Maraqlı

Dahilik və dəlilik – Çezare Lombrozo

15 Fevral 2015 20:45
0 Şərh     Baxış: 2 370

Milli.Az kult.az-a istinadən professor Asif Hacılının tərcüməsində Çezare Lombrozonun manifestlərini təqdim edir.

MANİFESTLƏR 

Tarixi prosesdə seçilmiş şəxslərin müstəsna rolu danılmazdır. Adilərdən fərqli olaraq fövqəl istedada malik insanlar ənənə və normanı dağıdır, tərəqqi və yüksəlişə təkan verir. Böyük dühalar vərdiş olunmuş qəliblərə uyğun gəlmir, məntiqi sxemlərə, təsnifə yatmır. Onların düşüncə və mülahizələri, davranış və rəftarı, fəaliyyəti və əsərləri çox vaxt normativ düşüncə tərəfindən anormallıq, bəzən dəlilik kimi qavranılır.

Əksər əbədi personajlar kimi, çılğın obrazının da qay­naqları ilk növbədə miflə bağlıdır. Məlumdur ki, tanrı-onqon münasibətinin mütləq olduğu mifdə müstəqil xarak­terlər yox, müəyyən ideyanı ifadə edən birtərəfli tiplər veri­lir və burada canlı insanlara və adi hisslərə yer olmur, mi­fik hadisələrdə hamı nəyinsə "dəlisi", hansısa bir parlaq, ifrat keyfiyyətin ifadəçisi, simvolu kimi iştirak edir. Dəlilik bu simvollar arasında mühüm yer tutur, öz əsrarəngizliyi və mübhəmliyi ilə ayrıca kult mövqeyi qazanır. Dəlilik kultu, nevrozlar, fərdi və kütləvi psixoz haqqında erkən türk məf­kurəsindəki təsəvvürlər şaman mifologiyasında xüsusi sis­tem səviyyəsinə qaldırılır.

Şaman (müxtəlif türk areallarında qam, baxşı, por­xan, ozan) mifologiyasında insanın üç növdən (ana qut, yer qutu, səmavi qut) ibarət həyati qüvvəsi kimi, dəlilik də tan­rı­lardan törəyir və əslində insanın özündən asılı olmur. Türk əsatirində insan ruhunun hakimi Alt Dünya tanrısı Er­lik xandır və qutu onun səltənətinə düşən insan ruhən xəs­tələnir, onu ancaq şamanlar xilas edə bilir. Şaman tə­fək­kürü dəliliyi iki (müqəddəs və rəzil) şəkildə qavrayır: müqəddəs çılğınlığa şamanlar məruz qalır, yalnız psixikası pozulmuş, "şaman mərəzi"nə tutulmuş, yəni onqonların öldürüb yeni­dən xəlq etdiyi çıldırmış şəxslər qamlıqla məşğul ola bilir (islam kontekstinə də daxil olmuş müqəddəs dəlilik, "ma­yıf"lıq kultu xalq arasında indi də qorunur). Adi fərdlərə xas rəzil çılğınlığın, fiziki və psixi naqisliyin mənbəyi isə ya bu şəxsləri şər qüvvələrlə izdivaca girmiş qadınların doğ­ması ilə, ya da uyğun xəstəlik onqonunun, tanrının (və ya abaahı, pəri, cin, iççi, hal...) təsiri ilə izah edilir. Belə­liklə, şaman əsatirində çılğınlıq mifin inayəti və ya qəzə­bin­dən doğan mistik hal kimi aşkarlanır - fərdi xəstə xarak­teri yox, ümumi xəstəlik anlayışı verilir.

Xalq yaradıcılığında formalaşmış bu motivlər klassik ədəbiyyatımızda islam məfkurəsi ilə çulğaşır (bu əlaqə folk­lorda da var idi). Buna görə də ədəbiyyatımızdakı pato­loji şəxsiyyət konsepsiyasını nə milli folklor, nə də islam zəminindən ayrılıqda dərk etmək mümkündür. Bu ovqat və məzmunun sufi lirikasında əsas ifadəçisi isə, məlumdur ki, çılğın aşiq obrazıdır.

