Maraqlı

2035-ci ilədək Avropadakı bütün avtomobillər elektriklə işləyəcək

15 İyul 2017 19:12
0 Şərh     Baxış: 1 270

"The Guardian" yazır ki, cəmi iki onilliyin ərzində Avropada satılan təzə avtomobillərin hamısı elektriklə işləyəcək. Bu müddət ərzində batareyaların da qiyməti kəskin düşəcək. Bu barədə hesabatı Hollandiya banklarından biri hazırlayıb.

Bununla belə ING bankı xəbərdarlıq edir ki, əgər 2035-ci ilədək Avropadakı maşınların 100 faizi elektriklə işləsə, deməli Avropa avtomobil istehsalçıları ABŞ və Asiyadakı rəqiblərindən geri qalacaqlar.

"The Guardian" yazır ki, bu, indiyədək elektrik avtomobilləri barədə verilmiş ən cəsarətli proqnozdur. Britaniyanın National Grid firması bildirirdi ki, 2050-ci ilədək Birləşmiş Krallıqdakı avtomobillərin 90 faizi elektrikli olacaq.

Fransa hökuməti 2040-cı ilədək bütün benzin və dizellə işləyən maşınların satışını qadağan etməyi planlaşdırır.

Lakin ING öz proqnozundan əmindir.

Hesabatda deyilir ki, hardasa 2017-2024-cü illər arasında elektrik avtomobilləri alıcılar üçün rasional seçim olacaq. Beləki bu maşınların qiyməti düşməkdə davam edəcək və batareyadoldurma nöqtələrinin sayı sürətlə artacaq.

Hesabatda bu da qeyd olunur ki, 2024-cü ilədək Almaniyada elektrik maşınının öz qiyməti və yanacaq xərcləri benzinlə işləyən maşınların qiymət və xərclərinə bərabər olacaq.

Bank bildirir ki, burada əsas rolu batareya qiymətlərinin düşməkdə davam etməsi oynayacaq.

"Məsafə narahatlığı"

Hesabatda bu da deyilir ki, avtomobil həvəskarlarının "məsafə narahatlığı" deyilən bir problemi isə 2020-ci ilədək aradan qalxacaq.

Hazırda əksər elektrik avtomobilləri üçün iki batareyadoldurma məntəqəsi arasında olan məsafə 150-200 kilometrdir. Bəzi maşın markaları üçün bu məsafə 650 kilometrə çatır.

Gələn onilliyin sonlarında əksər avtomobil istehsalçılarının əsas diqqəti yalnız elektrik maşınlarına yönəlmiş olacaq. İsveçin Volvo şirkəti bildirib ki, 2019-cu ildən o yana yalnız elektriklə işləyən avtomobilləri istehsal edəcək.

ING ekspertləri deyirlər ki, yaxın gələcəkdə elektrik avtomobilləri qiymətdə benzin və dizel maşınlarından ucuz olacaq.

Bununla belə, hesabatda deyilir ki, Avropa "elektrik inqilabında" Asiya və ABŞ-dan geri qala bilər.

Çünki həmin yerlərdə artıq müasir batareya texnologiyaları istehsalı var.

ABŞ-ın Stanford Universitetindən iqtisadçı Tony Seba deyib ki, 2040-cı ilədək bütün dünyada yalnız elektrik avtomobilləri hərəkət edəcək.

Maraqlıdır ki, belə hesabat və proqnozlar neft və qaz şirkətlərini məyus edir və onlar da öz hesabat və proqnozlarını verirlər.

Ötən həftə İstanbulda keçirilən enerji konfransında İngiltərə-Hollandiya şirkəti Shell, Səudiyyənin Aramco dövlət neft şirkəti, habelə Beynəlxalq Enerji Agentliyi elektrik maşınlarının neft tələbatına zərbə vuracağına dair bəyanatları rədd ediblər.

Ötən cümə axşamı isə Beynəlxalq Enerji Agentliyi 2017-ci ildə neftə tələbatın günə 98 milyon barrelə çatacağını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.