Sağlamlıq

Ürəyimizi sərinlədə biləcək sərinləşdirici içkilər

16 İyun 2019 22:20
0 Şərh     Baxış: 1 041

Mütəxəssislər deyir ki, şirin, qazlı, energetik içkilər orqanizmin suya olan ehtiyacını ödəmir, əksinə, daha çox susuzluğa səbəb olur

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq qızmar yay günlər başlayıb. İsti havalarda insanlar yeməkdən daha çox, müxtəlif növ içkilər qəbul etməyə üstünlük verirlər. Qazlı, energetik içkilər, müxtəlif meyvə şirələri bu aylarda xüsusilə çox istifadə olunur. Bəs görəsən bu içkiləri düzgün formada qəbul edirikmi? Ümumiyyətlə, onların orqanizmə hansı fəsadları ola bilər? Yayın cırhacır istisində sərinlik tapmaq üçün hansı içkiləri qəbul etmək məsləhətdir?  

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, yay aylarında insanlar daha çox içkiləri çox soyuq halda içməyə üstünlük verirlər. Əslində bu, düzgün deyil: "Çünki qida borusuna birdən-birə aşağı temperaturlu maye, yaxud yad cisim düşdükdə orqanizmdə ciddi fərq yaranır. Nəticədə yuxarı tənəffüs yollarında bəzi infeksiyalar fəallaşmağa başlayır. Yay aylarında soyuqdəymə xəstəliklərinin artmasının əsas səbəbi də məhz budur. Ona görə də, sərinləşdirici içkiləri orta temperaturda qəbul etmək lazımdır. Dondurucudan çıxarılan buz kimi meyvə şirələrini, yaxud digər içkiləri qəbul etmək olmaz. Ümumiyyətlə, hesab edirəm ki, qazlı içkilərdən mümkün qədər az istifadə etmək lazımdır. Çünki bu içkilərin insan orqanizminə vurduğu zərər haqda xeyli müddətdir ki, danışırıq. Bu haqda mətbuatda həddən çox yazılar dərc olunub. Qazlı içkilər xüsusilə qadınlara daha çox ziyandır. Bu içkilər hamiləlik dövründə müxtəlif fəsadlara yol aça bilir. Ona görə d, yaxşı olardı ki, qazsız olan içkilərdən daha çox istifadə edilsin. Məsləhət görərdim ki, isti havalarda daha çox, adi sudan istifadə edilsin. Azərbaycanda istehsal olunan müxtəlif meyvə şirələrinin tərkibi heç də deyildiyi kimi təbii deyil. Bu şirələrin çoxunun tərkibi kimyəvi maddələrdən və konservantlardan ibarətdir. Yaxşı olar ki, ev şəraitində hazırlanan meyvə şirələrindən, yaxud kompotlardan istifadə olunsun. Çünki satışda olan şirələrin əksəriyyətinin tərkibində orqanizmə zərərli maddələr var. Bu məhsulların çoxu reklam edilir və geniş istifadə olunur. Kimlərinsə korporativ maraqlarına xidmət edir deyə, ölkənin genefonduna ziyan vurmaq olmaz. Düşünürəm ki, sağlam qidalanma ilə bağlı təbliğat və maarifləndirmə işlərini daha da gücləndirmək lazımdır". 

