Maraqlı

Qripdən ildə 646 minədək adam ölür

16 Dekabr 2017 19:45
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il mövsümi qripdən 646 minədək adam dünyasını dəyişir. "Reuters" informasiya agentliyinin yazdığına görə, bu rəqəmi Birləşmiş Ştatların səhiyyə rəsmiləri açıqlayıblar.

Onların bildirdiyinə görə, mövsümi qripdən ölənlərin sayı 291 min - 646 min arası dəyişir, bu, qrip virusunun kəskinliyinə bağlıdır.
 
Daha öncə "The Lancet" tibb dərgisində dərc olunmuş məlumatda hər il ölənlərin sayının 250 min - 500 min arası dəyişdiyi vurğulanırdı.
 
Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, ABŞ-ın Xəstəliyə Nəzarət və Önlənməsi Mərkəzi (CDC) bu artımın səbəbini açıqlamayıb, amma qeyd edib ki, qlobal səhiyyə tərəfdaşlarıyla apardığı araşdırma ölkələrdən gələn daha geniş, fərqli nümunələrə söykənir. Son rəqəmlərə qrip epidemiyası zamanı, eləcə də qripdən ağırlaşma hallarından, məsələn, ürək xəstəliyindən ölənlər daxildir.
 
"Bu tapıntılar qripin ciddiliyini yadımıza salır, qriplə mübarizə qlobal prioritet olmalıdır", - CDC rəsmisi, araşdırmanın həmmüəllifi Dr Joe Bresee deyib.
 
Araşdırma üzə çıxarıb ki, qripdən ölüm hallarının əsas yükü dünyanın ən yoxsul regionları və yaşlıların payına düşür. Yaşı 75 və ondan yuxarı olanlar, Afrikada yaşayanlar qripə bağlı nəfəs xəstəliklərindən daha çox ölürlər.
 
Şərqi Aralıq və Cənub-şərqi Asiya ölkələrində göstəricilər nisbətən az, ancaq yenə də yüksəkdir.
 
ABŞ rəsmiləri 2017/2018 qrip mövsümünün ağır keçəcəyini proqnozlaşdırırlar, qrip elə təzəlikcə şimal yarımkürəsindən başlayıb.
 
Ötən qış Avstraliyada qripdən rekord sayda ölüm hallarının qeydə alındığı bildirilir. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Anthony Faucinin yazdığına görə, Avstraliyada yayılmış Influenza A (H3N2) virusuyla mübarizədə vaksinlər yalnız 10 faiz effektini göstərib.
 
Vaksin dəyişməyib, deməli, builki mövsüm daha sərt keçəcək.
 
Fauci və digər ekspertlər uzun müddətdir universal qrip vaksininin hazırlanmasına investisiya qoymağa çağırırlar, onlar belə bir vaksinin həm mövsümi, həm də pandemik qripdən qoruyacağını vurğulayırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.