Maraqlı

Yağışın ağrıya dəxli yoxdur - tibb aliminin iddiası

16 Dekabr 2017 23:15
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim yunanlar hələ 2500 il bundan əvvəl yazırdılar ki, yağışlı havalarda insanların "oynaq və sümüklərindəki" ağrılar güclənir. Amma indi Harvard Universitetinin apardığı yeni araşdırma bu qədim təsəvvürü alt-üst edib.

Bu barədə Britaniyada çıxan tibb məcmuəsi - British Medical Journal (BMJ) yazır.
 
Məqalədə deyilir ki, alimlər bu məsələdə tam əminlik əldə etmək məqsədilə 2008-ci ildən 2012-ci ilədək sahə həkimlərinə müraciət edərək 1, 5 milyon ABŞ pensiyaçısının xəstəlik tarixlərini öyrəniblər.
 
Xəstəlik tarixlərinə əsasən, yağışlı günlərlə oynaq və bel ağrısı ilə bağlı müraciətlər arasında hər hansı əlaqənin olub-olmadığı araşdırılıb və...heç bir əlaqə aşkar olunmayıb.
 
Alimlərin fikrincə, bu araşdırma o qədər geniş olub ki, yağışla oynaq ağrıları arasındakı hər hansı əlaqə mütləq üzə çıxmalıydı.
 
Harvard Tibb Məktəbinin professoru Anupam Jena deyir ki, "neqativ şeyləri isbat etmək həmişə çətin olur".
 
Alim yarızarafat bildirib ki, "beləliklə, oynaqlarımızın çox pis sinoptik olduğu üzə çıxıb".
 
Maraqlıdır ki, tutqun hava ilə oynaqların ağrısı arasında əlaqənin olmasına dair inam yüzilliklərdən aşaraq gəlib. Bəzi adamlar hətta özlərinin oynaq ağrısına əsasən yağış və ya qar yağacağının proqnozunu verirlər.
 
Burası da var ki, bu yanlış inancı bir sıra kiçik elmi araşdırmalar da dəstəkləyib.
 
Məsələn, Manchester Universitetində davam edən bir araşdırma göstərir ki, fevraldan iyunadək günəşli havaların sayı artdığından xroniki oynaq problemi olanlar özlərini daha yaxşı hiss edirlər. Amma məsələn, iyun ayında yağış yağarsa, ağrılar bir daha özünü göstərir.
Alimlər belə bir fikri də irəli sürürdülər ki, ola bilsin, atmosfer təzyiqinin artıb-azalması oynaqlardakı mayenin axınına təsir edib ağrı gətirə bilər. Yağışlı havalarda atmosfer təzyiqi düşür və bəlkə də buna görə oynaqları xəstə olanlar ağrını məhz yağışla bağlayırlar.
 
Lakin Harvard Universitetinin alimləri 1, 5 milyon pasientin xəstəlik tarixləri ilə ABŞ Milli Okean və Atmosfer Agentliyinin hava məlumatlarını günbəgün tutuşdurublar və hava ilə ağrı arasında əlaqə tapmayıblar.
 
Ümumilikdə yağışlı havalarda oynaq ağrısı ilə bağlı müraciətlər bütün müraciətlərin 6,35 faizini təşkil edib. Amma quru havalarda da bu rəqəm təxminən 6,39 faiz olub.
 
Professor Jena deyir ki, insan beyni əlaqə tapmaqda çox mahirdir və o bu əlaqəni - bəzən əlaqə olmadığı vaxtlarda da tapa bilir.
 
Məsələn, əgər adamlar yağış yağarkən ayaqlarının ağrıyacağını gözləyirlərsə və ayaqlar ağrımırsa, bu hadisəni tez də unudurlar. Amma yağışla birlikdə baş verən ağrılar daha çox yadda qalır.
 
Alim deyir ki, həkimlər yadda saxlamalıdırlar: "Yağış yağışdır, ağrı da ağrı"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.