22 sentyabr - Dünya Avtomobildən Azadolma Günüdür. Həmin təqvim sürücüləri bir gün ərzində avtomobildən imtina etməyə, ictimai nəqliyyatdan istifadəyə, velosiped sürməyə və ya sadəcə gəzməyə təşviq edən qlobal bayramdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Avtomobildən Azadolma Günü ilk dəfə 1995-ci ildə Böyük Britaniya, İslandiya və Fransada təşkil olunub. Elə həmin il kampaniyanı dəstəkləmək üçün Ümumdünya Avtomobildən Azadolma Günü konsorsiumu yaradılıb. İlk ümummilli kampaniya isə 1997-ci ildə İngiltərədə baş tutub.
Avropa Komissiyası 2000-ci ildə təşəbbüsü dəstəkləyib və nəticədə sentyabrın 22-də ilk dəfə Avropa miqyasında Dünya Avtomobildən Azadolma Günü keçirilib. Bununla yanaşı, eyni ildə kampaniya Dünya Avtomobildən Azadolma Şəbəkəsi sayəsində qloballaşıb.
Hazırda bu gün dünyanın 46 ölkəsində və 2 mindən çox şəhərində qeyd edilir. Bundan əlavə, bir çox ölkələr il ərzində müxtəlif tarixlərdə öz avtomobildən azadolma günlərini də təşkil edirlər.
Milli.Az