Maraqlı

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get - FOTO

15 Fevral 2018 12:31
2 Şərh     Baxış: 5 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Eutin şəhərinin yaxınlığındakı meşədə olan 500 yaşlı ağac minlərlə cütlüyün sevgili olmasına və 100-dən çox cütlüyün ailə qurmasına səbəb olub.

Açıq-sarı rəngli forma geyinən poçtalyon Almaniyanın Dodauer meşəsinə (Hamburq şəhərindən 100 kilometr şimal şərqdə yerləşir) gedərək əlindəki çəhrayı zərfi buradakı enli gövdəli ağacın yuxarısındakı oyuğa qoydu və "Bu gün də biri" deyərək digər məktubları paylamağa yollandı.

Zərf Bavariyadan göndərilmişdi. Zərfi göndərən 55 yaşlı bavariyalı qadın idi. O, bu yaşlı ağacın ünvanına məktub yazaraq sehrli gücün ona kömək edəcəyinə inanmış və tək qalmayacağını düşünmüşdü. Təbiəti sevən bu qadın gülünc vəziyyətə düşməkdən qorxmamışdı. O, bu ağacın kiçik oyuğunda sevgi axtarırdı...

"Bu ağacda sehrli və romantik güc var", - 72 yaşlı poçtalyon Karl-Heinz Martens BBC-yə müsahibəsində söyləyib. O, 1984-cü ildən 20 il boyunca poçtalyon işləyib. Heinz hazırda təqaüdə çıxıb.

"Bu, danılmaz faktdır ki, insanlar sosial şəbəkələrdə tanış olur, bir-birini sevir, evlənir. Amma bir ağac və məktub vasitəsi ilə olanda bu, möhtəşəm bir hissdir. Gözəl təsadüfdür"

BBC müxbirini Eutin şəhərindəki evində qonaq edən keçmiş poçtalyon təqaüdə çıxmasına baxmayaraq ağacla bağlı illər əvvələ aid olan məktub və şəkilləri saxladığını söyləyib və şəkilləri ona göstərib. Heinz bildirib ki, həmin ağaca dünyanın, demək olar, hər ölkəsindən məktub daşıyıb və çox vaxt onların dillərini də anlamayıb.

Poçtalyon ağacla bağlı hekayəni müxbirə danışıb.

Belə ki, 1890-cı ildə Eutin şəhərində Minna adlı qız Vilhelm adlı oğlana aşiq olub. Onlar bir-birlərini seviblər. Lakin Minnanın atası onların görüşməsini və məktublaşmasını qadağan edib. Cütlük hazırda 500 yaşı olan palıd ağacı vasitəsi ilə xəbərləşiblər. Bir il sonra Minnanın atası onların bir-birini sevdiyinə əmin olub və ailə qurmalarına icazə verib. Minna ilə Vilhelmin toyu bir il sonra, 1891-ci ildə bu ağacın altında baş tutub.

Bu hadisədən sonra əhvəlat kəndə yayılıb və "Der Bräutigamseiche" (gəlin-bəy palıdı) adı ilə tanınan ağac Facebook, Tinder kimi tanışlıq şəbəkələrindən illər əvvəl yüzlərlə cütlüyün qovuşmasına səbəb olub. Hazırda təkcə Almaniyadan deyil, bütün dünyadan, hətta çindən belə bu gəlin-bəy ağacına məktublar yazıb, həyat yoldaşı axtarırlar.

Həmçinin əfsanələrə görə, qadın ay işığı altında gülmədən, danışmadan bu ağacın gövdəsi ətrafında 3 dövrə vurarsa, o, növbəti il ərə gedir.

1927-ci ilin hesablamalarına görə bu ağacın ünvanına rekord sayda məktub göndərilib.

"Bu ağacın ünvanına ildə 1000 məktub göndərilir. Məktubların çoxu yayda yazılır", - deyə Deutsche Post-un sözcüsü Martin Grundler söyləyib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.