Ə.Yasəvi, C.Rumi, Y.İmrə, İ.Nəsimi, Ş.İ.Xətai ya­ra­dıcılığında mükəmməl işlənmiş çılğın aşiqin ədəbiyya­tı­mız­da ən kamil nümunəsi olan Füzuli Məcnununda islam etik idealı (sufi təfsirində) folklor zəminində mənimsənilir və fəlsəfi-estetik məsələ tək təsbitləşir.

Bu məntiq məcnunluğun təkamülündə qabarıq aşkar­la­nır: sufi mərhələlərindən keçdikdən sonra məcnunluq əslin­də yeni məzmun qazanır, mücərrəd ideyadan mənəvi mə­sələyə çevrilir.

Məcnun faciəsi qanunauyğunluq, üsyan yox, fərdi taleyin təsadüflərdən do­ğan əcaib oyunu, qəribə şəxsin divanəliyi kimi qavranılır: Füzuli dərd əlindən dağa çıxır, deyirlər, bəxtəvər yaylağa çıxdı!

Bununla da adi məntiq və ağıl puç olur, idrak faciəviləşir:

Əql meydanını zindani-bəla bilməz hənuz,

Kim ki, bir müddət cünun mülkünü seyran etmədi.

Bu əql zindanında romantik ülvilik və ideal təşnəliyi (əsil müdriklik) patoloji qılafda (məcnunluq kimi) ortaya çı­xır. - Cəmiyyət öz saxta "müdrikliyini", zahiri nizamını, normanı qorumaq üçün əsl müdrikliyi (Məcnun müdrik­liyini) divanəlik kimi qəbul edir.

İtaliya nevropatoloqu Çezare Lombrozo və alman psixoloqu Ernst Kreçmerin kitablarından verdiyimiz fraqmentlər bu maraqlı mövzuya - dahilik və dəlilik məsələsinə həsr olunub. 

DAHİLİK VƏ DƏLİLİK 

...Yuxarıda söylənən faktlar əsasında belə nəticəyə gəlmək olarmı ki, dahilik ümumi nevrozdan, dəlilikdən başqa bir şey deyil? Xeyr, belə cavab səhv olardı. Bəli, dahi insanların gur və narahat həyatında elə anlar olur ki, bu insanlar dəlilərə böyük uyarlıq aşkarlayırlar və bunların psixi fəaliyyətində xeyli ümumi cəhətlər var. Məsələn, güclü hissiyyat, apatiya ilə əvəzlənən ekzaltasiya, estetik əsərlərin orijinallığı və kəşf qabiliyyəti, yaradıcılığın qeyri-şüuriliyi və xüsusi ifadələrin işlədilməsi, güclü dalğınlıq və intihara meyl, eləcə də çox vaxt spirtli içkilərdən sui-istifadə və nəhayət, nəhəng təşəxxüs. Bəli, dahi insanlar arasında dəlilər olub və var, necə ki, sonuncular arasında da elə subyektlər olub ki, xəstəlik onlarda dahilik işartıları törədib. Ancaq bundan nəticə çıxırmaq ki, bütün dahi şəxsiyyətlər mütləq dəli olmalıdır - böyük səhv və bütün dəlilərin ilahidən ilham almış insanlar olması haqqında ibtidai adamların yanlış qənaətinin təkrarı olardı.

Əgər dahilik həmişə dəliliklə müşayiət olunursa, onda Qaliley, Keller, Kolumb, Volter, Napoleon, Mikelancelo, Kavur kimi şəksiz dahi və özü də həyatları boyu ağır sınaqlara məruz qalmış insanların bir dəfə də olsun dəlilik əlaməti büruzə verməməsini nə ilə izah etmək olar?

