Səhiyyə

Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı öz işinə başlayıb - FOTO

31 May 2018 11:28
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu mühüm tədbir Avropa Tibb Assosiasiyaları Forumunun həqiqi üzvü olan Azərbaycan Tibb Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunub.

Tədbirdə ilk çıxış edən Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli bildirib ki, konfransın Bakıda keçirilməsi səhiyyəmizin inkişafına böyük töhfə verəcək. Assosiasiya haqqında məlumat verən N.Səfərli söyləyib ki, Azərbaycan Tibb Assosiasiyası 2000-ci ildən Avropa Tibb Assosiasiyaları Forumunun və 2002-ci ildən Dünya Tibb Assosiasiyasının həqiqi üzvüdür: "Yarandığı vaxtdan etibarən Assosiasiya ölkəmizdə təbabətin inkişaf etdirilməsində və keyfiyyətli tibbi xidmətin təşkil olunmasında yaxından iştirak edir. Qurumun əsas məqsədləri həkimlərin hüquq və maraqlarının qorunması, həkimlərin təkmilləşdirilməsi və əhalinin tibbi maarifləndirilməsidir".

Assosiasiya sədri qeyd edib ki, konfransda forumun üzvləri olan milli tibb assosiasiyalarının liderləri ideya və təcrübələri ilə bölüşəcəklər.

Daha sonra çıxış edən Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner tədbirin Bakıda keçirilməsinin mühüm əhəmiyyətini qeyd edib. O bildirib ki, konfransda müzakirə olunacaq mövzular həm Avropa ölkələri, həm də Azərbaycan səhiyyəsi üçün vacibdir.

Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Tibb Assosiasiyanın Rəyasət heyətinin sədri Rəşad Mahmudov qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı və Dünya Tibb Assosiasiyanın bu gün bir araya gəlməsi səhiyyə və təbabətin qlobal problemlərinin həlli yollarını və inkişaf strategiyalarını müzakirəsi çox mühüm tarixi hadisədir. Onun sözlərinə görə, Avropa səhiyyəsinin və təbabətinin hazırki təcrübəsinin bu mühüm tədbirdə səsləndirməsi hər bir iştirak edən ölkə üçün çox vacibdir: "Hesab edirəm ki, səhiyyə sistemində davamlı inkişafın təmin olunmasında gələcək islahatların həyata keçirilməsində əsasən ölkəmiz üçün aktual bu mövzular ətrafında dinlənilən beynəlxalq ekspertlərin tövsiyələrindən və inkişaf etmiş ölkələrin təcrübələrindən faydalanmalıyıq".

Daha sonra R.Mahmudov qeyd edib ki, əhalinin sağlamlığının qorunmasında və səhiyyə sisteminin inkişafında ən vacib məsələlərdən biri olan icbari tibbi sığortanın tətbiqi həmişə dövlətimizin və Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Əminəm ki, konfransda məruzəçilərin qeyd etdikləri Avropa təcrübəsi hazırda respublikamızda pilot layihə şəklində həyata keçirilən icbari tibbi sığorta sisteminin inkişafına öz töhfəsini verəcək".

Deputat söyləyib ki, bu gün ölkəmiz iri miqyaslı beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir: "Səhiyyə sahəsində də bu cür tədbirlərin həyata keçirilməsi çox önəmlidir və gələcəkdə respublikamızın səhiyyə sahəsində beynəlxalq tədbirlərə ev sahibliyi etməsini arzu edirik".

Konfransın açılış mərasiminin sonunda iştirak edən beynəlxalq təşkilatların liderləri diqqətinə dünyada anadangəlmə ürək qüsurlu uşaqların gələcək müalicəsinə həsr olunan Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyanın hazırladığı "Ürəklər Susmasın" adlı səhiyyə sahəsində Azərbaycanın ilk qısametrajlı sosial çarxı nümayiş olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.