşaxəli biliyə malik olan alimidir. Onun əsərləri riyaziyyat, astronomiya, fizika, botanika, coğrafiya, ümumi geologiya, minerologiya, etnoqrafiya, tarix və xronologiya elmlərinə aid edilir. O, Qalileydən altı əsr əvvəl yer kürəsinin öz oxu ətrafında və günəş ətrafında fırlandığı haqda nəzəriyyə irəli sürmüşdü. Habelə, o, Yerin dairəsini hesablayıb müəyyən etmişdi.

• İbn Rüşd (lat. Averroes 1126-1198). O, Əndəlus (ispan) filosofu və həkimi, islam şəriəti və riyaziyyat üzrə alimdir.

• İbn ən-Nəfis (1213-1288). O, tibb, şəriət, məntiq və ərəb filologiyası sahələri üzrə böyük alimdir. Onu öz dövründə elmlərin atası adlandırmışdılar. İbn ən-Nəfisin tibb sahəsində ən məşhur əsəri "əş-Şəmil fit-Tıbb" adlı kitabıdır. Bu kitab tibbin ensiklopediyası hesab olunur. O, həmçinin, kiçik qan dövranı nəzəriyyəsinin müəllifidir. Bu nəzəriyyə Qalen və İbn Sinanın o dövrdə yayılan görüşlərindən tamamilə fərqlənir və faktiki olaraq Vilyam Harvi və Migel Servetonun qan dövranı barədəki kəşflərinin əsasını qoyaraq onları neçə əsr qabaqlayırdı.

• Əmmar ibn Əli əl-Məusili ibn İsa əl-Kəxxal (10-cu əsr). O, oftalmologiya üzrə böyük qahirə alimidir. Onun ixtira etdiyi içərisi oyuq iynə vasitəsilə kataraktanı göz billurundan sormaq üsulu ilə çıxartma əməliyyatı böyük uğur qazanmış və "Əmmarın əməliyyatı" adını almışdı.

• İbn əl-Heysam (965-1039). O, dahi riyaziyyatçı, fizik, astronom və həkimdir. O, elmdə eksperimental (elmin təcrübə əsasında öyrənilməsi) metodunun banisi hesab edilir. İbn əl-Heysam Avropada Alhazen adı ilə tanınır. Onun əsərləri arasında "Kitab əl-Mənazir" (Optika kitabı) xüsusi yer tutur. İbn əl-Heysam gözün quruluşunu təhqiq etmiş, Platonun və Evklidin insanın görmə qabiliyyəti haqqında ideyalarının əsassız olduğunu sübut etmişdir. O, binokulyar (iki gözlə) görmə konsepsiyasını işləyib hazırlamış və birinci olaraq görmə fenomenini obyektlərdən gözə daxil olan işıq şüalarının göz billurunun içərisində təsvir yaratma prosesi kimi izah etmişdi. 1572-ci ildə "Optika kitabı" latın dilinə tərcümə edildi və İohan Kepler də bu tərcümə vasitəsilə optikanın problemləri ilə tanış oldu.

İbn əl-Heysam elmə hava kütləsi anlayışını gətirdi, havanın sıxlığını hündürlüklə əlaqələndirdi. Alimlər ondan sonra işığın sınma problemləri ilə məşğul olmağa başladılar.

• Əbu Bəkr Muhəmməd ibn Zəkəriyyə ər-Razi ( lat. Rhazes 865-925) - hərtərəfli biliyə malik olan iran alimi, kimyaçı və filosofdur. Onun tibb üzrə yazdığı "Kitab əl-Həvi" (Hər şeyi əhatə edən kitab) və 10 cildlik "Mənsura həsr olunan tibb kitabı" ən əsas əsərlərindən hesab olunur.

ər-Razi hər bir xəstə üçün xəstəlik tarixini tərtib etməyi və sınıqlarda ətraf əzaları hərəkətsiz hala gətirmək məqsədilə gips sarğısından istifadə etməyi tibb praktikasına daxil etmişdi. O, yaraların sarğısında pambığı və tikilişində ketqutu tətbiq edənlərin birincilərindən hesab olunur. O, boğaz boşluğundan yad cisimləri çıxartmaq üçün xüsusi alət icad etmişdi.

• Abdul-Lətif əl-Bağdadi (1162-1231) və Əbu əl-Qasim Xələf ibn Abbasəz-Zəhravi. Onlar stomatologiya üzrə iki görkəmli alimlərdir. Onlar diş müalicə praktikası və cərrahiyyə, cərahiyyə əməliyyatı alətləri və onların işlədilməsi qaydaları haqqında ilyustrasiyalı əsərlər üzrə bir sıra kitabların müəllifidirlər.

• Şərif əl-İdrisi (1100-1165). O, coğrafiyaçı alim, səyahətçi və dünya xəritələrinin məşhur tərtibatçısıdır. O, dünyanın yeddi qitəsi haqda olan nəzəriyyəni işləyib hazırlamış, naviqasıya cihazları ixtira etmişdi. O, Əndəlus, Fransa, İngiltərə, Şimali Afrika, Hicaz, Misir, Kiçik Asiya və Yunanıstanın şəhərlərini gəzib dolaşmışdı.

Bunlar, elm və texnikanın inkişafına əvəzsiz töhfə verən görkəmli müsəlman alimlər pleyadasının yalnız az bir hissəsinin adlarıdır. Onların bir çoxu unudulmuş, elmə verdikləri töhfələrə layiq olduğu qiymət verilməmiş və ya başqalarına nisbət edilmişdir.

Artur Qlen Leonard yazırdı: "Məgər özümüzü əvvəlki mədəniyyətlərə və sivilizasiyalara məlum olmayan zirvələrin fatehləri hesab edən bizlər, ərəblərin yüksək inkişafının, onların intelektual gücünün və sağlam baxış sistemlərinin təsirinin olmadığı təqdirdə Avropanın bu günədək cəhalətin qaranlığında qalacağı faktını qəbul etməli deyilikmi?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.