Üz nahiyəsində zamanı ən tez büruzə verən hissə göz ətrafıdır və bunun səbəbi təkcə mimik hərəkətlər deyil.
Milli.Az-ın məlumatına görə, göz ətrafı dərisi üzün digər sahələrinə nisbətən təxminən 40 faiz daha nazikdir, yağ toxuması az, kollagen dəstəyi isə məhduddur. Gün ərzində minlərlə dəfə göz qırpılması bu bölgədə elastikliyin daha sürətli azalmasına səbəb olur.
Məlumata görə, göz altı qaralmalar, torbalanma, çöküklük, incə xətlər və sallanma kimi problemlərin hər biri fərqli mexanizmlərlə formalaşır. Məhz buna görə tək bir krem və ya bir prosedur bütün problemləri həll etmir. Əvvəl düzgün analiz, sonra isə fərdi planlama vacib sayılır.
Mütəxəssislər bildirir ki, incə xətlər və qırışlar adətən kollagen azalması və xroniki quruluqla əlaqələndirilir. Ev şəraitində qulluq zamanı peptid tərkibli məhsullar, göz ətrafına uyğun retinoid törəmələri və hialuron turşusu dəstəyi faydalı hesab olunur. Gündüz saatlarında geniş spektrli günəş qoruyucusundan istifadə mütləq tövsiyə edilir.
Klinik üsullar arasında mikroiynələmə, fraksion lazer və "qaz ayağı" nahiyəsinə botulinum toksin tətbiqi effektiv seçimlər kimi göstərilir.
Qeyd olunur ki, göz altı qaralmalarının səbəbi isə genetik piqmentasiya, damarların görünməsi və ya dərinin nazik quruluşu ola bilər. Bu halda C vitamini, niasinamid və kofein tərkibli məhsullar dəstək rolunu oynayır. Klinik səviyyədə mezoterapiya, PRP, regenerativ prosedurlar və piqment hədəfli lazerlər tətbiq oluna bilər.
Son illər göz altı dolğusu ilə bağlı qorxular artsa da, mütəxəssislər bunun əsas səbəbini yanlış pasiyent seçimi və düzgün olmayan texnika ilə əlaqələndirir. Halbuki doğru pasiyentdə bu prosedur estetik tibbdə ən yüksək məmnunluq göstəricilərindən birinə malikdir. Əsas meyar elastiklik itkisinın minimal olmasıdır.
Çox vaxt göz altındakı boşluq orta üz nahiyəsində həcm itkisi ilə bağlı olur və əvvəlcə bu sahələrin bərpası tövsiyə edilir. Doğru anatomik səviyyədə və uyğun dolğu ilə aparılan prosedur üzü şişirtmir, əksinə daha dinc və təbii görünüş yaradır.
Bununla belə, nəzərə çarpan torbalanma, ciddi dəri boşalması və ya limfa dövranı problemlərində ilk seçim dolğu olmur. Göz altı torbaları adətən yağ toxumasının irəli yer dəyişməsi ilə bağlıdır. Duz qəbulunun azaldılması və soyuq kompreslər müvəqqəti rahatlıq verə bilər, lakin bəzi hallarda cərrahi qiymətləndirmə tələb olunur.
Sallanma və elastiklik itkisi zamanı kollagen istehsalını stimullaşdıran müalicələr ön plana çıxır. Ev baxımında retinoid və peptid kombinasiyaları, klinikada isə fokuslu ultrasəs, radiotezlik və kollagen stimullaşdırıcı inyeksiyalar istifadə edilə bilər.
Mütəxəssislər bildirir ki, göz ətrafının qoruyucu qulluğuna 20-li yaşların ortalarında başlamaq gec deyil. Əsas prinsip "əvvəl qoruma, sonra düzəltmə" yanaşmasıdır.
Onların fikrincə, hər qaralma dolğu, hər torba cərrahiyyə, hər xətt isə lazer demək deyil. Düzgün analiz olmadan edilən hər müdaxilə risk daşıyır, amma düzgün planlaşdırılmış kiçik toxunuşlar üz ifadəsini təbii şəkildə xeyli dəyişə bilir. Bəzən gənc görünüş böyük dəyişikliklərdən deyil, doğru nöqtədə edilən incə müdaxilələrdən keçir.
Mina Mikayılova
Milli.Az





