Hadisə

Koronavirusdan ölən Azərbaycan jurnalistləri - SİYAHI

20 Oktyabr 2021 17:54
0 Şərh     Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus gənc, qoca demədən bir çox insanın həyatına son qoydu. Bu virusdan ölənlər arasında media təmsilçiləri də var. Hesablamalara görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 300-dən jurnalist COVİD-19-a yoluxub. Onlardan 14 nəfəri həyatını itirib. Tez-tez tədbirlərdə qarşılaşdığımız həmkarlarımız artıq həyatda yoxdur... 

Milli.Az lent.az-a istinadən COVID-19-dan dünyasını dəyişən jurnalistlərin bir neçəsini təqdim edir: 

Oktyabrın 19-da tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu uzun müddət koronavirusdan müalicə aldığı "Yeni Klinika"da vəfat edib. O, ECMO aparatına qoşulmuşdu.

Oktyabrın 11-də  koronavirusa yoluxan 25 yaşlı Nurlan Ağa (Salamov) İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. O, Türkiyənin Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırdı.

Ötən il dekabrın 15-də "Azeri Defence" hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Rəşad Süleymanov koronavirus (COVID-19) infeksiyasından vəfat edib. 

İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu da ötən il iyulunda koronavirusa yoluxub. "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilən jurnalist süni tənəffüs aparatına qoşulsa da, təəssüf ki, həyatını xilas eləmək mümkün olmayıb.

Bu ilin yanvarında "Trend" İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da COVID-19-un qurbanları sırasına daxil oldu. 

"Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev ötən il iyulun 2-də müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib. 

AzTV-nin daha bir əməkdaşı, 36 yaşlı rejissor Samir Nemətzadə də ötən il iyulun 1-də koronavirusdan dünyasını dəyişib. 

Milli Məclisin (MM) rəsmi orqanı olan "Azərbaycan" qəzetinin fotoillustrasiya şöbəsinin müdiri, tanınmış foto-jurnalist Fərman Bağırov koronavirusdan vəfat edib. Ötən ilin iyun ayında vəziyyəti ağırlaşan Fərman Bağırov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas eləmək mümkün olmayıb.

Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Ədəbi-dram və folklor verilişləri" Baş redaksiyasının rejissoru Arzu Mövlud (Məmmədova) koronavirusdan vəfat edib.

Avqustun 27-də AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, "Avropa Nəşr Mətbu Evi"nin direktoru, Qarabağ Müharibəsi veteranı, jurnalist Şöhrət Səlimbəyli avqustun 27-də koronavirusdan dünyasını dəyişib.

Gənc jurnalist Oğuz Altay da 32 yaşında koronavirusa məğlub olan həmkarlarımızdan oldu. O, avqust ayının 28-də dünyasını dəyişib. 

Koronavirusun qurbanı olan həmkarlarımıza Allahdan rəhmət diləyirik!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.