Maraqlı

Məşhur yazıçıların qəribə xüsusiyyətləri: Çürük alma, vanna otağı, içi doldurulmuş quş...

12 Mart 2018 07:41
0 Şərh     Baxış: 1 779

Əsərlərini maraqla oxuduğumuz yazıçıların həm də çox qəribə və maraqlı xüsusiyyətləri olub.

Milli.Az məşhur yazıçılardan bəzilərinin qəyri-adi tərəflərini sizinlə paylaşır:

"Səfillər" romanının müəllifi, fransız yazıçı Viktor Hüqo həmişə bəyənilmək istədiyi üçün zahiri görüşünə çox diqqət yetirirmiş. Hətta o, səsi gözəl olsun deyə, hər səhər çiy yumurta içir, geyiminə xüsusi diqqət yetirir və hər gün bərbərə gedirmiş. Görünüşünə və sağlamlığına belə xüsusi diqqət ayıran Hüqo bəlkə də buna görə 83 il ömür sürüb.

Məşhur amerikalı yazar Frensis Skot Fitjerald elə özünün "Möhtəşəm Getsbi" romanındakı Getsbi kimi həyat tərzi sürürdü. "Cənnətin bu yanı" əsəri ilə həm pul, həm şöhrət qazanan Fitjerald caz dinləməyi, rəqs etməyi, içkini və əlbəttə ki, qadınları çox sevirdi. "Mən içkisiz yaza bilmərəm" deyən yazıçı elə bu həvəslərinə görə bir müddət sonra artıq yaza bilmədiyi üçün gözdən düşdü və 44 yaşında vəfat etdi.

Digər dünyaşöhrətli amerikalı yazar Mark Tven insomniya, yəni yuxusuzluq xəstəliyindən əziyyət çəkirdi. Bütün gecəni yata bilməyən yazıçı səhərə qədər yazır, sonra gün ərzində heç gözlənilməyən yerlərdə, parkda, hamamda, ya hansısa ziyafətdə yuxuya gedirmiş. Bu xəstəliyinə baxmayaraq M.Tven dünya ədəbiyyatı üçün çox önəmli əsərlər yaratmağı bacarıb.

"Üç muşketyor", "Qraf Monte Kristo" və "Dəmir maskalı adam" kimi məşhur əsərlərin müəllifi Aleksandr Düma təkcə yazıçılığı ilə yox, həm də şorgözlüyü ilə ad çıxarmışdı. Hətta evli olduğu vaxtlarda 40-a yaxın məşuqəsinin olduğu da deyilir. Yaşadığı dövrdə 3, ölümündən sonra isə 4 qeyri-qanuni uşağı ortaya çıxmışdır.

Çarls Dikkensin heyvanlara çox böyük sevgisi var idi. Bunun göstəricisidir ki, o evində 2 quzğun, 7 it, 1 pişik, 1 bülbül və 1 at saxlayırmış. Dikkens "Grip" adlı quzğununu o qədər sevirdi ki, onun ölümündən sonra quşu dəfn etməmiş, içini dolduraraq çərçivələdib otağından asmışdı. Həmin çərçivə hələ də Filadelfiya Kitabxanasında dəyərli bir eksponat kimi saxlanılır.

Ernest Heminquey həm də macəraçılığı ilə diqqət çəkən yazıçılardan biri, bəlkə də birincisidir. O, dünyanın müharibə olan yerlərinə hərbi reportyor kimi yollanır, ov etməyi, balıq tutmağı, içkini və qadınları çox sevirdi. Ov tüfəngi ilə sonuncu atəşi isə özünə açmışdı.

İngiltərə ədəbiyyatının atası sayılan Uilyam Şekspirin yazıçılıqdan başqa fəaliyyətinin də olduğu deyilir. Varlı tacirin oğlu olan Şekspir ticarətlə məşğul olur, həm də sələmə pul verirmiş. Bunun onun adına ləkə gətirə biləcəyini düşünən İngiltərə bu faktları gizlətməyə çalışsa da, Şekspirin atasının da sələmçiliyə görə bir neçə dəfə mühakimə olunduğu sənədlərdə var.

Veiland, Herder və Höte ilə birlikdə Veymar dönəminin ən önəmli dörd şairindən biri olan Fredrix Şillerin yazı masasında həmişə çürük alma olurdu. Şillerin üstündə milçəklər uçuşan almanı qoxlayaraq ilhamlanırmış. Ən qəribəsi isə budur ki, o, almadan ilham almayanda hamam otağında vannada uzanaraq ilham pərilərini gözləyirmiş. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.