Hadisə

Avtomobilini ona verməyən dostunun anasını söydü, bıçaqlandı - Xaçmazda qətl

17 İyul 2019 13:19
3 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Məlik Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, 2018-ci ilin avqust ayının əvvəllərində Məlik Ağayevin tanış olduğu Xaçmaz rayonu, Sibiroba kəndində yaşayan Tural Dadaşov ona "WhatsApp" proqramında tez-tez müxtəlif mövzularda mesajlar yazıb.

Oğlanlar arasında yaranan narahatçılıq

Bu hərəkətləri ilə Tural Dadaşov Məlik Ağayevi narahat edib. Bu səbəbdən Məlik Ağayev 18 avqust 2018-ci il tarixdə mobil telefon nömrəsini bağlayıb.

Məlik Ağayev ertəsi gün səhər saatlarında bağ sahələrində işləyib və evə qayıtdıqda mobil telefonuna Tural Dadaşov və qohumu İbrahim Quliyev tərəfindən bir neçə dəfə zəng edildiyini görüb.

O, İbrahim Quliyevə zəng edərək nə baş verdiyini soruşub. İbrahim isə Tural Dadaşovun onu axtardığını, danışmaq istədiyini bildirib.

Görüşə gəlməsini tələb etdi

Buna görə də Məlik Ağayev Tural Dadaşova zəng edib. Tural Dadaşov onu Xaçmaz rayonu, Nərəcan kəndinə gəlməsini tələb edib.

Bu səbəbdən Məlik Ağayev özünə məxsus "VAZ 2107" markalı avtomobillə Nərəcan kəndinə gedib. Orada Tural Dadaşovla görüşüb.

Avtomobilini almaqla şantaj etdi

Burada Tural Dadaşov rahat söhbət etmək üçün birlikdə Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən "İzmir" kafesinin həyətinə gəliblər. Onlar kafenin "2" nömrəli yay kölgəliyində əyləşərək çay sifariş veriblər.

Söhbət zamanı Tural Dadaşov avtomobilini ona verməsini, əks təqdirdə avtomobilinə narkotik vasitə ataraq onu həbs etdirəcəyini, anasının polis şöbəsinin yollarında qalıb, polis əməkdaşları qarşısında yalvaracağını, qohumlarının şəkillərini yaymaqla təhdid edib.

Anasını söyməsi özündən çıxartdı

Bu təhdidlərdən sonra Tural Dadaşov Məlik Ağayevin və anasının ünvanına nalayiq ifadələr işlədib. Turalın bu hərəkətindən Məlik Ağayev əsəbiləşib.

Buna görə də o, Tural Dadaşovu öldürmək qərarına gəlib. Bu məqsədlə oturduğu stuldan qalxaraq özündə olan bıçaqla Tural Dadaşova çoxsaylı zərbələr endirib.

21 bıçaq zərbəsi və qətl

Məlik Ağayev ümumilikdə Tural Dadaşova 21 dəfə bıçaq xəsarət yetirib. Tural Dadaşov aldığı xəsarətdən ölüb. Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törədən Məlik Ağayev həbs edilib.

İstintaq orqanı tərəfindən Məlik Ağayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

10 il cəza

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Məlik Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf cəzanın həddindən artıq yüngül olmasından şikayətçi olublar. Zərərçəkmiş şəxsin hüquqi varisi Məlik Ağayevin cəzasının ağırlaşdırılmasını istəyib.

Hökmdən narazılıq və şikayət təmin edilmədi

Hökmdən təqsirləndirilən Məlik Ağayev də narazı qalıb. O, mərhumu öldürmək fikri olmadığını qeyd edib. Bildirib ki, mərhumu bıçaqla vurandan sonra onu xəstəxanaya çatdırmaq üçün köməyə adam çağırıb. O, sonra əməlindən peşman olmasını, polisə könüllü təslim olmasını yüngülləşdirən hal kimi qəbul edilməsini xahiş edib.

Məlik Ağayev əməlini Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsini istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, hər iki tərəfin şikayəti təmin olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.