Maraqlı

Ac qalmayan dünya – Kim nə qədər xərcləyir?

12 Dekabr 2017 22:26
4 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların yaşam tərzinə diqqət yetirsək belə qənaətə gəlmək olar ki, hər bir kəs qazandığı pulun əsas hissəsini əyləncəsinə, istirahətinə, geyiminə yox, daha çox qidalanmasına sərf edir. Çünki orta aylıq gəliri olan ailənin büdcəsinin bəlkə də yarıdan çox hissəsi ərzaq məhsullarının alınmasına xərclənir. Ailə büdcəsinə nə qədər qənaət edilsə də, qidalanma üçün gündəlik sərf olunan vəsait ailənin xəzinəsini boşaldır.
 
Təbii ki, yaxşı və keyfiyyətli qidalanmaq dünyanın hər yerində arzulanan bir haldır. Bəs ayrı-ayrı ölkələrdə orta gəlirli və orta həyat tərzi sürən ailələr həftəlik ərzaq məhsullarına nə qədər pul xərcləyirlər?
 
Milli.Az modern.az-a istinadən bildirir ki, uzunömürlülər olkəsi olan Yaponiyada 4 nəfərlik ailə üçün həftəlik bazarlıq etməyə 320 dollar lazımdır. Yəqin ki, zəhmətkeş yaponlar üçün bu pulu qazanmaq o qədər də çətin deyil.
 
Çində 4 nəfərlik ailəni bir həftəlik ərzaq məhsulları ilə təmin etmək üçün 155 dollar sərf olunur. Bizim dildə desək "Kitayski mallar" elə özlərində də ucuzdur.
 
Fransada ailəni ərzaqla təmin etmək üçün daha çox vəsait lazımdır. Əgər qida rasionundan "Napoleon" konyakını çıxsaq 4 nəfərlik ailənin bir həftəlik ərzaq məhsullarının alınması üçün 420 dollar xərclənməlidir.
 
Avstraliyalılar həftə ərzində qidalanmaq üçün 4 nəfərlik ailəyə büdcələrindən 380 dollar xərcləyirlər.
 
Malidə vəziyyət bir az fərqlidir. Bu ölkədə 15 nəfərlik ailəyə bir həftəlik bazarlıq etmək üçün 27 dollar bəs edir. Ailə yeməyə bir az qənaət etsə bu pulla alınmış düyü və yarma növbəti həftənin bir-iki gününə də çatar.
 
Amerikalılar işdə olarkən "fast food" yeməklərinə pul xərcləməsələr, 4 nəfərlik ailə üzvləri üçün həftəlik ərzaq məhsullarına 340 dollar çatar.
 
Hindistanda ailəni dolandırmaq çox da qəliz məsələ deyil. Əsasən düyü ilə qidalanan hindlilər 4 nəfərlik ailəni həftə ərzində bu məhsulla təmin etmək üçün cəmisi 40 dollar pul xərcləyirlər.
 
Lüksemburqda bir az bahalıqdır. Bu ölkədə 4 nəfərlik ailə üçün qida məhsullarına 500 dollara yaxın pul sərf olunur.
 
Almanlar da yeməklərinə az pul xərcləmirlər. Ailə başçısı 4 nəfərlik ailə üzvlərinə bir həftəlik bazarlıq edəndə 500 dollardan artıq pul xərcləyir. Alman dəqiqliyi ilə desək 500 dollar 7 sent.
 
Ekvadorda evin kişisi həftədə 35 dollar qazana bilirsə, 10 nəfərlik ailəsinə bir həftəlik bazarlıq etməsi problem deyil. Daha çox banan, kartof, kələm və digər meyvə, tərəvəzlərə üstünlük verən Ekvador sakinlərinə həftəlik ərzaq məhsulları üçün 35-40 dollar bəs edir.
 
Polşada təxminən 180-200 dollar xərcləməklə 4 nəfərlik ailənin həftəlik ərzaq tələbatını ödəmək mümkündür.
 
Meksikada 4 nəfərlik ailə həftə ərzində 190 dollarlıq ərzaqdan istifadə edir. Nəzərə alsaq ki, meksikalılar rəqs etməyi çox sevir, bu yaxşı göstəricidir. Çünki rəqs həzm prosesini asanlaşdırır.
 
Küveytlilər varlı olsalar da, ailə üçün ərzaq məhsullarına həftədə 220 dollar xərcləyirlər.
 
Monqollar avropalılarla müqayisədə ərzaq məhsullarına xeyli az pul xərcləyirlər. Monqolustanda 4 nəfərlik ailənin bir həftəlik ərzaq təminatı üçün 40 dollar kifayətdir.
 
Belə bir deyim var ki, başqasının haqq-hesabına nəzər salmaq kasıbların işidir. Əgər elədirsə, onda arzu edək ki, hər kəsin başı öz haqq-hesabına qarışsın, hər bir ailənin qazancı çox, ruzusu bol, süfrəsi açıq olsun...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.