Bundan başqa, dahilik adətən dəlilikdən əvvəl aşkarlanır. Dəlilik əsas etibarilə maksimal inkişafına yalnız 35 yaşdan sonra çatırsa, dahilik hələ uşaqlıqdan təzahür edir, gənc yaşlarda isə artıq tam gücüylə aşkarlanır: Makedoniyalı İsgəndər şöhrət zirvəsinə 20 yaşında, Böyük Karl - 18 yaşında, Dalamber və Bonapart - 26 yaşında çatıb. Sonra, dəlilik digər xəstəliklərdən daha çox irsən keçirsə və özü də hər yeni nəsillə güclənirsə, belə ki, əcdadda baş verən kiçik sərsəmlik tutması vərəsədə əsil dəliliyə keçirsə, dahilik demək olar həmişə dahi insanla birlikdə ölür, irsi dahilik qabiliyyəti, xüsusən bir neçə nəsildə, nadir istisna təşkil edir. Bundan əlavə, qeyd edilməlidir ki, dahilik daha çox qadın yox, kişi cinsindən olan vərəsələrə ötürülür, dəliliksə hər iki cinsin tam bərabərliyini təsbitləyir. Tutaq ki, dahi də səhv edə bilər, tutaq ki, o da həmişə orijinallıqla seçilir, ancaq nə səhv, nə orijinallıq onda özüylə tam ziddiyyətə və ya aşkar absurda çatır, halbyki, bu, mattoidlər və dəlilərlə tez-tez baş verir.

Sonuncular əməlli əqli qabiliyyət aşkarlasalar da, bu, nisbətən nadir hallarda olur , özü də onların əqli həmişə birtərəflidir, onlarda hövsələ, səy, xarakter möhkəmliyi, diqqət, səliqə, yaddaş - ümumən dahinin əsas keyfiyyətləri çatışmır. Və onlar çox vaxt bütün həyatları boyu tənha, ünsiyyətsiz, insanları həyəcanlandıran şeylərə laqeyd və ya biganə olurlar, sanki onları hansısa xüsusi, tək onlara məxsus atmosfer əhatə edir. Bədbəxtlikdən ruhdan düşməyən və özünü hər hansı ehtirasa aludə olmağa qoymadan ali məqsədlərinə doğru seçdikləri yolla sakit və öz gücünü dərk edərək inamla gedən həmin nəhəng dahilərlə onları müqayisə etmək olarmı!

Spinoza, Bekon, Qaliley, Dante, Volter, Kolumb, Makiavelli, Mikelancelo və Kavur belə olmuşlar. Onların hamısı kəllənin güclü, ancaq harmonik inkişafı ilə seçilmişlər və bu, onların əqli qabiliyyətinin gücünü, lakin qüdrətli iradəylə tarazlanan gücünü sübut etmişdir. Lakin onların heç birində həqiqət və gözəlliyə məhəbbət ailə və vətənə məhəbbəti söndürməmişdir. Onlar heç vaxt əqidələrindən sapmamış və reneqat olmamışlar, onlar məqsədlərindən yayınmamış və bir kərə başladıqları işi atmamışlar. Niyyətlərini gerçəkləşdirərkən onlar nə qədər əzm, enerji, takt göstərmişlər və həyatları boyu nə qədər sadəlik, təvazö, necə də bütöv xarakterlə seçilmişlər!

Axı onların da qismətinə avamların təqibindən xeyli iztirab düşmüşdür - onlar da ilham intibasından sonra taqətsizlik yaşamış, şübhə, tərəddüd əzabı çəkmişlər, lakin bunların heç biri onları düz yoldan dönməyə məcbur edə bilməmişdir. Həyatlarının məqsəd və xoşbəxtliyini təşkil edən yeganə, sevimli ideya bu böyük zəkaları tam sarmış və yolunu işıqlandırmışdır. Vəzifələrini yerinə yetirmək üçün onlar səylərini əsirgəmir, daim aydın, sakit qalaraq heç bir maneə qarşısında dayanmırdılar. Onların səhvləri o qədər azdır ki, göstərməyə dəyməz, özü də bunlar çox vaxt elə olub ki, adi adamlarda əsil kəşf sayıla bilərdi...

