Hadisə

Bakıda ucuz viskidən zəhərlənən iki nəfər ölüb, bir nəfər kor olub

24 Dekabr 2019 20:29
18 Şərh     Baxış: 3 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Bakıda güman ki, texniki spirtdən hazırlanmış viskidən zəhərlənənlərin sayı üçə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nərimanov Rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu da var.

Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Həmzəyev Cəlal Ələmdar oğlu özlərini pis hiss ediblər və "zəhərlənmə" diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Klinik Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb.

Oxu.az-a daxil olan məlumata görə, əməliyyatçının dostu C.Həmzəyevin vəziyyəti ağırdır, hər iki gözü kor olub. Əldə edilən məlumatlara görə, gənclər viski içiblər və yeraltı sexlərdə sənaye spirtindən hazırlanan bu içkidən zəhərlənmə ehtimalı yüksəkdir.

"Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir", - polisdən verilən açıqlamada bildirilir.

Qeyd edək ki, bu yaxınlarda mərhum S.Bayramovun ilk övladı dünyaya gəlib.

Dekabrın 24-də axşam saatlarındatexniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbail rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

İstintaq hazırda bu zəhərlənmələrin səbəblərini araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.