Maraqlı

Qəribə məzarlıq - FOTO

14 İyul 2017 07:35
0 Şərh     Baxış: 1 512

"Gazeta.ru" xəbər portalının müxbiri Dağıstan kəndlərində qədim və müasir, özünəməxsus məzarlıqlardan reportaj hazırlayıb.

Milli.Az yazını olduğu kimi təqdim edir:

Mən tamamilə gözlənilmədən Dağıstanın qədim qəbir abidələrilə maraqlanası oldum. Bu bölgəyə səfər ayrı məqsəd daşıyırdı. Lakin səfər gedişatında dağ kəndlərini gəzdikcə müxtəlif qədim qəbir abidələri gördüm.

Onlar olduqca qeyri-adi görünürdü və hətta yerli əhali də onların rəmzlərini izah edə bilmirdilər.

Doğuluş və ölüm hər bir sivilizasiya üçün ən mühüm hadisələrdir. Ona görə də, məhz bu iki məfhuma həsr olunmuş mərasim və abidələrdə hər hansı bir etnosun ənənələri daha parlaq göstərilir. Həmin abidələrdə görmək olar ki, xalq müxtəlif mədəniyyətlərin varisliyini özündə cəmləşdirir.

Dağıstanda bugün hakim olan din İslamdır. Onun regionda yayılma tarixi təxminən 10 əsrə qədər uzanır. İlk dəfə İslam Dağıstanın sahil, düzənlik hissəsinə ərəblər ilə birlikdə nüfuz etdi. İlk məscidlər VIII əsrin birinci yarısında Şimali Qafqazın, o dövr ən böyük şəhərində - Dərbənddə yaranıb.
Tədricən islam və dağ rayonlarına da keçdi və orada üstünlük təşkil edən pravoslavlığın yerini tutmağa başladı.

X əsrə qədər Cənubi Dağıstanın da hər yerinə yayıldı. Lakin ən əlçatmaz dağ rayonlarının (Qərbi Dağıstanda avar kəndləri) sakinləri yalnız XVI əsrdə müsəlman oldular.

Ölülərin gender bölgüsü

Bir sıra xalqlarda olduğu kimi, yerli sakinlər yeni dinlə öz keçmiş ayinlərini birləşdiriblər. Dağlıq Dağıstanın adətlərinə görə, gender bölgüsü orada ən vacib rollardan birini oynayır.

Ona görə də, məsələn, Gimra kəndində İmam Şamilin döyüşçülərinin məzar daşları xəncər saplağı qismində düzəldilib. Qadınların məzarlarının üzərində məcməyi şəkilləri var və s.

Hərçənd İmam Şamil özü hər hansı adət-ənənəyə qarşı mübarizə aparırdı. Onun qurduğu İmamət adlı mini-dövlət teokratik dövlət idi və əsas qanun kimi İslam şəriəti istifadə olunurdu. Şəriət İmamətdə bir sıra adətləri sıxışdırırdı. Digər maraqlı fakt: Şamil özü elə Gimra kəndində anadan olub. Eyni zamanda, teokratik dövlətin yaradıcısı birinci imam Qazi-Məhəmməd də orada doğulub. İmamətin döyüşçüləri ilə rus ordusu arasında gedən münaqişə Qafqazın ən qızğın müharibəsi hesab olunur. Gimra kəndində onlarla qılınc formasında kəsilmiş qəbir daşlarının üzərində həlak olan döyüşçülərin ərəb qrafikası ilə adları və hicri təqvimi ilə ölüm tarixləri qeyd olunub.

Cənubi Dağıstanın ləzgi kəndi Kuqda kişilər və qadınların qəbirləri üstündə başdaşı elə şəkillərlə bəzədilmişdir ki, ölənlərin cinsi mənsubiyyətinə açıq-aydın eyham vurulurdu. Məsələn, kişilərdə tipik xəncər təsvirləri, qadınlarda məcməyidə, yaxud sinidə yemək gətirən qadın şəkilləri. Gender bölgüsünün mövzusu qəbir daşları üzərində sovet dövründə də qalırdı. Məsələn, kişilərin məzarları üzərində avtomobil və avtobus şəkilləri təsvir olunurdu.

Dağıstanda tamamilə İslam ənənəsinə uyğun məqbərələr mövcuddur. Dərbənddə yerli xanlara məxsus, dinin ənənəvi üslubunda məqbərələr inşa edilib. Burada bitki ornamentləri ruhunda, ərəb qrafikası ilə mərhumların adları yazılmış, günbəzli məzarlara rast gəlinir.

Dağıstanda bəzi məzarlar bir qayda olaraq türbələr - ayin yerləri kimi fəaliyyət göstərir. Bu cür ziyarət nümunələrindən bir neçəsi Mişleş kəndində yerləşir. Bu kənddə Dağıstan xalqlarının sayca ən az olanı - Zaxurlar yaşayır. Onların sayı cəmi 14 min nəfərdir. Zaxurlar bölgədə İslamı qəbul edən etnosların birinciləri sırasında olublar.

Riç kəndində, hansı ki, Sergey Bodrov məşhur "Qafqaz əsiri" filmini çəkib, nə az nə çox düz 7 ziyarətgah var. Burada insanlar dirəklərə rəngbərəng yaylıq bağlayırlar ki, istəkləri çin olsun.

Burada hər qəribə məzar haqqında yerli əhali heç bir dolğun izahat verə bilmədilər. Buna görə də, Dağıstanın qədim qəbiristanlıqlarının orijinal nümunələrini daha ətraflı və dərin araşdıracaq tədqiqatçılara ehtiyacı var. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.