Maraqlı

Fitodizayn və onun əhəmiyyəti

11 Fevral 2018 01:30
0 Şərh     Baxış: 845

Fitodizayn gül-çiçəklərdən, müxtəlif otaq bitkilərindən, təbii daş və digər materialların kompozisiyalarından ibarət incəsənət növüdür. Burada əsas məsələ təbiət elementlərindən istifadə edilməsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fitodizayn floristika, landşaft və interyerin, yaşayış mənzilləri, ofis və idarələrinin dekorativ bitkilərlə bəzədilməsidir.

Fitodizayn çox qədim zamanlardan mövcud olub, çünki dekorativ bitkilərin, çiçəklərin müsbət təsiri, stressi azaltması, istirahəti təmin etməsi çoxdan məlum idi. Hər kəs yaşadığı və işlədiyi yerdə rahat mühit formalaşdırmaq istəyir. Təcrübə sübut edir ki, fitodizayn sayəsində nəfəs alma asanlaşır, başağrıları keçir, orqanizmin ümumi tonusu artır və s. Otağa hər hansı bitkinin yerləşdirilməsi canlanma, rahatlıq, təmizlik və təravət bəxş edir.

Böyük qonaq otağının bəzədilməsində şeffler, Bencamin fikusu, kiçik qonaq otaqlarında isə kroton, exmeya, freziya kimi otaq bitkilərindən istifadə edilə bilər. Yataq otağı üçün ətirşah, lavanda, neoregeliya, ripsalis, seropegiya daha çox uyğun gəlir. Çarpayının yanında olan tumbaların üzərinə fittoniya, kriptantus, beqoniya və s. bitkilərin qoyulması otağa gözəllik verir. İş otağı və ofislər üçün diqqəti cəlb etməyən, çiçəkləməyən, daha doğrusu al-əlvan, parlaq rəngli çiçəklər açmayan bitkilər yerləşdirmək daha yaxşıdır.

Mətbəxdə akalifa, sarmaşıq, tradeskansiya və ya xlorofitum bitkilərinin yerləşdirilməsi gözəl görünüş verir. Sitrofotunella və murayya da mətbəxə xüsusi gözəllik bəxş edir. Dəhliz üçün işığa qarşı o qədər də həssas olmayan, məsələn, aspidistra, aissus və s. kimi bitkilər seçilməsi daha yaxşıdır. Hamam otağında səhləb, qıjı, fikus, poqonaterum və digər tropik bitkilər qoyulması məsləhət görülür.

Fitodizaynda tətbiq edilən bitkilər tərkibində olan uçucu fitoüzvi maddələrə görə seçilirlər. Həmin maddələr havanı xəstəliktörədən bakteriyalardan, məişət və sənaye qazlarından təmizləyir, orqanizmə müsbət təsir edən biogen maddələrlə zənginləşdirir, otaqda təmiz, komfort və nəmləndirici hava yaradır, yüksək səsləri dəf edir, stressin qarşısını alır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.