Sağlamlıq

Vüqar Cavadzadə: Risk qrupuna daxil olan vətəndaşlar buster doza ilə peyvəndləməyə tələsməlidirlər

18 Oktyabr 2021 21:35
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buster doza yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiyanın üçüncü mərhələsidir. Vaksinasiyanın 2 mərhələsindən sonra qanda yaranan anticisimlərin miqdarı 6 aydan sonra azalmağa başlayır. Buster doza ilə peyvəndləmənin əsas məqsədi də anticisim sintezini sürətləndirməkdir. Qüvvətləndirici doza qanda anticisimlərin yüksək səviyyədə qalmasını təmin edir. Bu, infeksiya ilə yoluxma ehtimalını azaldır, xüsusilə də xəstələnən zaman xəstəni kəskin ağırlaşmalardan qoruyur.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə deyib.

Həkim-mütəxəssis bildirib ki, buster doza xüsusilə risk qrupuna daxil olan vətəndaşlara vurulmalıdır: "COVID-19 infeksiyasının risk qrupuna tibb işçiləri və ümumən kütləvi ictimai məkanlarda işləyənlər, yaşı 50-dən yuxarı olanlar, xroniki və ciddi yanaşı xəstəliklərdən əziyyət çəkənlər aiddir. Hətta vətəndaşın yaşının az olmasına baxmayaraq, yanaşı xəstəliklər mövcuddursa, buster doza ilə peyvəndlənə bilər".

V.Cavadzadə, həmçinin son günlər yoluxma sayında müşahidə edilən artım barədə də danışıb və qeyd edib ki, ölkədə koronavirusun "delta" ştamı sürətlə yayılır: "COVID-19-un simptomlarında hansısa dəyişiklik yoxdur, lakin bəzi əlamətlər "delta" ştamı ilə yoluxma zamanı daha kəskin müşahidə edilir. Misal üçün, əvvəlki ştamlarda yüngül keçən boğaz ağrısı və ya baş ağrıları "delta" ştamı ilə yoluxmada daha şiddətli olur. Bundan başqa, burun tutulması, kürək və bel ağrıları, bəzi hallarda səsin dəyişməsi də simptomlar arasındadır. "Delta" variantını hansısa klinik əlamətlərinə görə digərlərindən konkret olaraq fərqləndirmək mümkün deyil. İstənilən halda, koronavirusu daha yüngül keçirmək üçün vaksinasiyada iştirak etmək lazımdır. Risk qrupuna daxil olan vətəndaşlar isə buster doza ilə peyvəndləməyə tələsməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.