Mülahizələrimizi ümumiləşdirərək, belə bir qənaətə gəlirik: fizioloji cəhətdən dahi adamın normal vəziyyəti ilə dəlinin patoloji halı arasında xeyli təmas nöqtələri var. Dahi adamlar arasında dəlilərə, dəlilər arasında isə dahilərə rast gəlinir. Lakin bir çox dahi insan olub və var ki, onlarda heç bir cüzi dəlilik əlaməti tapmaq olmaz, hissiyyat sferalarındakı bəzi qeyri-normallıqlar istisna olmaqla.

Mənim tədqiqatlarım psixoloji müşahidələrin sadə hüdudları ilə məhdudlaşsa da, ümid edirəm, onlar artistik, ədəbi və bəzi hallarda hətta elmi əsərlərin tənqidi üçün sanballı eksperimental zəmin ola bilər. Belə ki, birincisi, bunlar sırf patoloji əlamətlərə diqqət yetirməyə məcbur edər: işlənilənin ifrat dəqiqliyinə, simvollardan, epiqraflardan və aksessuarlardan sui-istifadəyə, hansısa boyanın üstünlüyünə və yenilik dalınca ifrat cəhdə. Ədəbiyyatda və elmi məqalələrdə belə əlamətlər bunlardır: itizehinlilik, hazır-cavablıq iddiası, həddən ziyadə sistemləşdirmə, özü haqqında danışmaq cəhdi, məntiqi epiqramma ilə əvəzləmək meyli, şeirdə bəlağətə, nəsrdə həmahəngliyə aludəlik və yenə də orijinallıq cəhdi. Bundan başqa, bu tonun qeyri-normallığı incilvari dillə, vurğulama və naməlum sözləri tez-rez işlətməklə qısa təqtlərlə yazmaq manerasında ifadə olunur. Boynuma alım, ictimai rəyin rəhbərləri deyilən subyektlərdən nə qədər çoxunun belə qüsurlarla seçildiyini və ictimai məsələlərə girişən gənc yazıçıların necə də tez-tez yalnız sanki dəlilər evindən götürülmüş hazırcavablıqla məhdudlaşdığını, İncil kəlamları tək qısa qırıq ibarələrlə yazdığını görürüksə mən gələcək nəslin taleyindən qorxuram.

Və əksinə, bir tərəfdən, mattoidlər və dahilər arasında analogiya (birincilərə axırıncıların bütün xəstəhal xüsusiyyətlərinin xas olması mənasında), digər tərəfdən - eyni dərəcədə inkişaf etmiş prinsipiallığa, praktik takta malik mattoidlər və sağlam adamlar arasında uyğunluq elm adamları üçün son dövrdə xüsusən mücərrəd və tam təşəkkül tapmamış elmlərdə (necə ki, teologiya, tibb və fəlsəfə) yayılmış yeni nəzəriyyələrə aludəliyə qarşı xəbərdarlıq olmalıdır. Adətən publika üçün maraqlı məsələlərə aid belə nəzəriyyələr daha çox faktların dəqiq və sakit öyrənilməsinə əsaslanan mühakimələr əvəzinə, öz əsərlərini gurultulu ibarələrlə, əməli əhəmiyyəti olmayan paradokslar və əssasız, çox vaxt bir-birinə zidd, bəzən orijinallıqdan məhrum olmayan dəlillərlə dolduran, bu məsələlərdən heç nə anlamayan adamlar tərəfindən işlənilir. Bu cür əsasən mattoidlər (psixopatlar) - ədəbi aləmdə düşünüldüyündən qat-qat çox rast gəlinən qeyri-şüuri şarlatanlar yazırlar...

