Hadisə

İşğal edilmiş ərazilərimizdə qanunsuz qazıntı aparmaqdan imtina etmiş alimin 100 illik yubileyi qeyd olunacaq - FOTO

15 Yanvar 2018 11:12
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Elmlər Akademiyasında işğal edilmiş ərazilərimizdə qanunsuz qazıntıların aparılmasında iştirak etməkdən imtina etmiş görkəmli alimin 100 illik yubileyi qeyd olunacaq.

Milli.Az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, yanvarın 13-də Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət İnstitutunun aparıcı elmi əməkdaşı, İnstitutun paleolit şöbəsinin məsləhətçisi, tarix elmləri doktoru, professor Vasili Prokopiyeviç Lyubinin 100 yaşı tamam olub. Elmi fəaliyyəti dövründə dünya şöhrətli arxeoloq rəhbəri olduğu çöl tədqiqatlarında bir sıra paleolit və mezolit dövrü düşərgələrini aşkar edib, Şimali və Cənubi Qafqazın, o cümlədən Azərbaycanın, həmçinin, Türkmənistanın və Afrika qitəsinin daş dövrü abidələrinin tədqiqatlarında iştirak edib.

Professor V.Lyubin dünyaca məşhur mərhum Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovla uzun müddət əməkdaşlıq edib, paleolit dövrü arxeologiyası üzrə azərbaycanlı mütəxəssislərin formalaşmasında önəmli rol oynayıb.

Qeyd edək ki, professor V.P.Lyubin həqiqi ziyalı və alim əxlaqına malik olaraq, işğal edilmiş Azərbaycan torpaqlarında paleolit və mezolit dövrünə aid abidələrdə (Azıx mağarası, Quruçay hövzəsi) tədqiqat aparmaq barədə erməni qəsbkarları tərəfindən ona edilmiş təklifləri qətiyyətlə rədd edib, işğal edilmiş ərazilərdə qanunsuz qazıntıların aparılmasında və qanunsuz tədqiqatlarda iştirak etməyin alim və ziyalı etikasına sığmadığını bildirib.

15-16 yanvar tarixlərində Rusiya Elmlər Akademiyasında görkəmli alimin yubileyi ilə əlaqədar tədbirlər keçiriləcək. Yubiley tədbirlərində respublikamızı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov təmsil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.