Maraqlı

İzzətin 6 amili

29 Yanvar 2023 20:10
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İzzətin 6 amiliİmam Hüseyn (ə) bəşər üçün izzət nümunəsidir. Onun Peyğəmbər (s), İmam Əli (ə), xanım Fatimə (s.ə) kimi müəllimləri var idi. Atasının nəsihəti həmişə zehnində idi. Belə ki, buyurmuşdu: "Nəfsini hər cür alçaqlıqdan uzaq tut, baxmayaraq ki, səni sonsuz nemətlərə çatdırsa belə". İzzət kəlməsnin mənası - insanın məğlub olmasına və sınmasına mane olan bir hala malik olmaqdır. Zillət isə insanda izzət və şərafətin olmamasıdır. Zəlil insan rahat halda məğlubiyyəti qəbul edir. İzzətə olan meyl və əlaqə, habelə zillətə qarşı nifrət hissi fitridir. Bütün insanların fitrətinə qoyulmuşdur. İzzəti çiçəkləndirmək üçün bəzi amillərə ehtiyac vardır. Əgər bu amillərə diqqət edilməzsə, insanın fitrətində olan izzət susar. İnsan məğlub olmağa adət edər. O insan ki, izzətin şirin dadını hiss edib, heç bir zaman zillətin acı dadını hiss etməyə çalışmaz. İmam Əli (ə) buyurur:"O kəsin ki, əziz və şərif nəfsi vardır, onu günahın çirkinliyi ilə xar və zəlil etməz".

İzzətin amilləri:

1. Allaha təvəkkül etmək. Allah Təala həqiqi izzət mənbəyidir. Qalan məxluqlar zatlarına görə xar və zəlildirlər. Hamının Allaha ehtiyacı vardır. Quran buyurur: "Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur". ("Fatir" 10). Əgər insan izzətə çatmaq istəyirsə, iki qanada ehtiyacı vardır. Bu qanadlardan biri etiqad və Allaha pərəstişdir. O birisi isə saleh əməldir. Allah buyurur: "Pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar". ("Fatir" 10).
İmam Əli (ə) buyurur: "İzzəti Allahdan qeyrisi olan - əziz zəlildir".

2. Qurani-Kərim.
Qurana söykənmək və ondan yardım almaq izzətin amillərindəndir. "Bu kitab (hər şey üzərində) qüdrət və qələbə sahibi, (yaradılış və şəriət qanunları) möhkəm olan Allah tərəfindən nazil edilmişdir". ("Zumər" 1). Allah izzət və əzəmət mənşəyidir. Quran isə Onun kəlamlarıdır. Bu kəlamlar insana izzət bəxş edər."Odur ki, sənə edilən vəhydən yapış. Çünki sən doğru yoldasan. Əlbəttə, bu (Qur'an) sənin özün və qövmün üçün bir öyüddür və tezliklə (onun barəsində) sorğu-sual ediləcəksiniz". ("Zuxruf" 43-44).

3. Peyğəmbər (s) və Əhli-beytlə (ə) rabitə.

Həzrət Peyğəmbər (s) və pak Əhli-beyti (ə) izzət və kamal nümunəsidir. "Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən". ("Qələm" 4). Quran Peyğəmbərlə (s) rabitə qurmağı və onun ardınca getməyi biz müsəlmanlara əmr edir. "Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun". ("Nisa" 59). Peyğəmbər (s) heç bir zaman zillət nümayiş etdirməmişdir və heç bir möminə də zillət və xar olmasına icazə verməmişdir. Həzrət (s) buyurur: "Heç bir mömin öz nəfsini zəlil və xar hesab etməməlidir".

4. Möminlərlə rabitə.
Möminlərlə rabitə qurmaq insana izzət və şərəf bəxş edə bilər. Belə ki, Quran buyurur: "Halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər". ("Munafiqun" 8).

5. Halal ruzi.
Həzrət Peyğəmbər (s) halal ruzi qazanmağı cihad hesab edir. Həzrət (s) buyurur: "Allah sevir ki, bəndəsini halal ruzi qazanmaq üçün səy edən halda görsün". Halal qazanılmış süfrələrdən elə insanlar yetişmişdir ki, heç bir zaman sınmamış və xar olmamışdılar. İmam Hüseyn (ə) buyurur: "Bizim süd içdiyimiz pak sinə bizə zilləti rəva bilmir". İmamın (ə) bu nurani sözlərindən belə nəticə çıxartmaq olur ki, halal ruzinin insanın izzətinə birbaşa təsiri vardır. Halal ruzi insanı fəsaddan, zillətdən, xarlıqdan saxlayar. Əgər insan ruzisini ancaq Allahdan istəsə, həmişə izzətini qoruyar.

6. Layiqli müəllimlər.

Quran insanı əziz və şərəfli bir varlıq hesab edir. Quran buyurur: "Öz ruhumdan ona üfürdüm". ("Sad" 72). Başqa yerdə onu Öz canişini elan edir: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam". ("Bəqərə" 30). Bu izzətli varlıq üçün İlahi müəllimlər olan peyğəmbərlərini və imamlarını göndərir. Bu İlahi müəllimlər də insanları tərbiyə edir və onlara izzət və şərafət yolunu göstərirlər. İmam Hüseyn (ə) kimi. Həzrət (ə) buyurur: "İzzətli və şərəfli ölüm, zillət və xar bir həyatdan daha yaxşıdır".

Ona görə də hər birimiz əgər bu dünyada izzətli və şərəfli yaşamağı seçiriksə, bu 6 amilə əməl etməli və onlardan ibrət götürməliyik. Əks halda zillətə və xarlığa düçar olar, mənliyimizi əldən vermiş olarıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.