Ötən gecə Bakının Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, "BMW F10" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dəmir arakəsmələrə çırpılıb.
Məlumata görə, avtomobildə cinsi azlıq nümayəndəsi Ləman Qəhrəmanova və sevgilisi olub.
Hər iki şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
İddiaya görə qəzaya səbəb onların təqib olunması olub. Belə ki, L.Qəhrəmanova və sevgilisi bir şəxsə qarşı dələduzluq ediblər, bundan sonra mübahisə yaranıb. Qarşı tərəf hüquqmühafizə orqanlarına da məlumat verib. L.Qəhrəmanova və sevgilisi hadisə yerindən qaçmaq istəyərkən sürət həddini aşıb və qəza baş verib.
Kliniki Tibbi Mərkəzdən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 23.01.2026-cı il tarixində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
2004-cü il təvəllüdlü (kişi) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
1999-cu il təvəllüdlü (qadın) şəxsə onurğanın bel şöbəsinin sınığı diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Mehman Əsədov
Milli.Az





