Maraqlı

Neft sənayesinin "ilklərinə" şahid olan ərazidən FOTOREPORTAJ

21 Sentyabr 2017 10:26
0 Şərh     Baxış: 2 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ərazi Azərbaycanda ilk neft çıxarılan ərazilərdəndir. Dünyada sənaye üsulu ilə qazılmış ilk quyu bu mədənin ərazisində olub. Eyni zamanda, suyu qurutmaqla dünyada ilk dəfə olaraq dənizin dibindən neftin çıxarılmasına burada nail olunub.

Milli.Az report-a istinadən hazırda "Bibiheybətneft" NQÇİ tərəfindən işlədilən "Bibiheybət" yatağından və sənaye üsulu ilə qazılmış ilk quyudan fotoreportajı təqdim edir.

Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını sübut edir. Belə sənədlərdən biri Zaqafqaziya Vilayəti Baş İdarəsinin Şura üzvü, dövlət müşaviri Vasili Semyonovun bu vilayətin baş komandanı general Aleksandr Neydqarta yazdığı 1844-cü il 22 dekabr tarixli məktubdur. Məktubda Semyonov Abşeron yarımadasındakı neft mədənlərini ətraflı təsvir edir, hasilatın artırılması üçün konkret texniki və təşkilati təkliflər verir. Semyonovun məktubuna müsbət rəy verildikdən sonra 1845-ci ilin aprelində maliyyə naziri Fyodor Vronçenkonun göstərişi ilə Kaspi Xəzinə Palatası tərəfindən qazma işlərinə min gümüş sikkə ayrılır və Bibiheybət rayonunda kəşfiyyat quyusunun qazılması haqqında tapşırıq verilir. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə "Bibiheybət" yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.

171 il əvvəl qazılan həmin quyunun yeri Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dəqiqləşdirilib və bir abidə yaradılıb. Bu il aprelin 26-da İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Hazırda bu quyu turistlərin baş çəkdiyi məkanlardan birinə çevrilib.

Qeyd etdiyimiz kimi suyu qurutmaqla dünyada ilk dəfə olaraq dənizin dibindən neftin çıxarılması burada həyata keçirilib. Bunu isə əfsanəvi polşalı mühəndis, vəsiyyətinə görə Bibiheybətin torpaqla doldurulmuş sahəsində, dəniz kənarında dəfn edilən Pavel Nikolayeviç Pototski həyata keçirib.
Hazırda "Bibiheybət" yatağının istismar fondu 584 quyudan ibarətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.