Sağlamlıq

Həkim-pediatr: Uşaqların bədənində əmələ gələn səpkilər COVID-19-un əlaməti ola bilər

28 Noyabr 2021 22:40
0 Şərh     Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərisində səpkilərin yaranması ilə yanaşı, uşağın bədən temperaturu da yüksəkdirsə, bu, yoluxucu xəstəliyin simptomu ola bilər. Valideynlər adətən bunu allergiya adlandırsalar da, belə deyil. Allergiya zamanı da hərarət yüksəlir, lakin qısa müddət və kəskin halda davam edir. Bir sözlə, bu hal bir neçə xəstəliyin xəbərçisi ola bilər. Həmçinin tibbin gündəmi olan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnən uşaqların bədənində səpkilər əmələ gəlir. COVID-19-un ağırlaşması hesab edilən Mis-C sindromu da kavasaki sindromu ilə oxşardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər həkim-pediatr Aytən İsmayılzadəyə məxsusdur.

Uşaqlarda səpki və hərarətlə müşayiət olunan virus xəstəlikləri barədə danışan həkim-mütəxəssis deyib: "Hərarətli günlərdən sonra ağız ətrafında yaranan səpkilər uşağın əllərinə və ayaqlarına da yayılır. Körpələrdə isə səpkilər hətta bütün ayaq və qolu, ağız, dil və boğazı da əhatə edə bilər. Bu, koksaki virusunun əlamətidir. Koksaki virusu zamanı yarana səpkilər gövdəyə yayılmır. Xoralaşmağa meyilli və göynədici səpkilərdir. Belə olan halda, səpkiləri aradan qaldırmaq üçün xüsusi tədbir görməyə ehtiyac yoxdur, bir həftə ərzində səpkilər öz-özünə yox olur. Hətta böyük yaşlı (6-7) uşaqlar koksaki virusuna yoluxduğu zaman onlarda hərarət yüksəlməyə bilər.

Əgər yüksək hərarət davam etdikcə gözlər qızarırsa, bütün bədəndə, xüsusilə də gövdə və gövdəyə yaxın yerlərdə sıx yerləşmiş xırda və tikan kimi səpkilər varsa, bu, qızılca virusunun əlaməti ola bilər. Qızılcaya yoluxduğu zaman uşaq özünü çox narahat və halsız hiss edir və bədəm temperaturu yüksəlir.

Uşağın bədən temperaturu çox az yüksəldikdə və ya normada olduğu halda belə bədəni səpirsə və bu səpkilər saç kökləri olan hissədən başlayıb bədənə yayılırsa, su çiçəyi virusundan şübhələnmək lazımdır. Su çiçəyi virusuna görə bədənə yayılan səpkilərin içi sulu olur və güclü qaşıntı verir. Həmin virus uşaqlarda ağırlaşmalara səbəb ola bilər. Ona görə də mütləq ehtiyatlı davranmaq lazımdır".

A.İsmayılzadə, həmçinin səpkilərə səbəb olan digər virus infeksiyaları barədə də məlumat verib. O bildirib ki, hərarət olmadan yaranan sulu səpkilər sonradan kənarlara doğru dərini açaraq yayılır, sulanır, üstü kərtmək bağlayır və artırsa bu "sarı yara"dan xəbər verir. Belə streptodermiya və ya impetiqo xəstəlikləri mikrob mənşəli olduğu üçün müalicəsi antibiotiklər vasitəsilə aparılır.

Uşağın hərarətinin yüksəlməsi ilə yanaşı, onun boyun limfa düyünləri böyüyür, özünü halsız his edir və solğun dəri üzərində xırda səpkilər yaranırsa, bu, məxmərək ola bilər. Qızılca kimi məxmərək də ağırlaşmaya səbəb ola bilər, ona görə də bu simptomlar müşahidə edilən zaman həkim-mütəxəssisə mütləq müraciət etmək lazımdır.

Hərarət fonunda çox halsızlıq, limfa düyünlərinin şişməsi, güclü boğaz ağrısı, qaraciyərin böyüməsi və yanaşı olaraq səpkilər müşahidə edilirsə, infeksion mononukleoz xəstəliyindən şübhələnmək olar. Həmin xəstəliyə yoluxan uşaq infeksionist tərəfindən müayinə və müalicə olunmalıdır".

Həkim-mütəxəssis uşaqlarda rast gəlinən skarlatina və rozeola virus infeksiyaları barədə danışıb.

"Uşağın bədəni, hətta əllərinin içi və ayağının da səpirsə, dili, yanaqları və boğazı qıpqırmızıdırsa, skarlatinaya yoluxmuş bilər. Həmin uşaqların ilk həftə ərzində antibiotik qəbul etməsi mütləqdir. Bu xəstəlik ürək və böyrəklərdə ciddi fəsadlara səbəb ola bilər. Bundan başqa, uşaqların bədənində 3-5 gün davam edən yüksək hərarətdən sonra əmələ gələn ləkəli və solğun səpkilər rozeola xəstəliyinin əlamətləridir", - deyə həkim-pediatr əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.