Sağlamlıq

Çölyak xəstəliyindən əziyyət çəkən uşaqlarda çəkidən geriqalma və ishal qeydə alınır

8 İyun 2020 23:10
0 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün dünyada yayılan seliakiya və ya çölyak xəstəliyi genetik pozulmadır. Belə xəstəlikdən əziyyət çəkən uşaqların bağırsağına çox az miqdarda belə qlütenli qida - un məmulatı, çörək, buğda, makaron növləri, süd, mannı sıyığı, aşağı sortlu kolbasa, sosis, o cümlədən konfet, dondurma, mayonez, kofe, kakao, ketçup və s. düşərsə, nazik bağırsağın divarlarında atrofiyalar nəticəsində xovların sayı dəfələrlə azalır, iltihab yaranır. Nəticədə onlarda çəkidən geriqalma, ishal, nəcis xarakterinin pozulması, polifekaliya, ödemlər, erkən kariyes, D vitamini defisi nəticəsində raxit, qusma, qarında ağrılar, dəmir və bir çox vitaminlərin çatışmazlığı ilə əlaqədar immunitetin zəifləməsi qeydə alınır. Valideynlər bu zaman diqqətli olmalıdırlar. Belə ki, əgər uşaqlar belə qidaları qəbul edəndən sonra həmin hallar təkrarlanırsa, ciddi müayinəyə ehtiyac var. Odur ki, gecikmədən pediatra müraciət etsinlər. Çünki bu, bağırsaqda xoralara kimi gətirib çıxara bilər.

Milli.Az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova deyib.

Pediatrın sözlərinə görə, xəstəliyə antiqliadin antitel təyini, onikibarmaq bağırsağın distal hissəsinin biopsiyası, 6 ay qlütensiz pəhrizdən sonra əlamətlərin yaxşılaşması, koproqramda zonulin zülalının artmasının qeydə alınması nəticəsində diaqnoz qoymaq olar. Xəstəliyin müalicəsi qlütensiz pəhrizdir.

"Əksər insanlarda xəstəlik gizli keçir, bəzən isə kəskin formada özünü göstərir.

Xəstəlikdən əziyyət çəkənlər qarğıdalı, düyü unundan bişirilmiş çörək yeyə bilirlər. Bundan başqa, arıqlamaq istəyənlər, səpkiləri olanlar, diabet və revmatoid artritdən əziyyət çəkənlər də qlütensiz qidalara üstünlük verirlər.

İnsanların qlütensiz qidalanma ilə bağlı maarifləndirilməsi vacibdir. Digər ölkələrdə olduğu kimi ölkəmizdə fəaliyyət göstərən supermarketlərdən də qlütensiz qidalar əldə etmək mümkündür. Hətta supermarketlərdə qlütensiz qida adlanan şöbələr də mövcuddur. Qlütensiz qidalar digər qidalardan qablaşdırmalarında buğda şəklinin üzərindən xətt çəkilməsi və ya "free gluten" yazılması ilə fərqlənir", - deyə G.Cavadova qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.