Dietoloq Tutu Zeynalovayay aylarında orqanizmdə mayeyə olan ehtiyacın daha da artdığını bildirdi. Əgər qışda 1,5-2 litr su qəbul ediriksə, yay aylarında bu rəqəm 2,5-3 litr olmalıdır: "Çünki yayda daha çox tərləyirik və orqanizmimiz çox su itirir. Amma yaxşı olardı ki, orqanizmin maye tələbatı sərinləşdirici içkilərlə deyil, su ilə ödənsin. Çünki sərinləşdirici içkilərin böyük əksəriyyəti qazlı içkilərdir. Bu içkilərin böyük miqdarda qəbulu tövsiyə edilmir. Həmin içkilər orqanizmində qan şəkərinin dalğalanmasına səbəb olur. Buna görə də, həmin içkilərdən təkrar-təkrar istifadə ehtiyacı yaranır. Kafein tərkibli içkilər sidikqovucu olduğu üçün orqanizmdən suyu çıxarır. Yəni bu içkilər maye ehtiyacımızı ödəmir. Ona görə də, adi su qəbulu daha yaxşıdır. Ev şəraitində içdiyimiz suları müxtəlif cür dadlandıra bilərik. Suya müxtəlif meyvələr atıb şəkərsiz kompot hazırlaya bilərik. Həmçinin, meyvələrdən müxtəlif kokteyllər də hazırlamaq olar. Tərkibində su üstünlük təşkil edən meyvə və tərəvəzlərdən istifadə etmək daha məsləhətlidir. Şirin, qazlı, energetik içkilər orqanizmimizin suya olan ehtiyacını ödəmir. Əksinə, onlar daha çox susuzluğa səbəb olur. Dünyada tapa biləcəyimiz ən gözəl içki sudur. Bəzən azyaşlı uşaqların energetik içkilərdən istifadə etdiyinin şahidi oluruq. Bu, birmənalı olaraq qadağan edilməlidir. Avropada bu içkilər məktəblərdən 3 km aralıda satılır. Valideynlər bu məsələyə xüsusi diqqət etməlidir. Nəinki uşaqlar, hətta böyüklərin də energetik içkilərdən istifadə etməsi məqbul deyil. İstifadə edənlərə isə məsləhət görülür ki, gündə müəyyən miqdarda bu içkidən içsinlər. Gün ərzində 5-6 energetik içkidən istifadə edənlər var. Bu, qətiyyən düzgün deyil". 

Pediatr Kənan Qarayev qeyd etdi ki, yaş həddindən asılı olmayaraq, bütün uşaqlar sərinləşdirici içkilərin qəbul edilməsinə diqqət etməliirlər: "Həddən artıq soyuq şəkildə içkilərin qəbul edilməsi yolverilməz haldır. Yay aylarında uşaqlar bol maye qəbul etməlidir. Amma bu mayenin temperaturu otaq temperaturunda olmalıdır. Uşaqlara qazlı və rəngli içkilərin verilməsi məsləhət deyil. Valideynlər bu məsələyə diqqət etməlidir. Çünki bu içkilərin tərkibində müxtəlif kimyəvi qatqılar var. Həmin içkilərin tərkibində olan qarışıqlar uşaqların gələcəyinə və sağlamlığına mənfi təsir göstərir. Misal olaraq, müxtəlif allergik xəstəliklərini, dəri xəstəliklərini, mədə-bağırsaq problemlərini göstərmək olar. Bu içkilər orqanizmdə metobolizmanın pozulmasına səbəb olur. Nəticədə uşaqlarda piylənmə və kökəlmə halları geniş yayılır. Qazlı içkilər xərçəng hüceyrələrinin inkişafına şərait yaradır. Yaxşı olar ki, uşaqlara qazlı və rəngli içkilər verilməsin. Həmçinin plastik qablarda olan içkilərdən uşaqları uzaq saxlamaq lazımdır. Xüsusilə, plastik qabda olan içkilər soyuq və qazlıdırsa, bu, yolverilməz haldır. Uşaqlara içki alarkən onun şüşə butulkada olmasına diqqət etmək lazımdır. Energetik içkilər isə ümumiyyətlə, heç kimə tövsiyə olunmur. Valideynlər bəzən bu məsələyə birmənalı yanaşmır. Ona görə də, maarifləndirmə işləri aparmaq lazımdır. Çünki uşaqların energetik içkilərdən istifadə etməsinin çox ciddi fəsadları olur. Bu, özünü indi büruzə verməsə də, gələcəkdə sonsuzluğa, xərçəngə, maddələr mübadiləsinin pozulmasına, fiziki inkişafdan geri qalmaya, hətta sinir sistemində ciddi patologiyalara yol aça bilir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.