Hadisə

Azərbaycanın özlərini partladan kəşfiyyatçılarının dəfnindən 20 il ötür - FOTO

16 Oktyabr 2017 12:26
5 Şərh     Baxış: 5 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün II Fəxri xiyabanda Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının torpağa tapşırılmasının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, anım mərasimində kəşfiyyat rupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov, kəşfiyyat qrupunda iştirak etmiş Aqil Əhmədov, general-mayor Mayıs Barxudarov, qazi Rey Kərimoğlu, Aprel döyüşlərinin qaziləri və şəhidlərin yaxınları iştirak ediblər.

Onlar şəhidlərin məzarı üzərinə tər güllər qoyublar.

X.Baxışov bildirib ki, 1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. O qeyd edib ki, döyüşçülər erməni mühasirəsinə düşsə də, üç gün təslim olmayıblar: "Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur. Həmin hərbçilərmizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir götürülür. Ulu öndər Heydər Əliyevin səyi nəticəsinədə həmin şəhidlərimizin nəşini 6 aydan sonra ermənilərlə dəyişə bildik. 1997-ci il oktyabr ayının 16-da onları dəfn etdik".

Kəşfiyyat qrupunun sağ qalan üzvü Aqil Əhmədov isə xatırladıb ki, 1997-ci ilin aprel ayında Müdafiə Nazirliyinin Kəşfiyat İdarəsi tərəfindən verilmiş tapşırıq əsasında, düşmən arxasında xüsusi döyüş tapşırığı yerinə yetirən zaman 7 kəşfiyatçımız şəhid olub: "Mən həmin döyüşdə ağır yaralanmışam və ermənilər tərəfindən hüşsuz vəziyyətdə əsir götürülmüşəm. Bir il on bir ay erməni əsirliyində qalmışam. Valideyinlərimin və yaxınlarımın ulu öndər Heydər Əliyevə müraciətindən sonra isə dövlət səviyyəsində dəyişdirilərək Vətənə qaytarılmışam. Hazırda birinci qrup Qarabağ müharibəsi əliliyəm. Döyüş yoldaşlarıma Allah rəhmət eləsin".

Sonra şəhidlərin yaxınları və övladları çıxış edərək onlar haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, 1997-ci ilin aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçıları - Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov cəhbənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak ediblər. Aprel ayının 10-da isə onlar erməni mühasirəsinə düşüb, lakin təslim olmayıblar və özlərini partladıblar. Kəşfiyyat qrupunun sağ qalan yeganə üzvü isə Aqil Əhmədov olub. Daha sonra şəhdilərimiz erməni tərəfindən dəyişdirilib və 1997-ci ilin oktyabr ayının 16-da II Fəxri Xiyabanda dəfn olunublar.

Şəhid olmuş 7 kəşfiyatçının hamısı Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.