Lakin belə nəzəriyyələrdən yalnız alimlər ehtiyatlanmamalıdır. Bunlara münasibətdə daha çox dərəcədə dövlət adamları ehtiyatlı olmalıdır. Tək ona görə yox ki, yalnız, psixi xəstəlikdən ilhamlanan və tənqid tərəfindən ciddi müqavimətlə rastlaşmayan bu saxta islahatçılar ətrafdakılara müəyyən təsir göstərə bilər. Həm də o baxımdan ki, hər hansı təqib, hətta ədalətli təqib, bu adamları qıcıqlandırır, dəliliyini gücləndirir və psixopatın zərərsiz ideoloji sərsəmliyini və monomanyakın hissi pozuntularını aktiv dəliliyə çevirir. Bu ona görə xüsusən təhlükəlidir ki, psixopatların nisbətən aydın əqli, inadkarlığı və onları ictimai işlərlə və idarə başında duran adamlarla səylə məşğul olmağa məcbur edən güclü altruizmi səbəbindən onlar bütün başqa dəlilərdən daha çox siyasi qətlə meyillidirlər.

Beləliklə, biz əmin oluruq ki, psixopatlar yalnız dahilərlə deyil, həm də təəssüf ki, qaranlıq cinayət aləmi ilə nəsə ümumiliyə malikdirlər. Biz görürük ki, bundan başqa, əsil çıldırmışlar bəzən elə böyük zəkaya və çox vaxt elə qeyri-adi enerjiyə sahib olurlar ki, bu istər-istəməz ən azı bir müddət onları dahi şəxsiyyətlərlə bərabər tutmağa vadar edir. Sadə xalqda isə onlara əvvəlcə heyrət, sonra pərəstiş yaradır.

Belə faktlar bizə hüquqşünaslar və hakimlərlə yalnız beynin gücləndirilmiş fəaliyyəti əsasında mübarizəyə yeni, etibarlı dayaq nöqtəsi verir. Subyektin anlaqlığı və onda psixi pozuntuların tamamilə olmaması barədə rəyə əsas yaradır. Ümumən psixiatriya sahəsində ən yeni tədqiqatlar sayəsində dahinin sirli mahiyyətini, onun qeyri-ardıcıllığını və sadə insanların ən adisinin belə buraxmayacağı səhvlərini aydınlaşdırmaq imkanı qazanılır. Bundan əlavə çox zəif dərəcədə dahilik əlaməti olan, bəzən tamam olmayan dəlilərin və mattoidlərin (Passanante, Lazaretti, Drobisius, Furye, Foks) kütləyə çox güclü təsir göstərməsi və hətta siyasi hərəkat törətməsi və eyni zamanda həm dahi, həm də dəli olan insanların (Lüter, Savonarola, Şopenhauer) özlərində güc taparaq, ağlı taraz adamı dəhşətə gətirən maneələri dəf etməsi, xalqların əqli inkişafını əsrlərlə dayandırması və bütün dinlərin də olmasa, hər halda qədim və yeni dünyada bütün təriqətlərin banisi olması səbəbi aydınlaşır.

Beləliklə təbiət dahilər və çıldırmışlar arasında yaxın tənasüb yaradaraq, sanki bizim nəzərlərimizi insani fəlakətlərin ən böyüyünə - dəliliyə mərhəmətlə yanaşmaq borcumuza yönəltmək istəyib. Eyni zamanda xəbərdarlıq edib ki, çoxunun nəinki zirvələrə ucalmadığı, əksinə işıqlı meteorlar kimi bir dəfə bərq vuraraq aşağı endiyi və səhvlər kütləsində qərq olduğunu dərk etməklə dahilərin parlaq xüsusiyyətlərinə həddən çox alüdə olmayaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.