Maraqlı

ABŞ rusiyalı hərbçiləri niyə vurdu? - TƏFƏRRÜATLAR - VİDEO - FOTO

15 Fevral 2018 14:03
0 Şərh     Baxış: 4 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibindəki təyyarələr və helikopterlər "Inherent Resolve" ("Sarsılmaz qətiyyət") əməliyyatı çərçivəsində Suriyanın Deyr əz Zor vilayətində Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qüvvələri vurublar.

ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbələr nəticəsində Bəşər Əsədi dəstəkləyən qüvvələrin 100 döyüşçüsü həlak olub.

ABŞ mediasında yer alan xəbərlərə görə, insidentin səbəbi Bəşər Əsədin qüvvələrinin Fərat çayının sol sahilindəki "Conoco" neft-qaz yatağını ələ keçirmək istəyidir.

Həmin əraziyə hazırda kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı bölmələri olan PYD, YPG və YPJ nəzarət edirlər.

ABŞ-ın Müdafiə Nazirliyi həmin terrorçu qruplaşmaları "Suriya Demokratik Qüvvələrinin (SDQ) tərkibindəki birləşmələr" adlandırırlar. Zərbələrin də məhz SDQ qərargahına hücumla bağlı olduğu vurğulanır.

"Koalisiya üzvü olan ölkələrin hərbçiləri müşavirlər, yardımçılar və müşayiətçilər qismində SDQ-dən olan tərəfdaşları ilə birlikdə Əfrat çayının sol sahilindən 8 km aralıda idilər. Koalisiya qüvvələri tərəfdaşlara qarşı aqressiyanın qarşısını almaq üçün zərbələr endiriblər", - Pentaqonun açıqlamasında deyilir.

Nə  baş verdi?

İnsident Deyr əz Zor vilayətindəki Şuşam şəhərinin yaxınlığında olub.

ABŞ Hərbi-Hava Qüvvələrinin general-leytenantı Ceffri Harriqyan Qətərdəki "Əl Üdeyd" aviabazasında keçirdiyi videokonfransda olayla bağlı açıqlama verib.

Onun sözlərinə görə, SDQ-nın mövqelərinə T-54 və T-72 tankları, habelə ağır artilleriya və minaatanlarla silahlanmış 500 hərbçi hücum ediblər.

"Fikrimizcə, Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qüvvələr Deyr əz Zordakı önəmli neft yataqlarını ələ keçirməyə çalışırlar. Hücum edənlərə zərbələr endirilməzdən əvvəl, hücum zamanı və hücumdan sonra Rusiyadan olan həmkarlarımızla sürəkli əlaqələr saxlanılıb", - C.Harriqyan deyib.

Hazırda Suriyada 2 mindən artıq amerikalı hərbçi var. Onlar tərkibi ərəb və kürdlərdən ibarət SDQ-nin 50 minlik birləşmələrində "müşavir"dirlər.

ABŞ ilk dəfə Rusiya hərbçilərini vurdu

Huşamdakı hücum nəticəsində 500 nəfərin həlak olduğu vurğulanır. Həmin hərbçilərin hamısının istisnasız olaraq Suriya prezidenti Bəşər Əsədin qoşunlarının mənsubları olduqları vurğulanır.

Rəsmi versiyalar belədir.

Reallıq isə odur ki, Huşamda amerikalıların hücumu nəticəsində təqribən 200 rusiyalı hərbçi həlak olub. Onlar "Yevropa Polis" və "Vaqner" özəl hərbi şirkətlərinin döyüşçüləridir.

Həlak olmuş rusiyalıların tam əksəriyyəti Ukraynanın Luqansk və Donbas bölgələrindəki separatçı rejimlərin silahlı birləşmələrinin tərkibində vuruşublar.

Huşamdakı zərbələr nəticəsində "Vaqner"in "5-ci hücum dəstəsi" adlı bir briqadası tamamilə məhv edilib, ikinci briqada isə darmadağın olunub.

Rusiyanın Müdafiə Nazirliyi isə bəyan edib ki, "Conoco" neft yatağının yaxınlığında rusiyalı hərbçilər olmayıb.

Moskvadan belə cavab alandan sonra amerikalılar hücuma keçiblər.

F-15 qırıcıları, AS-130 təyyarələri, Ah-64 Apache helikopterləri, uçan pilotsuz aparatlar, habelə artilleriya batareyaları "Yevropa Polis" ilə "Vaqner"in mövqelərini vurmağa başlayıblar.

Kürdlərin nəzarətindəki "Conoco" neft-qaz yatağını ələ keçirmək istəyənlərin vurulması Rusiya ilə ABŞ arasında, onsuz da, çox sərin olan münasibətləri daha da gərib.

"Vaqner"in döyüşçülərindən biri, yaralı vəziyyətdə Huşamdan çıxarılaraq Moskvaya aparılmış şəxs danışıb: "Orada 600 nəfər vardı. Əksəriyyəti rusiyalılar idilər, az qisim isə Suriya ordusunun "İSİS Hunter" dəstəsininq üzvləri idi. Bizə hava hücumundan müdafiə və ya hava zərbələri ilə dəstək vəd olunmamışdı. Plan belə idi ki, artilleriya atəşlərindən sonra bizimkilər "Conoco"nun zavodunu ələ keçirəcəklər, kürdlər də silahı atıb qaçacaqlar.

Hücum başlandı, dəstənin əksər hissəsi SDQ ilə Suriya ordusu arasındakı "sərhəd xətti"ndən 8 km şərqdə, zirehli maşınlar karvanında idi. Az sonra amerikalılar bizi bombalamağa başladılar".

"Vaqner"in banisi və rəhbəri "Vaqner" kimi tanınan Dmitri Utkindir.

Niyə baş verdi?

Deyr əz Zordakı hadisə Suriyadakı savaşdan maksimum xeyir əldə etmək istəyən dövlətlər və qruplaşmalar arasındakı mübarizənin daha bir mərhələsidir.

Rusiyanın Müdafiə Nazirliyinin amerikalılara "orada hərbçilərimiz yoxdur" deməklə "Vaqner" və "Yevropa Polis"dən olan muzdluları qurban verməsi aydındır.

Amerikalılar da aldandıqlarını artıq anlayıblar.

Məhz bu səbəbdən Rusiya ilə yanaşı, ABŞ da Huşamdakı hücumda həlak olanların sayını mümkün qədər azaltmağa çalışırlar. Vaşinqton həmişə ciddi, sistem rəqiblə birbaşa toqquşmadan çəkinib. Şimali Koreyanın lideri Kim Çen Inı sürəkli hədələməsinə rəğmən, ABŞ prezidenti Donald Trampın ultimatumlarını reallaşdırmaması və nüfuzu itkisi ilə barışması da bu səbəbdəndir.

Çünki ABŞ koreyalılarla problemlərə görə Çinlə toqquşmaq istəmir.

Suriyada yüzlərlə rusiyalının qətlə yetirilməsinin etirafı isə ABŞ üçün həddən ziyadə təhlükəli, ehtimalı mümkünsüz ağır fəsadlar yarada biləcək insidentdir.

Təsadüfi deyil ki, ABŞ hücumun ilk kadrlarının videosunu yayıb. Bu minvalla Vaşinqton Moskvaya açıq mesaj verir ki, susmaq niyyətində deyil.

Amma Vaşinqton bütün həqiqəti də deməyəcək. Əks halda ABŞ Suriyada Rusiyanın hərbçilərinə hücumunu etiraf etməlidir.

Orxan Hun
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

ABŞ Suriyada

Suriyaya zərbələr

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.